Arif Hacıyev:
Arzular-ümidlər sonuncu solsun,
Əsası, İsanın cibləri dolsun,
Arzu Səmədbəyli qoy başqan olsun,
Müsavat üzvləri səf-səf düzülsün.
İsa Qəmbərov:
Uğursuzluq pisdi əzmdən sonra,
Ah-vay nəyə lazım təzimdən sonra,
Arzu bir başqandı özümdən sonra,
Ardınca gurlayan yüz dəf düzülsün.
Arif Hacıyev:
Sədri qurultayda Müsavat seçsin,
Qoy İsa çəkilib kənarda içsin,
Seçki demokratik qaydada keçsin,
Arzu edən kəslər hədəf düzülsün.
İsa Qəmbərov:
Real həqiqətdi gözə görükən,
Təyinat vaxtıdı, deyildi erkən,
Arzunu mən başqan təyin edərkən,
Ayaqlar altına sədəf düzülsün.
Arif Hacıyev:
Kədərdən İsa bəy əsa qucacaq,
Arzu da gah sola, sağa qaçacaq,
İsa bəy Arzuya stol açacaq,
Süfrəyə araqla qədəh düzülsün.
İsa Qəmbərov:
Arzuya hədiyyə gətirsin hərə,
Qoy narıncı libas geysin dağ-dərə,
Olsun yol yoldaşı sevinc bizlərə,
Arzu-diləklərə fərəh düzülsün.
Arif Hacıyev:
"Böhtandan qaçarıq" bizlər and içək,
Sərfəli həmkarçün biz candan keçək,
Ədalət yoluyla biz sədr seçək,
Süfrəyə həm ciyər, ürək düzülsün.
İsa Qəmbərov:
Keçərmi bir Novruz tonqal, alovsuz,
Arzu Səmədbəyli qarmaq-tilovsuz,
Keçsin ziyafət də kabab-plovsuz,
Süfrəyə də yavan çörək düzülsün.
Arif Hacıyev:
Ər üzvlər Arzunu şil, topal salar,
Sədaqətli qəlbə xiffət xal salar,
Müsavat üzvləri qalmaqal salar,
Küçə-meydanlara xərək düzülsün.
İsa Qəmbərov:
Arzunun üstündə dayanıb təkər,
Müsavat min ağrı, min mərəz çəkər,
Qurultay Arzunu seçməsə əgər,
Ortaya maneə, dirək düzülsün.
Arif Hacıyev:
İstəyir, qalmaqal salsın kənarda,
İsa da xəyala dalsın kənarda,
Avamlar, nadanlar qalsın kənarda,
Müsavatdan olan zirək düzülsün.
İsa Qəmbərov:
Rəqibi qısnayıb büzüşdürməkçün,
Çıxarıq Arzunu gəzişdirməkçün,
Bədxah namizədi əzişdirməkçün,
Çoxsaylı yaba, bel, kürək düzülsün.
Arif Hacıyev:
Sözsüz Müsavatda qurarıq qala,
Reytinq toplayarıq biz bala-bala,
Arzunu, İsanı atmaqçün dala,
Arzu edən şəxslər gərək düzülsün.
İsa Qəmbərov:
Biz də ziyafətdə bol viski içək,
Vaşinqton başına ələyər çiçək,
Qərb özü Arzunu dəstəkləyəcək,
Bossun göndərdiyi xörək düzülsün.
Arif Hacıyev:
Qərbin bossları tək həyanda qalsın,
Başqan namizədi ziyanda qalsın,
İsanın Arzusu o yanda qalsın,
Əsl haqlı namizəd qoy tək düzülsün.
İsa Qəmbərov:
Müsbət qiymət verək gərək bu irsə,
Arzu Səmədbəyli toxum verirsə,
Müsavat qazanı axım verirsə,
Bu qazan altında ələk düzülsün.
Arif Hacıyev:
Boss bizə vermir bir quzu qətiyyən,
Bizə yaxınlaşmır ruzu qətiyyən,
Başqan olmayacaq Arzu qətiyyən,
İstəyir dəhlizdə fələk düzülsün.
İsa Qəmbərov:
İsanı qoy heç kəs saymasın hərif,
Arzunu nahaqdan etmirəm tərif,
Qoymaram sədr olsun Rauf, ya Arif,
Minnətə onlarla mələk düzülsün.
Arif Hacıyev:
Bossun xörəyini qusar, çəkərik,
Kənardan marıqda pusar, çəkərik,
Qarşısına möhkəm hasar çəkərik,
İsa lap onlarla kələk düzülsün.
İsa Qəmbərov:
Möhkəm dayaq tapdım Herkel, Qros da,
Onu alqışlasın tanış da, dost da,
Arzu Səmədbəyli əyləşsin postda,
Tamaşaya arzu-dilək düzülsün.
Arif Hacıyev:
O, nə qovuq kimi üfürə bilməz,
Bizim təkliflərə tüpürə bilməz,
İsa yolu üstdən süpürə bilməz,
Yüz xəzri, gilavar, külək düzülsün.
İsa Qəmbərov:
Onlar başqan olsa itərəm izsiz,
İstərəm mən görəm rəqibi gözsüz,
Yekdillik qazanar təklifim, sözsüz,
İstər çirkin, istər qəşəng düzəlsin.
MİRZƏ QƏRƏNFİL