PDF Oxu

Köşə

  • 1 247

Müxalifət kütləvi aksiyalara hazırlaşır

Müxalifət kütləvi aksiyalara hazırlaşır

Vurğun Əyyubov:


Artır günü-gündən bu gün həvəslər,

Mitinq, yürüş deyə çıxmaqda səslər,

Gəlib bir araya müxalif kəslər,

"İP" mitinq planı hazırlamaqda.


Araz Əlizadə:


Kütləvi aksiya baş tutmaz, inan,

Nahaq verirsiniz yalançı fərman,

Olmadınız əsla bir "gül"ə dərman,

Fayda axtardınız siz qolçomaqda.


Vurğun Əyyubov:


Mitinq istəməyən Lalə "Madam"dı,

Küçə yürüşləri arzudu, kamdı,

"Yurd" Əli olduqca nikbin adamdı,

İsa saxlamaqda qəlyan damaqda.


Araz Əlizadə:


Nə qədər gedərsiz dovğalar üstə,

"İP" də alçalmaqda lovğalar üstə,

Qərb sizi kökləyir qovğalar üstə,

Bossların özləri kefdə-damaqda.


Vurğun Əyyubov:


Qərbdən qrant axar qatırlar ilə,

"İP" zəngin radikal kadrlar ilə,

Meydanı doldurruq çadırlar ilə,

Narıncı geyimdə olsa yamaq da.


Araz Əlizadə:


Sən bədnam adamsan "İP"-dirsə dayın,

Bossu, özünüzü az yüksək sayın,

Çox da Qərb puluna arxalanmayın,

Canınız çıxacaq zorba çomaqda.


Vurğun Əyyubov:


Düzdü, yüklənmişik böhtan, şər ilə,

İstərik üzləşək bol bəhər ilə,

Meydan doldururuq kütlələr ilə,

Qərb pizza buraxır bizə sumaqda.


Araz Əlizadə:


Çox sərviyyəsizlər sayıldı ulu,

İflasa uğradız seçəndə yolu,

Sizin mənəviyyat üfunət dolu,

Dərdinizə əlac yox heç bir maqda.


Vurğun Əyyubov:


Əslində, hamımız avara, veyil,

Bizə pul göndərən təkcə Qərb deyil,

Lazım gələn anda eylədik meyil,

Tapdıq biz dəstəyi İran, İraqda.


Araz Əlizadə:


Güdaza getdiniz bossun yolunda,

Xaricin narıncı cındır çulunda,

Ruhunuz, canınız Qərbin pulunda,

Necə divin canı sirli çıraqda.


Vurğun Əyyubov:


Qabını çatladar tünd olsa sirkə,

Meydanda çıxarıq bürünüb kürkə,

Kütləvi yürüşə gələrik birgə,

Bizi görərsiniz silah-yaraqda.

Araz Əlizadə:


Lider var süqutçün alışıb yanar,

Lider var pul üçün əslini danar,

Tez alışan kəslər çox tez də yanar,

Sonda qalarsınız saqqal daraqda.


Vurğun Əyyubov:


Yürüşün-mitinqin asandı üçün,

Orta istedadın talantı üçün,

Qərbin cüzi miqdar qrantı üçün,

İmdad axtararıq çəkic-oraqda.


Araz Əlizadə:


Yalnız boss arxanız, dirəyinizdi,

Bol qrant döyünən ürəyinizdi,

Nə piket, nə mitinq gərəyinizdi,

Xoşbəxtlik tapdınız viski, araqda.


Vurğun Əyyubov:


Qərbə qədərindən artıq naz satdıq,

Boss payına xeyli məzə də qatdıq,

Özümüzü oda, közə də atdıq,

Bu cür qənimətçün yatdıq marıqda.


Araz Əlizadə:


Rüsvayçı olmazdı təməl sahibi

Sizlər təməlçi yox, bir kəl sahibi,

Özünüz bomboş bir əməl sahibi,

Arzunuz həkk oldu boş bir varaqda.

Vurğun Əyyubov:


Radikal qurumlar bir bədəndə can,

Bizimçün maraqlı deyil rütbə, san,

Qəbul da edərik aşağı ad-san,

Bizlər bom-bolluca qrant soraqda.


Araz Əlizadə:


Sanma ki, bəxtiniz sizə güləcək,

Sizdən üz döndərir gerçək gələcək,

Xaricdən bolluca qrant gələcək,

Yanıb qovrulmaqda "İP" də maraqda.


Vurğun Əyyubov:


Dedim bədxahlığı biz "İP"-ə yazaq,

Bu cür qurumlara dar qəbir qazaq,

Qərb də, bu bosslar da bizlərdən uzaq,

Doğrudan, qalmışıq biz bir qıraqda.


Araz Əlizadə:


Bütün qüsurları malala, gizlə,

O bosslara doğru sürünün dizlə,

Siz də öz təzadlı taleyinizlə,

Dərin intizarda, bir də fəraqda.


Vurğun Əyyubov:


Bildik özümüzə caiz yürüşü,

Təşkil edərik yüz faiz yürüşü,

Tezliklə başlayar payız yürüşü,

Xoş güzar gözləyir bizi qabaqda.


Araz Əlizadə:


Sizə biganədi artıq Qərb, quzey,

"İP"-də dəbdə olan ancaq viski, mey,

Sizə vəd olunmur nəsə şirin şey,

Zəhər qaynamaqda sizin tabaqda.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər