İsa Qəmbərov:
Dünən can deyənlər şərinə sənin,
Tüpürməyə hazır dərinə sənin,
Hətta göz dikiblər yerinə sənin,
Nə günə qalıbsan, ay İsa Qəmbər?!
Vurğun Əyyubov:
Bəsdi, partiyada çox oldun ağa,
Kürsünü mənə ver, gedim qabağa,
Yerinə namizəd Tofiq, Gülağa,
Olmazsan sən bizə tay, İsa Qəmbər.
İsa Qəmbərov:
Onlar adi halda qəlbə dəyirlər,
Hər bir təklifə də ağız əyirlər,
Həmkarlar getdikcə çox istəyirlər,
Bosslar da az verir pay, İsa Qəmbər.
Vurğun Əyyubov:
Keçmişdə lüzumsuz ağır daş idin,
Bossun hesabına bir əyyaş idin,
Əvvəllər bir qədər diribaş idin,
Son vaxtlar olubsan zay, İsa Qəmbər.
İsa Qəmbərov:
Meydanlar qəlbinə saldı atəşi,
İndi dost ətrafın olubdu vəhşi,
Sənə işıq saçar Qərbin Günəşi,
Gülərdi üzünə Ay, İsa Qəmbər.
Vurğun Əyyubov:
İndi Müsavatda sən adi yoluq,
Bossun yardım etmir, boşalıb tuluq,
Payızda işlərin olacaq şuluq,
Arxada qalıbdı may, İsa Qəmbər.
İsa Qəmbərov:
Yatıb, pusmağınçün tapılmır marıq,
Xeyli qocalıbsan, dişlərin mırıq,
Tüfəngin çaxmaqsız, xəncərin qırıq,
Kamana ilişib yay, İsa Qəmbər.
Vurğun Əyyubov:
Sən elə getmirsən, indi get belə,
Qura bilməmisən bir maket belə,
Keçirə bilmədin bir piket belə,
Yaman isti keçdi yay, İsa Qəmbər.
İsa Qəmbərov:
Düşündün məkrli, dindin məkrli,
Bir zaman danışdın sən dürsüz-dürlü,
Lap doğru deyirlər, Arazlı-Kürlü,
Dizdən aşağıydı çay, İsa Qəmbər.
Vurğun Əyyubov:
Qərbli bosslarına söylədin sağlıq,
Mitinqdə kütləyə eylədin maqlıq,
Xatırla, nə qədər etdin bədxahlıq,
Bir az iç limonlu çay, İsa Qəmbər?
İsa Qəmbərov:
Günah bağışlanmır islam dinində,
Qoy Tofiq Yaqublu qalsın gönündə,
Yıxılma Gülağa, Vurğun önündə,
Dur ayaq üstündə day, İsa Qəmbər.
Vurğun Əyyubov:
Çıxdın meydanlara fitnəylə-şərlə,
Hətta yaxalığın işlənib zərlə,
Mehriban olmusan ermənilərlə,
Çox dram göndərib hay, İsa Qəmbər.
İsa Qəmbərov:
Yardım eyləmirlər sənə misterlər,
Yeyib çörəyini, səni pislərlər,
Səni uçuruma atmaq istərlər,
Vermə həmkarlara hay, İsa Qəmbər.
Vurğun Əyyubov:
Özünün köhnəlmiş cipində qaldın,
Bossun pulsuzlaşmış cibində qaldın,
Həmişə zirvənin dibində qaldın,
Nəsibin olubdu vay, İsa Qəmbər.
İsa Qəmbərov:
Elə bil, divlərdən, cindən qaçırlar,
Yaxına gəlmirlər, gendən qaçırlar,
İndi həmkarlar da səndən qaçırlar,
Qışqırıb deyirlər vay, İsa Qəmbər.
Vurğun Əyyubov:
Az olubdu şirin, kişmiş günlərin,
Çox olub çaqqallı, çəpiş günlərin,
Qalıbdı keçmişdə keçmiş günlərin,
Qalan günlərini say, İsa Qəmbər.
İsa Qəmbərov:
Mitinqçün, yürüşçün açıqdı yollar,
Ayağın altında xalçalar, çullar,
Bir zaman bossların verdiyi pullar,
Cibində olmuşdu lay, İsa Qəmbər.
Vurğun Əyyubov:
Oldu önümüzdə boss verən yol buz,
Biz həmkarların da qalmışdıq yalqız,
Daim sən özünü düşündün yalnız,
Etdin hamımızı bay, İsa Qəmbər.
İsa Qəmbərov:
Həmkarlar əksinə nöş səlib gedir?
Pis nəzər qəlbi də lap dəlib gedir,
Yanına bu qədər boss gəlib-gedir,
Tapmadınmı bir dayday, İsa Qəmbər?!
Vurğun Əyyubov:
Çörək tapmasaq da, fətir taparıq,
Bossdan özümüzə çətir taparıq,
Müsavata bizlər sədr taparıq,
Et öz küncündə baybay, İsa Qəmbər.
İsa Qəmbərov:
Gözlər ucuzlaşmış bazarda qalsın,
Bədxah həmkarları azarda qalsın,
Taqımlar, batalyon bezarda qalsın,
Kömək etməz nə alay, İsa Qəmbər.
Vurğun Əyyubov:
Bizdə liderliyə var yaman həvəs,
Burda lazım deyil nə Lalə, Əvəz,
Səni biz şərəflə edərik əvəz,
Vurma burda sən valay, İsa Qəmbər.
Mirzə QƏRƏNFİL