Tahir Kərimli:
Arzu-diləkləri dönübdü külə,
Düşüb canlarına təlaş, vəlvələ,
Xaricdən qazancı olmayıb hələ,
Radikal itirə-itirə gedir.
Əli Orucov:
Ətrafda artmaqda avam leşlər də,
İsa da, Əli də keşməkeşlərdə,
İtki çoxalanda "İP"-də, "5-lər"də,
AMİP də yetirə-yetirə gedir.
Tahir Kərimli:
Yəqin heç tarlası yetirmir yonca,
Radikal yetkili düşüb qulunca,
Bosslar senti səpsə qabaqlarınca,
İfratlar götürə-götürə gedir.
Əli Orucov:
Dağılır dediksə, dağılır demək,
Ağır bir problem onlarçün əmək,
Bosslar əllərinə versələr yemək,
Yolboyu ötürə-ötürə gedir.
Tahir Kərimli:
Atılıb kənara çoxdan mitili,
Ayaqlar altına düşüb kətili,
Boss versə onlara hansı şitili,
Tarlada bitirə-bitirə gedir.
Əli Orucov:
İfratlar hər şeyi çoxdan danıbdı,
Onlar suda batıb, odda yanıbdı,
Guya Qərbdə qrant qalaqlanıbdı,
Radikal götürə-götürə gedir.
Tahir Kərimli:
Onlar hissə gəlib, duyuq düşəndə,
Sərxoşluq səngiyib, ayıq düşəndə,
Başına gün dəyib, soyuq dəyəndə,
Bizim müxalifət çətirə gedir.
Əli Orucov:
Hövlanak oyanıb, kal dayanırlar,
Dindirilsələr də, mal dayanırlar,
Sual verilsə də, lal dayanırlar,
Yazılar sürətlə titrə gedir.
Tahir Kərimli:
Yarımçıq çeynəyir son tikəsini,
Almır nəfəsini, qısır səsini,
Qısaldır xaricə məsafəsini,
Yolu santimetrə, ya metrə gedir.
Əli Orucov:
Çox vaxt boss puluyçün ölür, bayılır,
Bəzən də yuxa tək nazik yayılır,
Bəzən yuxulardan sərsəm ayılır,
Xaricə qrantçün ətirə gedir.
Tahir Kərimli:
Bəzən radikallar blata dönür,
Bəzən şahə qalxıb o, ata dönür,
Bəzən bossu üçün zəkata dönür,
Bəzən o məqsədlə lap fitrə gedir.
Əli Orucov:
Hələ ki, radikal itirir qrant,
Həvəsə gələndə ötürür qrant,
Bossdan qalaq-qalaq götürür qrant,
Acaq həmkarlara o, qətrə gedir.
Tahir Kərimli:
İfrat Qərbə quyruq bulaya gərək,
Xeyli həyəcanla vuranda ürək,
Bir az gec gələndə xaricdən çörək,
Bizim radikallar fətirə gedir.
Əli Orucov:
Əynini o, köhnə-küşkül edəndə,
İşləri bir azca müşkül edəndə,
Bəzən bənd istisna təşkil edəndə,
İfratlar tələsik sətirə gedir.
Tahir Kərimli:
Bosslar gəl deyəndə, yüyürüb gəlsə,
Gözlərdə incəlib xeyli nazilsə,
Özü tir olmaqdan yayına bilsə,
Sözsüz, mütəmadi o, tirə gedir.
Əli Orucov:
İndi radikalda azalıb güman,
İnternetə girmir, oxuyur roman,
İfrata Araza get deyən zaman,
O, yolunu çaşıb düz Kürə gedir.
Tahir Kərimli:
Tutulubdu qəlbi, hissi azara,
İstər ki, geyinsin daim zər-xara,
Ona yaraşardı ancaq boz-qara,
Ancaq göy paltarda o, ərə gedir.
Əli Orucov:
İndi sıralarda Leyli azalıb,
İfratın işləmək meyli azalıb,
Xeyirə gedənlər xeyli azalıb,
İndi hamılıqla o, şərə gedir.
Tahir Kərimli:
Eşşəyə miniblər düşüb yəhərdən,
Azad olmuşdular bardan-bəhərdən,
Çoxdan düşmüşdülər onlar nəzərdən,
İndi radikal da nəzərə gedir.
Əli Orucov:
Qərb də onlar üçün bol qrant yazar,
Onlar bir-birinə dar qəbir qazar,
Elə ki, çıxıbdı əllərdən bazar,
İfratlar qızışıb həzərə gedir.
Tahir Kərimli:
Xoşlarına gəlir xoşa gələndə,
Onlar da gülürlər bossu güləndə,
Hər biri kükrəyib cuşə gələndə,
Elə mənim kimi yüz nərə gedir.
Əli Orucov:
Xoruz eləyiblər dişi fərəni,
Marqarin ediblər indi kərəni,
Zaman batırıbdı sənin nərəni,
Nərəni aparan san bərə gedir.
Mirzə QƏRƏNFİL