İsa Qəmbərov:
Daha başqanlığa etmirəm güman,
İstərdim ki, mənə verələr aman,
Əgər olsa idi bir yeni imkan,
Mən sədr postunda yenə qalardım.
Qabil Hüseynli:
Müsavat səhnəsi qulamsız keçir,
İsa iclasda da kəlamsız keçir,
Son vaxtlar yanımdan salamsız keçir,
Salam versə idi, bəlkə alardım.
İsa Qəmbərov:
Hər gün almaqdayam bir yeni töhmət,
Həmkarlar verməkdə mənə min möhnət,
Versəydilər mənə yeni bir möhlət,
Başqan olmaq üçün fikrə dalardım.
Qabil Hüseynli:
Başqanda pisləşib əhvali-şərif,
Heç onun şəninə demədim tərif,
Məni saya salmır son vaxtlar hərif,
İsanın qəlbinə mən xof salardım.
İsa Qəmbərov:
Sədr olmayacam dedilər qəfil,
Yetkili gözündə olmuşam səfil,
Başqan qoysaydılar məni bircə il,
Qərbli boss cibini bir il yolardım.
Qabil Hüseynli:
Seçməyən kəslərə deyərdim əhsən,
Başqan kürsüsündə oturardım mən,
İsa seçilməsə başqan yenidən,
Şadlıq nəğməsini tarda çalardım.
İsa Qəmbərov:
Bəzisi də məndən intiqam alar,
Digərləri məndən çox geri qalar,
Başqa üzvlərdə sönükdü çalar,
Başqanlığa layiq müsbət çalardım.
Qabil Hüseynli:
Çətin əli çatsın bossa yenidən,
Dövrü də olardı qısa, yenidən,
Səhvən seçilsəydi İsa yenidən,
Hikkəmdən saralar, həm də solardım.
İsa Qəmbərov:
Siyahıda bədxah tək yazdı məni,
Xaricə getməyə qoymazdı məni,
Başqan olmasam, Qərb saymazdı məni,
Qəzəbdən saçımı dartıb yolardım.
Qabil Hüseynli:
Axacaq xaricdən çoxlu bal-şəkər,
Buraxıb İsada artıq dörd təkər,
Müsavatda sədr olsaydım əgər,
Mən özümə yeni dostlar bulardım.
İsa Qəmbərov:
Mənim niyyətimi pisliyə yozdu,
Artıq istəmirəm qardaşı, dostu,
Bataram çirkaba tərk edib postu,
Yəqin ki, dörd yanı qusub bulardım.
Qabil Hüseynli:
Bir dəfə demədi gərək mən gedəm,
Ona həmkarlarım verdilər sitəm,
Başqanlıq postuna qoysaydım qədəm,
Mən də kamilləşər, aqil olardım.
İsa Qəmbərov:
Şəxsiyyətim buna, həm fərdim buna,
Tab da gətirərdi qəm-dərdim buna,
Başqan olmasam da dözərdim buna,
Xaricə qrantsız, pulsuz ulardım.
Qabil Hüseynli:
Dərdini daşıya bilməz bir gəmi,
Onsuz da artıbdı kədəri-qəmi,
İsa partiyanı tərk edən kimi,
Daim sataşardım, onu dolardım.
İsa Qəmbərov:
Heç mənim özümçün olmazdı asan,
Mənim damarımda kükrəyərdi qan,
Kimsəni görsəydim postumda başqan,
Qəflətən qocalar, yaşa dolardım.
Qabil Hüseynli:
Sevinərdim bizdən kənar qaçsaydı,
Partiyadan kənar mazaqlaşsaydı,
İsa Müsavatdan uzaqlaşsaydı,
Mən oruc tutardım, namaz qılardım.
İsa Qəmbərov:
Bir dəfə baxmayıb onlar tərəfə,
Nifrin boşaldardım, sözsüz, hədəfə,
Şans versə idilər sonuncu dəfə,
Bütün rəqibləri sular, sulardım.
Qabil Hüseynli:
Təhdid eyləməkdə hər gün tip bizi,
Narahat etməkdə bomboş cib bizi,
İsa başqanlığı bezdirib bizi,
Mən özüm xaricdən alardım yardım.
İsa Qəmbərov:
Dollar-sent tükənib, qəpik vurarlar,
Mənə iclaslarda çəkip vurarlar,
Adama nə qədər təpik vurarlar,
Kobud təpiklərdən ağrıyır ardım.
Qabil Hüseynli:
Bizlər mum edirik möhkəm dəmiri,
Tezliklə qovarıq başqan Şümürü,
Qubad İbadoğlu onun kumiri,
Deyir münasibdi Müsavat sortum.
İsa Qəmbərov:
Sıravi üzvlərə qatsalar məni,
Həmkarlar çox ucuz satsalar məni,
Postumdan qoparıb atsalar məni,
İstərəm yerimə Qubadı dartım.
Qabil Hüseynli:
O, burda olduqca çox baş aparıb,
Öz başqanlığıyla dərinə varıb,
İsa hamımızı təbdən çıxarıb,
Az qalıram onun qarnını yortum.
Mirzə QƏRƏNFİL