PDF Oxu

Köşə

  • 1 311

Pənah Hüseynov “İP”-in “Koordinasiya Şurası”na qayıtmaq istəyir

Pənah Hüseynov “İP”-in “Koordinasiya Şurası”na qayıtmaq istəyir

Pənah Hüseynov:


Çox ambisiyanı ləğv eyləmişəm,

Riputasiyamı məhv eyləmişəm,

Mən ordan çıxanda səhv eyləmişəm,

"KŞ"-yə qayıtmaq istərdim yenə.


Əli Kərimov:


Qatlama dizini, dizinə qurban,

Hər bir ideyana, sözünə qurban,

Qayıt öz yerinə, gözünə qurban,

Pərəstiş etmişəm həmişə sənə.


Pənah Hüseynov:


Bir ideyamı da sata bilmirəm,

Gecə səhərədək yata bilmirəm,

AXP-dən "İP"-ə çata bilmirəm,

Aqillər elm üçün gedərdi Çinə.


Əli Kərimov:


"İP"-çilər ilini, bürcünü duyub,

Sən tək cilvildəyən cücünü duyub,

Sənin ideyanın gücünü duyub,

"İP"-çilər gələrdi imana, dinə.


Pənah Hüseynov:


"İP"-i öz başına kim tac eyləyib,

Kimi daha böyük amac eyləyib,

Adam var ideya ixrac eyləyib,

Adam var dayaqdı nifrətə, kinə.


Əli Kərimov:


Böhtan söyləyənə qənimdi, Allah,

Sənin özündədi günah, ay Pənah,

Adam var yüz minə pul demir, vallah,

Adam var şükr edir beş yüzə, minə.



Pənah Hüseynov:


Arzum öz yerimdə yatmaqdı təkrar,

Guya ki, istəyim atmaqdı təkrar,

Məqsədim "KŞ"-yə çatmaqdı təkrar,

Adam var nə desən, eyləyər tənə.


Əli Kərimov:


Bir-birinə dəyən səfeh adamı,

İşi burub əyən səfeh adamdı,

Çox səni sevməyən səfeh adamdı,

Sənin gəlişinçün cırardım sinə.


Pənah Hüseynov:


Vallah, qüsursuzam mən fələk kimi,

Dönürəm "KŞ"-yə xoş dilək kimi,

Təsir bağışlaram mən mələk kimi,

Məni bənzədən çox ifritə, cinə.


Əli Kərimov:


Ağıllı-başlı ol deyərdi Sədi,

Sən də çox vermişdin yalandan vədi,

Düşmənin düşməndi sənin əbədi,

Qorxuram ki, səni dostların yenə.


Pənah Hüseynov:


Başını yanımda kim dik edərsə,

Küçəni, meydanı həm çirk edərsə,

Kim mənə ilişib pislik edərsə,

Görüm o adamı düşsün pis günə.

Əli Kərimov:


Şrift çatdırmadıq şriftlərinə,

Bir qrif də çatmaz qriflərinə,

Kim şübhə edirsə təkliflərinə,

Qoy evi olmasın heç zaman binə.


Pənah Hüseynov:


Bu gün başdan aşır kədərin, qəmin,

Yenə gətiribdi, ay Əli, dəmin,

Taktikam xoşuna gəlməsə kimin,

Görüm bədəninə yapışsın gənə.


Əli Kərimov:


Qəlbdən qan axıdıb qanama, Pənah,

Çatar köməyinə "Anama", Pənah,

Sən Allah, gəl məni qınama, Pənah,

Deyəsən, sən "İP"-də gəlirsən dənə.


Pənah Hüseynov:


Bədxah işlər gördün sən bilə-bilə,

Daim yaxınlara qoymusan tələ,

Mürvət olmayıbdı heç bircə gilə,

Nə də insaf gördüm səndə bir dənə.


Əli Kərimov:


Kütlələri yorub çox ac etdin sən,

İqtidarda Qərbi tarac etdin sən,

Bu qədər ideya ixrac etdin sən,

Gərək möhkəm olsun əkginlə çənə.

Pənah Hüseynov:


Siyasətdə sərsəm havalı çoxdu,

Çoxunun sənin tək babalı çoxdu,

Həyatda sənin tək zavallı çoxdu,

Urcah olarsınız dumana, çənə.


Əli Kərimov:


Çıxmadı lüzumlu hədd təklifindən,

Aldın qoşa təpik, rədd təklifindən,

Danış sən özünün bəd təklifindən,

İsanı sevirsən, sataşma mənə.


Pənah Hüseynov:


Naxallıq mərəzi qanında qalıb,

Bədxahlıq hələ də canında qalıb,

"İP"-də sən İsanın yanında qalıb,

Azuqə yeməkdən vermisən enə.


Əli Kərimov:


Düşmən qazanmısan çox solluq edib,

Bədxah adamlara həm qulluq edib,

Sən çox kədərlisən, füzulluq edib,

Özünü yalandan bənzətmə şənə.


Pənah Hüseynov:


Başının üstündə qüllə olmasın,

Qoy heç tapançanda güllə olmasın,

Mənə nə başında kəllə olmasın,

İdeya mənimsə, onda sənə nə?!


Əli Kərimov:


Biz birgə getmişik, sən tək nol ilə,

Getmək çox çətindi sonsuz kol ilə,

Həmişə gedirdik doğru yol ilə,

Sən idin ki, qoydun yalan ənənə.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər