Mirmahmud Fəttayev:
AMİP-in getməsi bizi beş etdi,
Yorub əldən saldı, sonra leş etdi,
Bu sabit durumu keşməkeş etdi,
Ancaq çıxış yolu tapa bilərik.
Əli Əliyev:
Boss asıb bir yekə kasa əlindən,
Çıxıb hər birinin masa əlindən,
Etibar əlindən, İsa əlindən,
Qazancı səmada qapa bilərik.
Mirmahmud Fəttayev:
Biz baş qoymamışıq əsla balınca,
Çapdıq beşimiz də yalın qılınca,
Bossların yanınca qrant dalınca,
Qərbə biz dördnala çapa bilərik.
Əli Əliyev:
Sürüşüb aşağı maya üstündən,
Keçərik üsullu qaya üstündən,
Keçib tənginəfəs dərya üstündən,
Yerdən ildırım tək qopa bilərik.
Mirmahmud Fəttayev:
Qaldıra bilərik göyə topu da,
Çox uca tutarıq hapı-gopu da,
Daxildə ən güclü mikroskopu da,
Əlbəttə, biz adi lupa bilərik.
Əli Əliyev:
İş çətinə düşər soncuqlar itsə,
Adam çılpaq qalar doncuqlar itsə,
Əlbəttə, qəflətən muncuqlar itsə,
Keçirib iynədən sapa, bilərik.
Mirmahmud Fəttayev:
Bosslar İsa üstə fəhlə tökür ki,
Üstümə radikal məhlə tökür ki,
"İP"-çilər o qədər zəhlə tökür ki,
Hətta yolumuzdan sapa bilərik.
Əli Əliyev:
Əgər ölüyüksə, çoxları diri,
Burdan yararlanır Moskva meri,
Burda var hər kəsin məxsusi yeri,
Bir yığın ifratı topa bilərik.
Mirmahmud Fəttayev:
Saxlarıq 10-larla toyuq otaqda,
Baş da çıxararıq oyuq otaqda,
Dözüb dura billik soyuq otaqda,
İsinən otağı soba bilərik.
Əli Əliyev:
"İP"-çilər dadardı lap adam dadı,
Mənə xoş gəlməkdə tut, badam dadı,
Qalıb ağzımızda ləziz tam dadı,
Borşa bilməsək də, supa, bilərik.
Mirmahmud Fəttayev:
Ayırıbdı bizi sərt divar özü,
İsa "İP" içində oldu xar özü,
Çıxdı "6-lar"dan Etibar özü,
"5-lər"də yaxşı iş yapa bilərik.
Əli Əliyev:
Hamımız düşmüşük Nuh gəmisindən,
Faydalanmaq olmaz tip zəmisindən,
Biz taxıl biçmərik İP" zəmisindən,
"5-lər" buğdamızı arpa bilərik.
Mirmahmud Fəttayev:
"İP"-də Əli-İsa bərkdən mələyər,
Bizim beş liderə ölüm diləyər,
Bosslar da beş başa qrant ələyər,
Qrant kisəsini zorba bilərik.
Əli Əliyev:
Qrant dilənçisi - çölük, bayırıq,
İsanın-Əlinin ağzı ayırıq,
"İP"-də düşmənləri zəif sayırıq,
Biz öz dostumuzu zorba bilərik.
Mirmahmud Fəttayev:
Daha gücsüzlərçün vuran qamçıyıq,
"İP"-çi qarnı üçün ağır sancıyıq,
Üstümüz unludu, dəyirmançıyıq,
Biz üst-başımızı çırpa bilərik.
Əli Əliyev:
Bosslar dadımıza gəlib yetməsə,
Bizim ardımızca İsa getməsə,
"5-lər" planını qəbul etməsə,
"İP" yetkilisini çırpa bilərik.
Mirmahmud Fəttayev:
Başımız üstündə əgər "İP" səksə,
Başını kəsərik, əgər qan töksə,
Kirpik qırmaq güclü dəstək deməksə,
Kirpiklərimizi qırpa bilərik.
Əli Əliyev:
Rəqib qazlı, bizlər nazlardan yekə,
"İP"-çilər danışır bazlardan yekə,
"5-lər" hinduşkadan, qazlardan yekə,
"İP"-i, "İP"-çiləri çolpa bilərik.
Mirmahmud Fəttayev:
Xaricə gedəni cırıb kəsərsə,
Qərb də əlaqəni qırıb kəsərsə,
Boss birdən qrantı xırıp kəsərsə,
Bunu özümünçün turba bilərik.
Əli Əliyev:
İsa da, Əli də trus xaloğlu,
Etibar Məmmədov virus xaloğlu,
Jirinovskini urus xaloğlu,
Sarkozini isə baba bilərik.
Mirmahmud Fəttayev:
Bosslar öz səsini sonor eləsə,
Vaşinqton uzaqdan fanar eləsə,
"İP" bizi yolundan kənar eləsə,
Silahı lapatka, yaba bilərik.
Əli Əliyev:
Sevinnik Qərb bizə 10 küpə versə,
İsa-Əli kimi bir tipə versə,
Boss pulu bizə yox, tərs "İP"-ə versə,
Bu cür davranışı qaba bilərik.
Mirzə QƏRƏNFİL