Sərdar Cəlaloğlu:
Mənim bəyəndiyim "Yol xəritəsi",
Narahat etməsin qoy heç bir kəsi,
Yayılsın qoy bu xoş layihə səsi,
Uğura aparır bizi bu plan.
Nurəddin Məmmədli:
Səbəbkar bir odur biz pisi görsək,
Göstərib Sərdara "İP"-çilər dirsək,
"YX"-yə biz hədsiz üstünlük versək,
Yenə belimizə qoyarlar palan.
Sərdar Cəlaloğlu:
Onunla qüvvətli olar qolumuz,
Onunla bağlıdı qazanc pulumuz,
"Yol xəritəsi"di xilas yolumuz,
Əlbəttə, həmkarlar deyirlər yalan.
Nurəddin Məmmədli:
"İP" yaxşı bir plan qoyubdu mizə,
Qərb də çoxlu qrant verməkdə bizə,
Qərbdən axıb gələn maliyyəmizə,
Bu "Yol xəritəsi" salacaq talan.
Sərdar Cəlaloğlu:
Özün başdan-başa səhvsən, qüsursan,
Nə plan qururuq onu pozursan,
Hər şeyi bildiyin kimi yozursan,
Elə bu səbəbdən "göyçəkdi xalan".
Nurəddin Məmmədli:
Bəzən də gəlirsən bizlərə hədə,
Meylin yönəlməkdə pisliyə, bədə,
Sənin yol xəritən adi səfsətə,
Özünsən yalançı vəlvələ salan.
Sərdar Cəlaloğlu:
Sizin tərsliyiniz süni bir qaya,
İstərəm buraxsın Qərb bizə maya,
Mən real bir plan atdım ortaya,
Ona zərər vurur flankəs, filan.
Nurəddin Məmmədli:
Barmağında qızıl misdir deyəcəm,
Xəritənin üstü hisdir deyəcəm,
Həmişə planın pisdir deyəcəm,
Mənim boğazıma salsan da ilan.
Sərdar Cəlaloğlu:
Sən özün bir muzdur, don, yerində qal,
Sənin liderində yox ağıl, kamal,
Xəritə əbədiyaşar bir xəyal,
Sizin "İP" bir qurum saralan-solan.
Nurəddin Məmmədli:
Zərbələr gözünə, qaşına dəysin,
Qopub daşlarından daşına dəysin,
Sənin yol xəritən başına dəysin,
Bizim itimizdən çox pisdi tulan.
Sərdar Cəlaloğlu:
Şərə meyillidi sizdəki maddə,
Nöqsan gəzirsiniz hələ də bəddə,
Özünüz acından çığırmaq həddə,
Xəritə bizləri edərdi kalan.
Nurəddin Məmmədli:
Səni hər görəndə dönüb əkillik,
Arada məsafə olar min millik,
Əlbəttə, onsuz da keçinə billik,
Sizin xəritəniz bizimçün dalan.
Sərdar Cəlaloğlu:
Siz yük edibsiniz kədəri-dərdi,
"İP" də bəyənmədi mənim tək mərdi,
Hətta qlobus da gücdən düşərdi,
Olsaydı sizinçün bədxah dəf çalan.
Nurəddin Məmmədli:
Biz sənə heç zaman açmarıq ətək,
Yolumuz üstündə heç vaxt bitmə tək,
Aparma özünü yeniyetmə tək,
Müdriklik yaşına çat, bir az sulan.
Sərdar Cəlaloğlu:
Yeriniz uçurum, bəlkə də lap dib,
Heç vaxt olmadınız qorxulu rəqib,
Sizi edəcəkdir yalanlar təqib,
Mənim kimi olar ancaq düz olan.
Nurəddin Məmmədli:
Bizə xaric özü qurubdu tələ,
"İP"-də baş verməkdə hər gün zəlzələ,
Xəritən salmaqda cana vəlvələ,
Sən bir dərd satansan, bizik dərd alan.
Sərdar Cəlaloğlu:
Xaric etməz səni tox daş-başınla,
Yaşaya bilməzsən çox daş-başınla,
Düşünə bilmirsən ayıq başınla,
Xülyaya qovuşar xəyala dalan.
Nurəddin Məmmədli:
Yorub beynimizi böhtan, yalanlar,
Sizdə təklifçilər, bizdə klanlar,
Daha çox münasib bizim planlar,
"İP" Qırat-Düratdı, ADP qulan.
Sərdar Cəlaloğlu:
Hər qaranlıq gecə zülmət şəb deyil,
Xarici qrantlar, sözsüz, həb deyil,
Sizdə klançılıq çox da dəb deyil,
Qərbin güdazına gedər hər klan.
Nurəddin Məmmədli:
Xarici qonorar bizlərə paydı,
Bosslar bizim "İP"-ə yaxşı daydaydı,
Kim ki, xəritəni obyektiv saydı,
Salınar belinə çoxsaylı palan.
Sərdar Cəlaloğlu:
Bir vaxt Əli-İsa çıxmazdı bardan,
"İP" Qərbə baxaraq yapışıb vardan,
Mənim xəritəmi asıb divardan,
Kür təki dalğalan, Araz tək bulan.
Nurəddin Məmmədli:
"İP" qəbul eyləmir ucuz jestləri,
Soxma ürəyimə iti neştəri,
Biz sənə olmarıq yaxşı müştəri,
Götür xəritəni, get ayrı dolan.
Mirzə QƏRƏNFİL