PDF Oxu

Köşə

  • 1 215

Müxalifətdə hər lider öz şəxsi mənafeyini güdür

Müxalifətdə hər lider öz şəxsi mənafeyini güdür

Lalə Hacıyeva:


Şərdən-şamatadan törənibdi "İP",

Gedib lap dalana dirənibdi "İP",

Artıq bir qurum tək iylənibdi "İP",

"6-lar" əlində radikal açar.


Qabil Hüseynli:


Qərargahlarına sərin deməkdə,

Hər lider qabına dərin deməkdə,

Hamı ayranına şirin deməkdə,

Cibimi güdürəm özüm də naçar.


Lalə Hacıyeva:


Hər biri önündə sərt uçurumlar,

Hədyanlar, hərzələr, qalmaqal, bumlar,

Paytaxtda bizlərdən başqa qurumlar,

Bizi görən kimi qabaqdan qaçar.


Qabil Hüseynli:


Çoxu pul axtarır Çində, Maçində,

Lider var özünün keşməkeşində,

İsa da, Əli də "İP"-ni içində,

Oldu bizimkilər bəlaya düçar.


Lalə Hacıyeva:


Yeyə bilməyəcək radikal şəkər,

Kədər yüklərini özləri çəkər,

Kim bizi udmağı düşünsə əgər,

Dərin uçurumun dibinə uçar.


Qabil Hüseynli:


Bütün qərargahlar şərab-çaxırlı,

Liderlər narahat köçlü-naxırlı,

İfratların içi paslı-paxırlı,

Radikallar üzdə parıltı saçar.



Lalə Hacıyeva:


Fəlakət üz verib həm "İP"-lərinə,

Köçüblər zülmətin lap diblərinə,

Gözləri zillənib boss ciblərinə,

Bunlardan baş açmaz heç polyak, macar.


Qabil Hüseynli:


Heç biri də çəkmir başına daraq,

Deyirlər fəlakət bizlərdən iraq,

"6-lar" kədərdən içərək araq,

Gözləyirlər çaxır olsun kəm macar.


Lalə Hacıyeva:


Bizlər yapışmışıq ancaq səbirdən,

Konflikt həll edilməz heç də cəbrdən,

Onlar elə bilir çıxıb qəbirdən,

Kömək edəcəkdir Məhəmməd Qacar.


Qabil Hüseynli:


"İP"-də, Müsavatda problem yoxdu,

Bizdəki uğurlar gözlərə oxdu,

Bunlar "6-lar"daha da çoxdu,

Hər bədxah başına min oyun açar.


Lalə Hacıyeva:


İsanın, Əlinin başı dikəlmir,

"İP"-də sevinc, şənlik göyə yüksəlmir,

Nə bossdan, nə Qərbdən bir gəlir gəlmir,

Bu, onu, o, bunu ağlayıb qucar.

Qabil Hüseynli:


Radikal başlardan asılıb duman,

Cibiboş liderlər etməkdə aman,

A Lalə, meydana qayıdan zaman,

Bossdan pul almağı üsullu bacar.


Lalə Hacıyeva:


Qarşımızda Qərbdi, arxada Turan,

Bizi qorxutmamış nə qar, nə boran,

Arxadı bizlərə Quba, Lənkəran,

Bizim "6-lar"ı dəstəklər Ucar.


Qabil Hüseynli:


Künc-bucaqda gəzir liderlər gic-gic,

"İP"-dəkilər acgöz, liderlər simic,

Yaxşı pul verirdi əvvəllər xaric,

Bədxahlar bizi də eylədilər xar.


Lalə Hacıyeva:


A Qabil, sən özün bir xaricə cum,

Bəlkə boss cibinə tökəcəkdi tum,

"İP" zəif rəqib tək iflasa məhkum,

Pullar "6-lar"ın cibinə axar.


Qabil Hüseynli:


Bossun növbəsinə durmayın hədər,

Qərb sizə həmişə gətirər kədər,

Biz qrant alaraq kifayət qədər,

"6-lar" həsrətlə kənardan baxar.

Lalə Hacıyeva:


İsanın qəlbinə sallam vəlvələ,

Bizə axan qrant dönəcək selə,

Qərbdə bossları da alarıq ələ,

Bizim qurum "İP"-i yandırıb-yaxar.


Qabil Hüseynli:


"6-lar" canına vicvicə sallıq,

Siz yox, biz hər bossun yadında qallıq,

Biz nə alarıqsa, üsullu allıq,

Sizin o qazancdan üfunət qoxar.


Lalə Hacıyeva:


Düyünə düşübdü "İP"-in işləri,

İflasa məhkumdu hər gedişləri,

Əlinin, İsanın tamah dişləri,

"İP"-in başını da tez yerə soxar.


Qabil Hüseynli:


Mən liderlərimlə oturram barda,

Sizin altı lider durar kandarda,

"6-lar" həmişə qalar kənarda,

Bizim "İP" yenidən qabağa çıxar.


Lalə Hacıyeva:


Bossların "İP"-dən də üzləri dönüb,

Qərbin radikaldan gözləri dönüb,

İsada, Əlidə iradə sönüb,

İradəm bir neçə "İP"-çini yıxar,


Qabil Hüseynli:


Pulun azı bizim, çoxu liderin,

Çatmır pul tapmağa duxu liderin,

İndi öləziyib ruhu liderin,

Bosslar ruhumuza hopdursun buxar.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər