Araz Əlizadə:
Hər biri zərərsiz adi bir tük ki,
Çiyinlərində var çox ağır yük ki,
Onlarda iddia elə böyük ki,
Yarada bilməzlər bir ciddi qurum.
Fuad Qəhrəmanlı:
Onlara güc verir dalğalı Xəzər,
Reytinqi artanda xarici bəzər,
"İP" təkrarsız, gözəl bloka bənzər,
Bizlərdə hələ ki, labüddü durum.
Araz Əlizadə:
Qəbristanda köhnə leş qurdalayın,
İş bacarmazsınız beş qurdalayın,
Limonlu çay içib diş qurdalayın,
Gedin siz çıtlayın çayxanada tum.
Fuad Qəhrəmanlı:
Bosslar qan dedilər, biz dərhal qandıq,
Qərb vəsait verdi lap sandıq-sandıq,
O qədər tükənməz qrant qazandıq,
Azdı səhrada da bu qədər toz, qum.
Araz Əlizadə:
Abrını ətəyə bükməkdə Əli,
Sənə yekə torba tikməkdə Əli,
Qrant çətinliyi çəkməkdə Əli,
Ay İsa, pul üçün sən xaricə cum.
Fuad Qəhrəmanlı:
Əli də, İsa da çox böyük zabit,
"İP"-ə toplaşanlar pak irfan zahid,
Köhnələr yerində dayanıb sabit,
Yeni liderlərə ilişər torum.
Araz Əlizadə:
"İP"-də yanmayacaq heç vaxt gur ocaq,
Olmaz münasibət, sözsüz ki, sıcaq,
Nə blok nə, birlik alınmayacaq,
Yeganə yeriniz dibsiz uçurum.
Fuad Qəhrəmanlı:
Bizə oxşamaqçün yarış, mod gedir,
Liderlər arası qızğın od gedir,
"İP"-də, "6-lar"da işlər xod gedir,
Sən get ASDP-ndə öz ağzını yum.
Araz Əlizadə:
Tezliklə işləri xitamlarsınız,
Səfehlər, naqislər, avamlarsınız,
Siyasətdən kənar adamlarsınız,
Sizə işləməkçün lazımdı bir SUM.
Fuad Qəhrəmanlı:
Nə başqa bir arzum, inayətim yox,
Həmkarlar yanında cinayətim yox,
Mənim liderlərdən şikayətim yox,
Bu gün rəvan davam etməkdə xorum.
Araz Əlizadə:
Sizin əlinizlə adi bir sancaq,
Yaxada mükəmməl dayanmaz ancaq,
Sizdə nə bir iclas, nə bir yığıncaq,
Nə də keçməyəcək heç bir dinc forum.
Fuad Qəhrəmanlı:
Mən belə olmuşam 20 il əvvəl,
Yükümü çəkməyə acizdi 10 kəl,
Özümü hiss etdim daim mükəmməl,
Çətinlik olsa da, çıxmamış şorum.
Araz Əlizadə:
Daimi peşəniz qalmaqal, nifaq,
Sizlər dağıdansız bloklar, tifaq,
Yarada bilməzsiz birlik, ittifaq,
İstəmirəm səni mən təkrar yorum.
Fuad Qəhrəmanlı:
İflasa apardıq doğmanı-yadı,
Bizə tay olmamış nə Hadı, Bıdı,
İsa da, Əli də inqilabçıdı,
Zirvədə dayanır o Tomas Morum.
Araz Əlizadə:
Ən yaxşı adınız siyasi oğru,
Heç vaxt dilinizdən çıxmadı doğru,
Yönünüz hazırda süquta doğru,
Sizlərin alnına nəhs möhür vurum.
Fuad Qəhrəmanlı:
Boss qrant vermədi, bu, bir zərbədi,
Niyyətlər, diləklər, sözsüz, hərbədi,
Bizim liderlərin yönü Qərbədi,
Kəfənim yırtılıb, çatlasın gorum.
Araz Əlizadə:
Liderlərdən gələn əzabdasınız,
Simi tarım olmuş mizrabdasınız,
Burunlu-qulaqlı girdabdasınız,
Sizə bir savabdı mənim bir çorum.
Fuad Qəhrəmanlı:
Hər bir opponentə hərif söylədim,
İsaya tərifi zərif söylədi,
Əliyə o qədər tərif söylədi,
Xeyli zədələnib başda şüurum.
Araz Əlizadə:
Hər gün qalmaqalda və "ÇP"-də siz,
Veyilləndiniz də LDP-də siz,
Gəlib məskunlaşın ASDP-də siz,
Sizin "İP"-inizdə mən blok qurum.
Fuad Qəhrəmanlı:
Haraya əl atdım xata yetişdi,
Əlidən də mənə qada yetişdi,
Nə İsanın bossu dada yetişdi,
Tıxacla qapandı bir qida borum.
Araz Əlizadə:
Sizin bazarınız bağlanıb "İP"-də,
Bir xeyir tapmazsan Əli tək tipdə,
İndi gəzməyəcək liderin cipdə,
Sən get avaralan, mən qulaq burum.
Fuad Qəhrəmanlı:
"İP"-dən çıxıb gedən lüt Pənahım var,
Kütlələr önündə yüz günahım var,
ASDP-çilərə etirafım var,
Az qalıb bu əskik yerimdən durum.
MİRZƏ QƏRƏNFİL