Əvəz Temirxan:
Çox titrəyişlər var Lalə səsində,
Gənclik həvəsi var bas nəfəsində,
Otursun özünün "MBH"-sində,
Mənim ALP-mə sədr gəlməsin.
Lalə Hacıyeva:
Çox cangüdən ilə qorunur kartej,
Gəlirəm, özünə başqa qurum seç,
Səni müavin də götürmərəm heç,
ALP mənimdi, mənim olacaq.
Əvəz Temirxan:
Heç razı deyiləm qəlbimi üzsün,
Demədim gec gəlsin, ya da tələssin,
İstərəm ki, Lalə məndən gen gəzsin,
Burnuma laləli ətir gəlməsin.
Lalə Hacıyeva:
Gözlərim həsrətlə baxar zirvəyə,
Ürəyim ulduz tək axar zirvəyə,
ALP dirçəlib qalxar zirvəyə,
Lalə meydanlarda tufan salacaq.
Əvəz Temirxan:
Bizə əldən düşmüş bir pələng gəlsin,
Siyasi meydana xeyli ləng gəlsin,
O, bizə sədr yox, qonaq tək gəlsin,
Arxasınca ərzaq, fətir gəlməsin.
Lalə Hacıyeva:
Bir Əvəz pisləyib onu yanıdı,
Kütlə onu əsil lider tanıdı,
Siyasət Lalənin qanı-canıdı,
Lalə həmişəlik orda qalacaq.
Əvəz Temirxan:
İndi Laləsiz də doludu pətək,
Mən ona heç zaman açmaram ətək,
İstəmirəm keçmiş vaxtlardakı tək,
Lalə mənə ötür-ötür gəlməsin.
Lalə Hacıyeva:
Siyasət əbədi yolu olubdu,
Arvaddı, həmişə ulu olubdu,
Əvvəl də meydanı dolu olubdu,
Lalənin ətrafı yenə dolacaq.
Əvəz Temirxan:
Onun gəlişilə dolmaz heç kasa,
Mən də öz sözümü deyəcəm qısa,
Sədr gəlsə belə partiyamıza,
Üstümə nə örtük, çətir gəlməsin.
Lalə Hacıyeva:
Adama yapışan saqqız, qıram mən,
Deyirlər yaşlıyam, cayıdıram mən,
Yenə siyasətə qayıdıram mən,
Yamanca sümüyə dirənib bıçaq.
Əvəz Temirxan:
Bir iş görə bilməz qəfəssiz Lalə,
De kimə lazımdı həvəssiz Lalə?
Bir iş görə bilməz Əvəzsiz Lalə,
Əvəz qəbul etməz, Lalə gəlməsin.
Lalə Hacıyeva:
Qurdla qiyamətdə yaşıd olubdu,
Nə olsun bir qədər yaşa dolubdu,
Lalə həmişə də qalib olubdu,
O, bundan sonra da zəfər çalacaq.
Əvəz Temirxan:
Onda az da olsa qalmayıb həvəs,
İndi ALP-də möhkəmdi Əvəz,
Lalə çox qocadı, əmr verə bilməz,
Mən ondan cavanam, qoy özü desin.
Lalə Hacıyeva:
Əvəz çıxa bilməz yoxuşlarımı,
Əriyər, görəndə baxışlarımı,
Görəndə alovlu çıxışlarımı,
Əvəz susqun durub, fikrə dalacaq.
Əvəz Temirxan:
Onu yıxmaq üçün çox qurdum tələ,
Tələmdən qurtula bilməyib hələ,
Ona qrant verməz bircə boss belə,
Qoy Lalə oturub cibindən yesin.
Lalə Hacıyeva:
Daim gur axına qarşı mən axdım,
Yaman gözlüləri odlayıb yıxdım,
Elə ki, qayıdıb kürsümə çıxdım,
Əvəz yenə mənə açacaq qucaq.
Əvəz Temirxan:
Ailə qurarsa, qoca da almaz,
O, nə siyasətdə, meydanda qalmaz,
Bundan sonra Lalə heç yaxşı olmaz,
Adı pis olacaq, əlbəttə, pisin.
Lalə Hacıyeva:
Gözlərim qamaşmaz bir mayak olsa,
Altına girərəm bir dayaq olsa,
Əvəz qabağımda baş-ayaq olsa,
Onu partiyadan salaram qaçaq.
Əvəz Temirxan:
Qəlbi fikri kimi dar olub gedib,
Onun blankları saralıb gedib,
Lalə də mis kimi qaralıb gedib,
Fərqi çox adicə dəmirdən misin.
Lalə Hacıyeva:
Siyasi mənafe güdən olmuşam,
Həmişə köməyə yetən olmuşam,
Mən daim irəli gedən olmuşam,
Qabağımı kəsən xəstə və naçaq.
Əvəz Temirxan:
Lalə olmayacaq partiyaya paz,
O, nə nitq söyləməz, nə də cayıtmaz,
Heç vaxt partiyaya Lalə qayıtmaz,
Şübhəsi olmasın, əsla, heç kəsin.
Lalə Hacıyeva:
Hər bir kəsə bəlli adım-sanım da,
Rahat oturmuşam mən öz qınımda,
İşləmək istəsə Əvəz yanımda,
Şübhəsiz, sayaram onu mən qoçaq.
Mirzə QƏRƏNFİL