AMİP - “ACP” birliyi baş tutmayıb
Rəsul Quliyev:
Yolunun üstündə yandırmışam şam,
Onunçün ən yaxşı otel almışam,
Londonda aylarla başa salmışam,
Əfsus ki, Etibar düşmədi başa.
Etibar Məmmədov:
Kül sənin başına, adam yiyəsi,
Soxum ürəyinə bıçaq tiyəsi,
Xoşuma gəlmədi nəzəriyyəsi,
Rəsulun niyyəti dirəndi daşa.
Rəsul Quliyev:
Sən demə Etibar əsil ilandı,
Ona söz dedikdə dilçəyim yandı,
Mən dedim cavandı, beyini qandı,
Sən demə, naqislik baxmırmış yaşa.
Etibar Məmmədov:
Londonu gəzərkən tapdım təsəlli,
Etibar radikal cinaha bəlli,
İstərəm yaşayam mən iki 50,
Mən ona demədim səni yüz yaşa.
Rəsul Quliyev:
Mənim "ACP"-mə şöhrət, şan gəlsin,
İrin-qan AMİP-in qarnından gəlsin,
Elədiyim hörmət burnundan gəlsin,
Çox onu eylədim mən qonaq xaşa.
Etibar Məmmədov:
Rəsulun önündə hündür dalan, tin,
"ACP" önündə baryerlər min-min,
Yusif Bağırzadə daşıyır yəqin,
Düzülüb bayırda kisələr, xaşa.
Rəsul Quliyev:
Sözsüz, fələk onu ələyə saldı,
Adımdan arzuya-diləyə saldı,
Etibarı Yusif tələyə saldı,
Onun qabağında qaynatdı kaşa.
Etibar Məmmədov:
Necədi, yaxşımı halın, qabırğa?
"ACP"-də sağın-solun qabırğa,
Görməmişəm belə qalınqabırğa,
Dayana bilmərəm Rəsulla qoşa.
Rəsul Quliyev:
Çətin beləsinə olam sadağa,
Bu adam heç qanmır müsbət qadağa,
O özünü verir məndən qabağa,
Başına vurardım, olsaydı maşa.
Etibar Məmmədov:
Mən ona söylədim üç müdrik kəlam,
Deyir, siyasətdə guya mən kalam,
İstədim mən onu cilova salam,
Rəsul əməlilə gəlmədi xoşa.
Rəsul Quliyev:
Mən sınmaz möhtəşəm qurğu kimiyəm,
Rəsulam, sınmayan qarğı kimiyəm,
Etibar yanında qırğı kimiyəm,
O, mənim önümdə adi dolaşa.
Etibar Məmmədov:
Mənim qurumumda bundan üçü var,
Önümdə lider yox, adi cücü var,
Qolumda, qıçımda Qırat gücü var,
Rəsul Quliyevdi adi alaşa.
Rəsul Quliyev:
Mən bir millətçiyəm milli miqdarda,
Avroya tutaram əlli miqdarda,
Dedim pul verərəm külli miqdarda,
Etibar o anda düşdü təlaşa.
Etibar Məmmədov:
Xəyalən cumubdu həm şirinliyə,
Rəsul çəkir məni nəm sərinliyə,
Hər zaman varmıram mən dərinliyə,
Rəsul çox istəyir çirkə bulaşa.
Rəsul Quliyev:
Mənə eyham vurub, çox qıcırtdı diş,
Gəlmir Etibarın əlindən bir iş,
Londonda çox etdi riyakar gediş,
Onun bənzəri var xalis Qaloşa.
Etibar Məmmədov:
Bundan heç fərqlənməz Şümür, qətiyyən,
Onu qısqırtsam da, hürmür qətiyyən,
Rəsulun gözləri görmür qətiyyən,
Yandırsam da iri yanar talaşa.
Rəsul Quliyev:
Mən varlı milyonçu, Etibar nökər,
Əlbəttə, tezliklə qurumu çökər,
"ACP" köməyə gəlməsə əgər,
Qorxuram AMİP-də hamı ulaşa.
Etibar Məmmədov:
O, mənə kəf gəlir baqqallığıyla,
Qurda göz ağardır çaqqallığıyla,
Bu adam özünün naqqallığıyla,
Bənzəyir Sevilin əri Balaşa.
Rəsul Quliyev:
Burda əhvalı da şərif edirəm,
Onu hər saniyə hərif edirəm,
Müasir tenxika təklif edirəm,
Bu adam dördəlli yapışır xışa.
Etibar Məmmədov:
Sonadək demədi sözünü Rəsul,
Bir nöqtəyə dikdi gözünü Rəsul,
Narahat apardı özünü Rəsul,
Yəqin o sağ qalmaz heç gələn qışa.
Rəsul Quliyev:
Londonda özünü dönük apardı,
O, qara saçımdan üç tük apardı,
Özünü o qədər sönük apardı,
Onun çıxışından gəlmədim cuşa.
Etibar Məmmədov:
Burda bədəninin çirki, kiri var,
Onu pisləməyin əsil yeri var,
Onun nə barteri, nə çarteri var,
Rəsul çox bənzəyir qanadsız quşa.
MİRZƏ QƏRƏNFİL