PDF Oxu

Köşə

  • 1 229

Müxalifətin Milli Məclisə alternativ yaratdığı “Xalq Məclisi” süqut etdi, indi də “Xalq Hərəkatı” yaratmaq ideyası ortaya atılıb

Müxalifətin Milli Məclisə alternativ yaratdığı “Xalq Məclisi” süqut etdi, indi də “Xalq Hərəkatı” yaratmaq ideyası ortaya atılıb

Vurzun Əyyubov:


Boş durduq, boss bizə qida vermədi,

Qrant verən Qərb də əda vermədi,

"Xalq Məclisi" bizə fayda vermədi,

İndi yaradarıq "Xalq Hərəkatı".


Fuad Qəhrəmanlı:


A kütlə, sən bizim hərəkata gəl,

Oxuyaq səninçün füsunkar qəzəl,

Bu yeni hərəkat məclisdən gözəl,

"İP"-də dəyişəcək sönük həyatı.


Vurğun Əyyubov:


Bir məsləhət verim sözün sonunda,

Sizə qoy gəlməsin iblis donunda,

Əlbəttə, biz bu hərəkat fonunda,

Xalqa oxuyarıq şirin bayatı.


Fuad Qəhrəmanlı:


Çoxları heç baxmaz bəd kəsirinə,

Çevrilib əbədi bir əsirinə,

Kütlələr düşəcək xoş təsirinə,

Sallıq cəngimizə, hətta Heratı.

Vurğun Əyyubov:


Təşviqatı başa yeritmək üçün,

Kütlə ürəyində tez bitmək üçün,

"Xalq Hərəkatı"nı vəsf etmək üçün,

Özüm oxuyaram pəsdən "Heyratı".


Fuad Qəhrəmanlı:


Bu işdə iş keçməz neştərsiz, bizsiz,

Bizim "Xalq Məclisi" qalıbdı gözsüz,

Bu "Xalq Hərəkatı" şəninə, sözsüz,

Özüm gurladardım yolda "qradı".



Vurğun Əyyubov:


Biz qalib də gəldik hər dərdə, əlbət,

Burda lazım deyil heç pərdə, əlbət,

Əli də, İsa da bu yerdə, əlbət,

Şahə qaldırardı bu cip Qıratı.


Fuad Qəhrəmanlı:


O, bizi maqnit tək özünə çəkdi,

Hərəkat, əlbəttə, böyük istəkdi,

Zəncilər özü də bizə dəstəkdi,

"İP"-ə cəlb etmişik xeyli mulatı.


Vurğun Əyyubov:


Hamı fərəhlidi, əhvallar da şad,

İnşallah, yaranmaz aramızda çat,

Elə ki, yarandı "Milli Hərəkat",

"İP"-ə toplayarıq bütün elatı.


Fuad Qəhrəmanlı:


Üzvlər də ələkdə ələnməkdədi,

Bədxah özbaşına sülənməkdədi,

Hərəkat küləyi güclənməkdədi,

Bizə çatacaqdı xalis boyatı.


Vurğun Əyyubov:


Bizi təhdid edir iflas his kimi,

Kiməsə gəlməkdə bəlkə pis kimi,

Düzü, "Xalq Məclisi" yumşaq mis kimi,

Bu qurum yumşaldar möhkəm poladı.

Fuad Qəhrəmanlı:


Bosslar yelləncəkdə yelləndirəcək,

Bizi səmt küləyi helləndirəcək,

"İP" onu düz səmtə yönləndirəcək,

Bu "Xalq Hərəkatı" güclü qaladı.


Vurğun Əyyubov:


Burda bossların da çox səyi olub,

Bizə, sözsüz, Qərbin köməyi olub,

Hərəkat hamının əməyi olub,

Burda rol oynamır İsa soyadı.


Fuad Qəhrəmanlı:


Əvvəllər qoyurduq çox ləng, daşları,

"İP" çox hellədibdi nəhəng daşları,

Biz onun xırdaca məhək daşları,

Bu "Xalq Hərəkatı" möhkəm qayadı.


Vurğun Əyyubov:


Pul lazım bosslardan hər xodu üçün,

Hərəkat deyildir hər lotu üçün,

Qurumun həm duzu, istotu üçün,

Bizə çox lazımdı Fatı blatı.


Fuad Qəhrəmanlı:


Hər qurumçün tökmək olmaz göz yaşı,

Bunu başa düşməz həddən çox naşı,

"İP", sözsüz, bunların böyük qardaşı,

Məclis hərəkatdan xeyli baladı.

Vurğun Əyyubov:


Elə ki, bir qədər pisləşdi durum,

Qarşıda göründü geniş uçurum,

Gətirməkdən ötrü əsrəyə qurum,

Çoxları xaricdə boşqab yaladı.


Fuad Qəhrəmanlı:


Aldırıb qadın tək qaşını azca,

Həm də göstərəndə yaşını azca,

Biz boş buraxanda başını azca,

Reytinqsiz liderlər "İP"-i taladı.


Vurğun Əyyubov:


Həm də arxa bilib bu boss sipəri,

İstərik "İP" üstdən götürək şəri,

Yola gətirməkçün qarətçiləri,

Qoyarıq stola paytaxt salatı.


Fuad Qəhrəmanlı:


Çoxu ağzımızı tutdu bulvara,

Biz gedib orada qaldıq avara,

Narıncı geyimi atıb kənara,

Geydik əynimizə bomboz xalatı.


Vurğun Əyyubov:


Çox qurum yaradıb, düzəltmişik bum,

Bosslar pul göndərsə, düzələr durum,

Göstərib xaricə yeni bir qurum,

Allıq boss əlindən çoxlu baratı.


Fuad Qəhrəmanlı:


Gələr başımıza bəla pis kimi,

Başımız üstünə çökər sis kimi,

Hərəkat da gedər o məclis kimi,

Qalar əlimizdə bir içalatı.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər