Rauf Arifoğlu:
"Ümid" siyasətdə bir şəfəq saçmır,
İqbal heç bir kəsə müqabil qaçmır,
Narıncı İqbalın könlünü açmır,
Sevməyə başlayıb qırmızı rəngi.
İqbal Ağazadə:
Şənimə çox deyib tost liberallar,
Mənə boyun olub post liberallar,
Xaricdən mənimçün dost liberallar,
Çay da göndərərlər yaşıl, pürrəngi.
Rauf Arifoğlu:
Boss dostlar ediblər ona pis təsir,
Təpədən-dırnağa ediblər əsir,
O, Qərbdə gitara, saksafon gəzir,
Geri qayıdanda dinləyir "Cəngi".
İqbal Ağazadə:
Yüngülsaqqal ollam, ağırsa xaric,
Tabuta girərəm, bağırsa xaric,
Qərbə üz tutaram, çağırsa xaric,
Mən dik dayanaram boss çalsa zəngi.
Rauf Arifoğlu:
Elə ki, Qərb ona səcdə et deyir,
İqbalın alnı da torpağa dəyir,
"İP"-çilər, "6-lar" zəncir çeynəyir,
Yumruqçün darıxır İqbalın əngi.
İqbal Ağazadə:
Canımı istəsə Qərbdə liberal,
Ona "Ümid"imi edərəm halal,
Bosslar əmr etsə ki, silahlan, İqbal,
Sıxaram köksümə ovçu tüfəngi.
Rauf Arifoğlu:
Boss onu çağırır finti-füruşçün,
İqbal hazırlaşır Qərbə uçuşçün,
"İP" sino getməkdə qəpik-quruşçün,
Onu cəlb eyləyir pulun nəhəngi.
İqbal Ağazadə:
Altdan qıcıq verən zərbə çağırır,
Sanki bir müqəddəs türbə çağırır,
Məni radikallar Qərbə çağırır,
Başıma qoyarlar yəqin çələngi.
Rauf Arifoğlu:
Onu cəlb eyləyir viskiylə tütün,
İqbal heç bir zaman olmamış mətin,
Şopen, Bethovenə çatmaq çox çətin,
Onu qımıldadır adi diringi.
İqbal Ağazadə:
Onların önündə çox çəkdim qiyyə,
Bosslar eşitdilər məndən mədhiyyə,
Liberal bosslara verdim hədiyyə,
Lənkəranda bişən dadlı ləvəngi.
Rauf Arifoğlu:
Avropada yoxdu aqil liberal,
Edib yolumuzu bir qıl, liberal,
İqbalı cəlb edir qızıl liberal,
Qərbi qane etmir İqbal ahəngi.
İqbal Ağazadə:
Liberal cəhdləri xülya, bum idi,
Mənə verdikləri adi tum idi,
İstəyim sürətli bir məfhum idi,
Mənə qismət oldu astagəl, ləngi.
Rauf Arifoğlu:
Qaşqaldaq yeməyə dəvət etdim mən,
Onu görməmişdim heç vaxt belə şən,
Təklif edirdilər ona goreşən,
İqbal istəyirdi şiri, pələngi.
İqbal Ağazadə:
Hopdu damarıma liberal gənə,
Yaxşını istədim mən dönə-dönə,
Pis siyasi kürsü verdilər mənə,
Mənim olmalıdı dedim qəşəngi.
Rauf Arifoğlu:
"Ümid" süqutunu Pənah istədi,
Üstəlik, Tanrıdan pənah istədi,
İqbal bosslarından silah istədi,
Verdilər əlinə adi fişəngi.
İqbal Ağazadə:
"İP" ayaq altını daim qazıdı,
Bizim radikalın onlar pazıdı,
Dedim amazonklar Qafqaz qızıdı,
Onlardan biri də pak Ərəbzəngi.
Rauf Arifoğlu:
Arada bir rəqib yenmək istədi,
Qrant az olanda dinmək istədi,
Qərbdə İqbal poni minmək istədi,
Ayağı altından qaçdı üzəngi.
İqbal Ağazadə:
Ölkədə bir neçə mahal istədim,
Bosslardan bunları halal istədim,
Təklif eylədilər, dərhal istədim,
Valyuta fondunu, bir-iki bəngi.
Rauf Arifoğlu:
İqbalı görəndə heyrət etdilər,
Pis lider deməyə cürət etdilər,
Onu gül əkməyə dəvət etdilər,
Əlinə götürdü o, üzüm tingi.
İqbal Ağazadə:
Çıxıb liberallar ceyran belinə,
Düşdüm Avropada insan selinə,
Kətmən, bel götürdü çoxu əlinə,
Əyilib götürdüm mən ağır lingi.
Rauf Arifoğlu:
Tökdü zəhləsini o, Pənahın da,
Gördüm yelbeyinlər barigahında,
İqbal çox az qaldı boss dərgahında,
Atdılar bayıra qulağı dəngi.
İqbal Ağazadə:
Dostam o Baltikin şən Litvasıyla,
Üz qırxdım xaricin britvasıyla,
Əlbəttə, Qərbdəki boss fitvasıyla,
"İP"-in sinəsinə sancaram süngü.
Mirzə QƏRƏNFİL