PDF Oxu

Köşə

  • 1 152

Radikal müxalifət kütləvi aksiyalar keçirməklə gündəmdə qalmaq istəyir

Radikal müxalifət kütləvi aksiyalar keçirməklə gündəmdə qalmaq istəyir

Tahir Kərimli:


Radikal başlarda coşmaqda qanlar,

Simalar həminki, açılıb donlar,

İndi gündəliyə gətirir onlar,

Kütləvi aksiya şüarlarını.


Nurəddin Məmmədli:


Hər biri şişqarın, boyu gödərək,

Yürüşə gedirlər məqsəd güdərək,

Mitinqdə, piketdə iflas edərək,

Qırıbdı çoxları vüqarlarını.


Tahir Kərimli:


Boss yerə çırpıbdı iş, əməyini,

Göstərmək istəmir Qərb köməyini,

Burnundan gətirir şam yeməyini,

Harama çevirib naharlarını.


Nurəddin Məmmədli:


Bosslar azalıbdı alqışlarını,

Edibdi biryolluq şər qışlarını,

Buza döndəribdi hər qışlarını,

Əsla istəməyib baharlarını.


Tahir Kərimli:


Qərb yaman inciyib çox bədəməldən,

Radikal büdrəyib, billah, təməldən,

Bosslar əl götürüb tənbəl-tünbəldən,

Bilirlər öz axar-baxarlarını.


Nurəddin Məmmədli:


Bizə pul lazımdı boz, ağ olsa da,

Alarıq pul verən Artsax olsa da,

İfratlar nə qədər sarsaq olsa da,

Bilirlər öz gəlir-çıxarlarını.



Tahir Kərimli:


Radikal öyünməz öz bol barıyla,

Su da fışqırdarlar şırnaqlarıyla,

Sabah eşəcəklər dırnaqlarıyla,

Onlar yer qatının suxurlarını.


Nurəddin Məmmədli:


İfrat açarları İsa bəyədi,

Gözülölgəlilik də Əli səydədi,

Radikalın daim gözü göydədi,

Bir zirvə sayırlar çuxurlarını.


Tahir Kərimli:


İfratlar cücərməz çürüyən bir ting,

Onu tərpətməkçün lazımdı saz ling,

Radikal keçirə bilməsə mitinq,

Bosslar tezləşdirər axırlarını.


Nurəddin Məmmədli:


Bossa deyirik ki, bizimdi mülkün,

Bizə qibtə edər ən aciz tülkün,

Saflaşmaq, paklaşmaq olmasa mümkün,

İfratlar genəldir nohurlarını.


Tahir Kərimli:


Sizi eşitməkdə boss qulağı kar,

Olsun iş görməyən ifratlara ar,

Sizin radikallar sərsəm, riyakar,

İçib sərxoş olar çaxırlarını.

Nurəddin Məmmədli:


Rəqib zəhər qatır yeməyimizə,

Qərb də çox vaxt çatmır köməyimizə,

Bosslar qiymət vermir əməyimizə,

Üzə çıxarırlar paxırlarını.


Tahir Kərimli:


Hər bir radikal da ayrı rəngdədi,

İfratlar həmişə şübhə-şəkdədi,

Əlilər başını kiçiltməkdədi,

İsalar şişirdir yekə qarını.


Nurəddin Məmmədli:


Radikal durumu dayana qalsın,

Cücə də payızda sayana qalsın,

Arpa da, çovdar da o yana qalsın,

Nə də bölə bilmir buğda-darını.


Tahir Kərimli:


İfratdan əzmkar bir törən çıxmaz,

Qorxaqdan qüdrətli bir ərən çıxmaz,

Bunlardan yürüş də keçirən çıxmaz,

Hamısı itirib namus-arını.


Nurəddin Məmmədli:


İflas gözləməkdə radikal bəyi,

Mitinqdi, piketdi ifrat istəyi,

Xaric əsirgəyir son vaxt dəstəyi,

Bizlər kökləməkdə könül tarını.

Tahir Kərimli:


Çətin ki, Qərb məhsul bitirəcəkdir,

Onu da sizlərə yetirəcəkdir,

Əli də, İsa da itirəcəkdir,

Xaricdən aldığı dövlət-varını.


Nurəddin Məmmədli:


İndi ciddiləşib bir qədər siman,

Xarici bazarda azıbdı güman,

Vəhdət altı yerə dağılan zaman,

Yadından çıxıbdı, uddun sarını?


Tahir Kərimli:


Sizin radikallar, ifratlar səfil,

Gözünü xaricə dikməz heç tifil,

Mitinqdə, piketdə itirib qəfil,

Xaricdə axtardın nədən yarını?


Nurəddin Məmmədli:


Qərar tutduğumuz yerimiz evdi,

Başımızı yerə soxanlar KİV-di,

Bizim radikallar azman bir divdi,

Xaricə xərcləyir bəhər-barını.


Tahir Kərimli:


Səsi eşidilmir lap dinsələr də,

Zirvədən enişə tez ensələr də,

Nə qədər hıqqanıb gücənsələr də,

Radikallar aşa bilmir barını.


Nurəddin Məmmədli:


Olmamış həyatda bir cığal belə,

Qalmamış başında heç kamal belə,

İxrac etsə əgər xalis bal belə,

Əvəz edə bilməz ifrat arını.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər