Araz Əlizadə:
"İP"-çilər, "6-lar" çox hay-küy salır,
Onlara xaricdən maraq azalır,
Müxalifət bu gün geridə qalır,
İslah olunmazdı ifrat radikal.
Arzu Səmədbəyli:
Qüvvədə Çingiz xan, monqol Batı mən,
İsanın sözüylə guya Fatı mən,
İslah edəcəyəm Müsavatı mən,
Başqan seçilməyim buna xoş misal.
Araz Əlizadə:
Keçsək bu mövzuya günah olunmaz,
Başqan postuna da tamah olunmaz,
İfratlar bir daha islah olunmaz,
Baha başa gələr sənə bu vüsal.
Arzu Səmədbəyli:
Bizim dərdimizə Qərb edər əlac,
O zaman qalmarıq yetkililər ac,
Bizə pul buraxıb boss versə rəvac,
Yerbəyer edilər pulla bu əmsal.
Araz Əlizadə:
İsanın əlindən çıxdı çox tava,
Sən qura bilməzsən özünə yuva,
Çənədən boşsunuz, ağızdan yava,
Uğursuzluğadı sizin bu timsal.
Arzu Səmədbəyli:
Biz kütlə, o isə lüks insan olub,
Cibini doldurub, qəlbi qan olub,
O, bizə həmişə pis başqan olub,
İsanı yıxmaqçün yüksəkdi əhval.
Araz Əlizadə:
Konflikt kükrəyib başa çıxıbdı,
Cüt şeş atmağınız qoşa çıxıbdı,
Sizin planınız boşa çıxıbdı,
Arzu-niyyətiniz olubdu pamal.
Arzu Səmədbəyli:
Başqan söz deməyə bizə endirmir,
Onu maşınına boss da mindirmir,
İsanı indi heç pul da dindirmir,
Mənim kimiləri dindirmir kamal.
Araz Əlizadə:
Qərbin marağı yox nemət açmağa,
Cəhd etmə beh verib, qiymət açmağa,
Lüzum yox kamaldan söhbət açmağa,
Yox səndə, İsada ən cüzi amal.
Arzu Səmədbəyli:
Məni qane edir İsa ilə hərb,
Onun ürəyində qalaqlanıb ərp,
Bizə pul verməkdən üz döndərsə Qərb,
Bunu öhdəsinə götürür Şimal.
Araz Əlizadə:
Yıxdı Müsavatı sürəkli hürüş,
Sən də zilə çıxma, en aşağı düş,
Yalançı göz yaşı, yalançı gülüş,
İndi dəbdə deyil yalançı camal.
Arzu Səmədbəyli:
Alaram, erməni göndərsə dram,
Məni qarşılayar Parisdə Aram,
İsadan yaxşı bir başqan olaram,
Mənə gənc "İP"-çilər verəcək medal.
Araz Əlizadə:
Cibgir tək ciblərə soxulacaqsan,
Oturub yerində qaxılacaqsan,
İsadan hündürdən yıxılacaqsan,
Arzu-xülyaların deyildir real.
Arzu Səmədbəyli:
İsanın getməsi bizlərə bəsdi,
Bir onu yıxmaqdı dostların qəsdi,
Bosslar verməsə də böyük pul dəsti,
Yəqin boss bağışlar bir parça "Opal".
Araz Əlizadə:
Nə Tanya alqışlar səni, nə Meqqi,
Bir İsaya görə danmayın həqqi,
Səni məşğul edir hansı tərəqqi?
Sizi gözləməkdə de, hansı iqbal?
Arzu Səmədbəyli:
Başından böyükdü həm də qələti,
O, biabır edib eli, milləti,
İsa getməkdədi deyirik qəti,
Bizi düşündürmür bu axmaq sual.
Araz Əlizadə:
Əsla öyünmə ki, münasib bəy sən,
Sonradan İsaya deyərsən əhsən,
Döymə sinənə ki, yaxşı lidersən,
İsa çolaqdısa, sizlər şil, topal.
Arzu Səmədbəyli:
Eşitdik ki, Qərbdən bizə par gəlir,
Onun çox qalması bizə ar gəlir,
Artıq başqan postu ona dar gəlir,
Atılar İsa bəy sanki bir motal.
Araz Əlizadə:
İsa tək küt getmiş bir gündəsiniz,
Allahın altında pis bəndəsiniz,
Hamınız o qədər bəd gündəsiniz,
Sizə çarə etməz nə Rac, nə Qopal.
Arzu Səmədbəyli:
Quruma bağlayan bizi and idi,
Onu məşğul edən çox qrant idi,
İsa qərargahı kvadrat idi,
Mənim kabinetim olacaq oval.
Araz Əlizadə:
Heç zaman da ölmür xəbis qurdunuz,
Quzğun tək qərbliyə cəld cumursunuz,
Dərd-azar bilmədən pul umursunuz,
Sizə rəqs etməkçün lazımdı qaval.
Arzu Səmədbəyli:
Təmsil etməkdəyik bizlər solları,
Ayrıldı başqanın bizdən yolları,
Cibinə yığardı İsa dolları,
Mən qrant yığardım tapsaydım çuval.
MİRZƏ QƏRƏNFİL