Təəssüf ki, indiki saatlarda "PKK", NATO-nun əsas gücünə və ordusuna sahib olan Türkiyədən bir neçə barmaq üstün görünür. Hər nə qədər acı da olsa, fakt budur. Düzdür, Türkiyə Ordusu elə dünən axşam Şimali İraqdakı "PKK" düşərgəsini bombalamağa, terror yuvasını yerlə-yeksan etməyə başlayıb. Amma unutmayaq ki, siyasət xəyallar və arzular sənəti deyil, REALLIQ SƏNƏTİDİR!
Artıq "PKK" terror təşkilatı Türkiyəni əməllicə sarsıtmağa başlayıb. Demək olar ki, bir neçə gün bundan əvvəl 21 türk əsgərini şəhid edən terror təşkilatı, qardaş ölkəyə qan ağlatmaqla yanaşı, eyni zamanda, hazırkı situasiyada Mustafa Kamal Atatürkün qurduğu dövlət üçün bir nömrəli düşmən olduğunu, bundan sonra da ən amansız və qəddar şəkildə hərəkət edəcəyini fakt olaraq ortaya qoydu. "PKK" bu qanlı addımı ilə həm də artıq "kürdlərin hüquqları uğrunda mübarizə aparan" təşkilat imicini qanlı və peşəkar terror təşkilatına dəyişmiş oldu. Türkiyənin əsas müttəfiqləri olan ABŞ və Avropa ölkələri baş verənlərdən çox narahat olduqlarını bildirdilər.
Artıq "PKK"-nın siyasi libasından əsər-əlamət də qalmayıb. Türkiyənin hazırkı Baş naziri Rəcəb Tayyib Ərdoğanın təxminən bir ildir ki, başladığı və barışdırıcılıq siyasəti nəzərdə tutan "Açılım" layihəsini qəti şəkildə rədd etdiyini, bir sıra Türkiyə dövlət adamlarının və siyasətçilərinin bu siyasətə "PKK"-dakı əksər qüvvələrin də müsbət yanaşdığı barədəki xəyalpərəst fikirlərinin reallığı əks etdirmədiyi tam şəkildə sübuta yetirildi.
Əslində, "PKK"-nın Türkiyəyə qarşı belə bir qəfil zərbəsinin arxasında təkcə onun terror təşkilatı olması faktı dayanmır. Sözün həqiqi mənasında, Yaxın Şərqdə Osmanlı İmperiyasının varisi kimi son günlər ciddi addımlar atan, demək olar ki, müsəlman ölkələri üzərində ciddi təsir imkanları olan Türkiyəni, bir sıra Avropa ölkələri və okeanın o tayındakı "müttəfiqləri" cəzalandırmaq qərarına gəliblər. Açıq şəkildə görünən fakt odur ki, Türkiyənin özünü Yaxın Şərqdə supergüc kimi təqdim etməsi və sürətlə bu regiondakı müsəlman dövlətlərini nəzarətinə keçirməsi, Avropanı əməlli-başlı ciddi şəkildə narahat edir. Elə Türkiyə Baş nazirinin keçən ay Barak Obama ilə Ağ Evdəki görüşdən bir həftə əvvəl Fransa və digər Avropa ölkələrini Yəmən və Liviya da daxil olmaqla, bir sıra müsəlman ölkələrinin təbii sərvətlərindən gözlərini birdəfəlik çəkməklə bağlı hədələməsi də, az məsələ deyildi və xristian ölkələrini Türkiyəyə "ciddi dərs verməyə" vadar edirdi.
Əslində, Türkiyənin 40-50 ildən sonra yenidən üzünü Avropadan Şərqə doğru çevirməsi, bu regionun lideri kimi hərəkət etməyə başlaması, AKP hökuməti tərəfindən atılan ən doğru addım idi. Çünki sadəcə ABŞ-ın bir müttəfiqi olaraq Ağ Evin əlaltısı kimi tanınmaq təhlükəsi ilə üz-üzə qalması, Türkiyə üçün yeni əsrdə ciddi ləkə kimi görünürdü. Bundan başqa, Avropa ölkələri də Türkiyəni saymamağa, hər vasitə ilə onu "vurmağa", 50 illik strateji müttəfiq olmalarına baxmayaraq, rəsmi Ankaranı Avropa Birliyinə bircə milli metr də olsun yaxın buraxmamağa çalışırdılar. Belədə isə, Türkiyə 21-ci əsrin elə ilk on illiyindəcə Avropanın diqtəsi ilə oturub-duran dövlət imicindən imtina edib. Yaxın Şərqdə strateji güc vahidi olmağa, nəinki Avropanın, bütün dünya birliyinin hesablaşacağı əsas dövlətə çevrilməyə qərar verdi. İndi isə bu addımının əzablı mərhələsini axıdılan türk əsgərinin qanı ilə keçməklə üz-üzə qalıb.
Amma Türkiyə, nə qədər qanlı-qadalı olsa da mütləq bu mərhələni keçməli olacaq. Təbii ki, "PKK"-nın və onun arxasındakı güclərə öz GÜCÜNÜ göstərməklə və onlardan GÜCLÜ olduğunu sübut etməklə!
MƏTLƏB