Araz Əlizadə:
İfrat mövqelilər ömrü qısalıb,
Bizim radikala maraq azalıb,
Xarici qüvvədən asılı qalıb,
Qərb də yığmaqdadı "İP"-in ipini.
Vurğun Əyyubov:
"İP"-i bəyənməkdə bu gün Qross da,
Çoxlu pul verəcək, şəksiz, Soros da,
Bizə inanmaqda xaricdə boss da,
Artır başımızda qrant səpini.
Araz Əlizadə:
Bir sent düşməyəcək yüz işləyənə,
Hətta qoyulacaq göz işləyənə,
Düzünü ötürüb düz işləyənə,
"İP"-ə verəcəkdi pulun çəpini.
Vurğun Əyyubov:
Biz çox yararlandıq, bəli, bosslardan,
Ağıllı söz gəlib dəli bosslardan,
Ali ənam alar Əli bosslardan,
İsaya verəcək Soros cipini.
Araz Əlizadə:
Qərbdə maliyyəçi, sözsüz, yağlıdı,
Onu dingildədən aydın ağlıdı,
Xarici bossların cibi bağlıdı,
Çətin açsın sizə xaric cibini.
Vurğun Əyyubov:
"İP" də oyatmayıb Şimal ayını,
Daim tərifləyər Soros dayını,
Çatdırıb onlara qrant payını,
Yatırar həm Əli, İsa köpünü.
Araz Əlizadə:
Yormayıb siz daim əng, işləsəniz,
Edib qrant üçün zəng, işləsəniz,
Əgər sizlər bu cür ləng işləsəniz,
Boss sizə yeridər virus çöpünü.
Vurğun Əyyubov:
Bizimkilər Qərbə ətək verirlər,
Bosslar "İP"-imizə istək verirlər,
Əliyə ölkədə dəstək verirlər,
İndi İsanın da açıqdı önü.
Araz Əlizadə:
Boşalıb, zəifdi lider biləyi,
Çoxdan ələnibdi "İP"-in ələyi,
İsa boşaltmışdı artıq çəlləyi,
Əli axtaranda çaxır küpünü.
Vurğun Əyyubov:
Ayaz qaçan kimi başlandı "koman",
Uçmuşdu başına demokrat koman,
Əli meyxanaya güc verən zaman,
Yaxşı əzbərləyib İsa repini.
Araz Əlizadə:
Günün pis keçərdi bəy, mest olmasa,
Səni seçməzdilər, həm test olmasa,
Nə vaxtsa xaricdən bir jest olmasa,
"İP" öldürə bilməz, hətta çibini.
Vurğun Əyyubov:
Meydanda yerini sən var edəndə,
Zərdüştlə cəbhəni sən dar edəndə,
Səni özümüzdən kənar edəndə,
Düzgün müəyyən edə bildik tipini.
Araz Əlizadə:
Əli meydanda öz qəbrini qazdı,
Müsavat ətrafı yolunu azdı,
Başa düşəndə ki, dəstəkçi azdı,
İsa ön plana çəkmişdi dini.
Vurğun Əyyubov:
Sən də, qardaşın da zəlil-xar lider,
Özü də bilirsən, bizdə var lider,
İsa da, Əli də "Əməkdar lider",
Sən saya bilərsən özünü yeni.
Araz Əlizadə:
Gör "Soros" fondunda pul var, pul dilən,
Çanaq-çanaq, ya da xalvar pul dilən,
Qərbdən şirin dillə yalvar pul dilən,
Bossun əsəbində tutacaq cini.
Vurğun Əyyubov:
Etdin sən Ayazı partiyana paz,
İstə sən yeşyo raz, yeşyo, yeşyo raz,
Üz tut Moskvaya, pul istə, Araz,
Ayaz çinədana doldursun dəni.
Araz Əlizadə:
Hərəkət özündən, məsləhət bizdən,
İsanın, Əlinin dalında gizdən,
Həmişə də yapış əllidən-yüzdən,
Gözünün altına gətirmə mini.
Vurğun Əyyubov:
Xəzinə çıxartdıq ölünün altdan,
Nitqin çölə çıxmır dilinin altdan,
Qrant bizə qaçıb, əlinin altdan,
Çox da göylə getmə, gəl boşalt şini.
Araz Əlizadə:
Saldın öz başına daşı, bilirsən,
Bildiyin hər şeyi naşı bilirsən,
Paradoks yaradır, yaxşı bilirsən,
Əlinin uzunu, İsanın eni.
Vurğun Əyyubov:
Nəfəsin də yalan, nəfsin də yalan,
Budu ürəyinə vicvicə salan,
Karına çatırdı əvvəllər dalan,
Daldalanmaq üçün seçmisən tini.
Araz Əlizadə:
Yenə əyri tutub əldə qavalı,
O, yuya bilməyib "İP"-də babalı,
Gəzir cinli-cinli, Əli havalı,
İsa dost edibdi özünə kini.
Vurğun Əyyubov:
Nuru əskik edib Qədər üzündən,
Hamımız bezmişik betər üzündən,
Yenə yağmaqdadı kədər üzündən,
Küsdürə bilməzsən bizim tək şəni.
Mirzə QƏRƏNFİL