PDF Oxu

Köşə

  • 1 269

Pənah “İctimai Palata”da “Kölgə Kabineti” yaratmağa çağırır

Pənah “İctimai Palata”da “Kölgə Kabineti” yaratmağa çağırır

Pənah Hüseynov:


Gözəl fikirləri qorutmalı "İP",

Özünü qurum tək yarıtmalı "İP",

"Kölgə Kabineti" yaratmalı "İP",

Geri qayıdaram mən də o zaman.


Ədalət Yusifov:


Söksün "palata"nı, eyləyibdi qət,

Keçmişdən qalıbdı onda bu adət,

"KŞ" qərarına göstərmir hörmət,

Pənah öz fikrində haqsızdı yaman.


Pənah Hüseynov:


Mən "İP"-i tərk etdim, görəndə batdım,

Hər bir tədbirində doyunca yatdım,

"Kölgə Kabineti" müsbətə addım,

"İP"-in içərisi pambıq yox, saman.


Ədalət Yusifov:


"İP" də təklifiylə sökülməyəcək,

Başına qrantlar tökülməyəcək,

Haraya üz tutsa çəkilməyəcək,

Pənahın başının üstündən duman.


Pənah Hüseynov:


Qafqaz dağlarında çəkərik kefi,

Mən əmin etmişəm hər iki şefi,

Qəbul etsəydilər "İP"-də təklifi,

Özüm təbə gəlib çalardım kaman.


Ədalət Yusifov:


Təhlükə yaratmır cinah sindromu,

Bu şəxs başdan-başa günah sindromu,

"İP"-də diqqət çəkmir Pənah sindromu,

"Təklif bəyənilər?" etmirəm güman.

Pənah Hüseynov:


Mən onu əzəldən saymışam məqbul,

Mənim bu ideyam verəcək məhsul,

Sözsüz ki, iddiam edilər qəbul,

Daim gerçəkləşir ürəyə daman.


Ədalət Yusifov:


Onu qəbul etməz nə İsa, Əli,

O, təklif də sürür gic, dəli-dəli,

Boşda qalacaqdı Pənahın əli,

Əli boşda qalar çox şeyi uman.


Pənah Hüseynov:


Qüdrətim artıqdı, "palata" sökər,

İnşallah, tezliklə "İP"-iniz çökər,

Qəbul edilməsə təklifim əgər,

Nə görkəmə düşər o zaman səman?


Ədalət Yusifov:


Adam var əməli hey başda qalar,

Pis əməl sahibi, bil, boşda qalar,

Yaxşı təklif verən yaddaşda qalar,

Sərsəm təklif verən edər ah-aman.


Pənah Hüseynov:


"İP" Qərbə meyilli, Şimal açıram,

Kiçicik hücrəmdə amal açıram,

İdeyam sönəndə, mən fal açıram,

Mənim köməyimə yetişir şaman.

Ədalət Yusifov:


Müstəqil olan kəs heç qul edilməz,

Jüridə pis təklif məqbul edilməz,

Sözsüz ki, təklifin qəbul edilməz,

O zaman qaralıb dəyişər siman.


Pənah Hüseynov:


Hazırda özümü xəcalət boğur,

Məndə ideyama bir şübhə doğur,

Taktiki gedişim qazansa uğur,

Məni ağuşuna alacaq iman.


Ədalət Yusifov:


Həyata keçməzdi niyyətin qəti,

Sən öz fikirinə gətir ən bədi,

Elə ki, təklifin gerçəkləşmədi,

Xaricə aparmaz səni bir liman.


Pənah Hüseynov:


Kütləşib azalsa siyasi zorum,

Qəbul eyləməzsə məni bir qurum,

Sınarsa "ideya generatoru"m,

Girib internetə taparam roman.


Ədalət Yusifov:


Amal xaralında çox kifləşibdi,

Taktiki gedişin xəfifləşibdi,

Artıq ideyan da zəifləşibdi,

Heç kəsi cəlb etmir sənin puç teman.

Pənah Hüseynov:


Mən liderlərinə çox vermişəm beh,

Dirçəltməz "İP"-i də heç bir xəfif şeh,

Sən "İP"-in adi bir üzvü tək səfeh,

Nəsə yaradacaq xəyala cuman.


Ədalət Yusifov:


Başının üstündə şimşək də çaxmır,

Nə İsa, nə Əli üzünə baxmır,

Səni bir qurum da yaxın buraxmır,

Əlindən alınıb AXP koman.


Pənah Hüseynov:


Həmişə əllərdə olubdu yaxam,

Olub doğulandan əynimdə çuxam,

Düz 20 ildi ağzı açığam,

Çıxıb siyahıdan ağzını yuman.


Ədalət Yusifov:


Salmaqda cismini dara buludlar,

Vurub ürəyinə yara buludlar,

Səni təhdid edir qara buludlar,

Gedib ayağına dolaşır tuman.


Pənah Hüseynov:


Nəyinə lazım ki, əyilim, çöküm?

Bəlkə istəyirsən abrını büküm,

Elə etmə sənə mən qarğış töküm,

Üstündə ağlayar ağbirçək maman.


Ədalət Yusifov:


Keçir dodağına köhnə demi sən,

At, öz yaddaşından İvan, Semi sən,

Yalandan demə ki, kabab yemisən,

Qalıb dodağında yediyin xaman.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər