Əhməd Oruc:
Bunları xarici tələ dik tutur,
Bossları önündə kölə-dik tutur,
Əli bəy başını elə dik tutur,
Elə bil biz nökər, özü klandı.
Əli Kərimov:
Bilməyib, bilməz də küy-kələk adım,
"İP"-də ön sırada, bil, zəvzək adım,
"Qara siyahı"da guya bəy adım,
Şayiə yayırlar, tamam yalandı.
Əhməd Oruc:
Hər biri köklənib ali yek üstə,
Guya dayanıblar uca dik üstə,
Burda qırğın gedir liderlik üstə,
"İP"-də ötür-ötür, talan-talandı.
Əli Kərimov:
Şayiə yayanın özü ki, gedir,
Qəlbinin alovu, közü ki, gedir,
Bu "qara siyahı" sözü ki, gedir,
Mənə yönəldilmiş qəsddi-plandı.
Əhməd Oruc:
"İP"-çilər ən ağır şələ aparır,
Hər biri özünü lilə aparır,
Əli bəy özünü elə aparır,
Guya bir mömindi, namaz qılandı.
Əli Kərimov:
Əhmədlərin sayı çatıbdı yüzə,
Hər biri himə bənd, durmaqda üzə,
Bədxahlar özünü qoyublar düzə,
Məni gözdən salan filan-filandı.
Əhməd Oruc:
Biz kasıb bəndələr hərbin nökəri,
İsa bossdan gələn zərbin nökəri,
Əli bəy, əslində, Qərbin nökəri,
Zənn edir belində qızıl palandı.
Əli Kərimov:
Əvvəl dəstəkləyən kəslər çox oldu,
Biz tənbəl işlədik çoxu yox oldu,
Bossa əl açanın qarnı tox oldu,
Qrant almayanlar kasıb dolandı.
Əhməd Oruc:
Tez-tez təxribata qatılan agent,
"İP"-də bir kənara atılan agent,
Əli bəy - xaricə satılan agent,
Nədənsə özünü bəxtəvər sandı.
Əli Kərimov:
Üzdü qurumunda göllərlə Əhməd,
Gəzdi səhralarla, çöllərlə Əhməd,
Oldu buyruq qulum illərlə Əhməd,
Qulxislət olsa da, o, bunu dandı.
Əhməd Oruc:
Əsla quran deyil - Əli dağıdan,
Liderlər ibarət "İP"-də yağıdan,
Can atır ki, çıxsın bu siyahıdan,
Əli bu fəndiylə şahmar ilandı.
Əli Kərimov:
İqtidarda idim - əsil gəlhagəl,
Elektorat görüb, edirdi gəl-gəl,
Naharı Nyu-Yorkda edərdim əvvəl,
Zavtrak ünvanım Madrid, Milandı.
Əhməd Oruc:
Əlinin qaşı da, gözü canalan,
Şirin danışığı, sözü canalan,
Əl altdan axtarır özü canalan,
Onun özü əsil canlar alandı.
Əli Kərimov:
Bir ovuc təpədi, onu dağ edir,
Ən pis etirafı bir yaltaq edir,
O, indi qudurub mənə lağ edir,
Əhməd Oruc özü küncdə qalandı.
Əhməd Oruc:
Dedi savadlıyam, kodla oynadı,
Yaralanan kimi yodla oynadı.
Bu ƏliKərimov odla oynadı,
Axırda da özü oda qalandı.
Əli Kərimov:
Lənət bu Əhmədə, lənət cins ata,
O özü bənzəyir çox bəd cins ata,
Özünü bənzədir Əhməd cins ata,
Ancaq qatırxislət adi qulandı.
Əhməd Oruc:
İsa milyon, qəpik qazanıb Əli,
Bosslardan bol çəpik qazanıb Əli,
Həmişə də təpik qazanıb Əli,
Keçənlər keçəndi, olan olandı.
Əli Kərimov:
İsa Qəmbərovla tən qrant aldım,
Əhməd dərdə düşdü, şən qrant aldım,
Bosslardan həmişə mən qrant aldım,
Həmişə Əhmədin ağzı sulandı.
Əhməd Oruc:
Əli Kərimovda ondu nəzərlər,
Bossların cibinə qondu nəzərlər,
İsaya baxanda dondu nəzərlər,
Əliyə baxanda ürək bulandı.
Əli Kərimov:
Əhməd kimiləri hədər radikal,
İsa özü məndən betər radikal,
Adımız sonsuza qədər radikal,
Əhməd siyasətdə çox tez solandı.
Əhməd Oruc:
İsanın, Əlinin kinləri parlaq,
Həm də ki, yalançı dinləri parlaq,
Əhmədin gələcək günləri parlaq,
Əlinin, İsanın sonu dalandı.
Əli Kərimov:
Düşməyib müsbət bir rəy cərgəsinə,
Daim urcah olub səy cərgəsinə,
Gəlib qoşulubdu bəy cərgəsinlə,
Əhməd elə bilir sultandı, xandı.
Mirzə QƏRƏNFİL