PDF Oxu

Köşə

  • 1 195

Ştrassersayağı Eldar Namazovun “yuyulmamış qaşıq” obrazı

Ştrassersayağı Eldar Namazovun “yuyulmamış qaşıq” obrazı

Bu günlərdə radikal müxalifət mətbuatına bol müsahibə verən AŞPA-nın Azərbaycandakı "siyasi məhbuslar" üzrə üzdəniraq məruzəçisi, Kristofer Ştrasserin fikirlərinə nöqtə qoyular-qoyulmaz, düşərgənin bir çox "yuyulmamış qaşıq" obrazları ortaya töküldülər, nə töküldülər... Almaniyalı deputatın "dodaq qarmoşkası"na züy tutan müxalifətçi "zurnaçılar" hərəsi bir tərəfdən çəpik çalaraq, şıllaq atmağa başladılar ki, bəs bu "adam" nə deyirsə, "düz deyir". Bu yerdə onlardan soruşmaq lazımdır ki, ayə, ay "zurnaçılar", tutalım ki, K.Ştrasser sabah öz "dodaq qarmoşka"sında çalacaq ki, Azərbaycanın radikal müxalifəti ucdantutma qanmazların təkidirlər, onda da bu "adama" çəpik vuracaqlarmı?

Əlbəttə ki, bu onların öz işləridir. Lakin bu məqamda özünü, həqiqətən də, "yuyulmamış qaşıq" obrazında təqdim edən Eldar Namazovun həmin müsahibəyə istiqamətlənmiş sevincək açıqlama ilə çıxış etməsi məndə müəyyən fikirlərin oyanmasına səbəb oldu. Məsələ ondadır ki, K.Ştrasser noyabrın 4-də Bakıya gələcəkmiş və onun gəlişinin məqsədi məlum olduğuna görə, alman deputata viza verilməyib. Çünki o, buraya "siyasi məhbus" məsələsinə görə təşrif buyurmağı planlaşdırıbmış. Azərbaycanda isə, ümumiyyətlə, "siyasi məhbus" yoxdur! Və əgər yoxdursa, demək, Ştrasserə viza verilməməsi bütün mənalarda həqiqətəuyğunluq təşkil edir. Yox, əgər Ştrasser turist kimi, seçki müşahidəçisi kimi Azərbaycana gəlmiş olsaydı, bu zaman ona müvəqqəti viza verilmiş olardı.

İndi durub onu müdafiə edərək, şəxsi mənafelər güdməyə heç bir əsas yoxdur. Bu barədə, hətta YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da kifayət qədər müfəssəl çıxış edib: "Ştrasser bəyanatlar səsləndirməklə Azərbaycanda aranı qarışdırmaq istəyir. 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirildikdən sonra onlarla adam seçkinin nəticəsinə etiraz etdiyinə görə öldürüldü, lakin həmin məruzəçi bir dəfə də olsun səsini çıxarmadı. Ermənistanda hazırda bir çox adam siyasi dünyagörüşünə görə, həbsdədir, ancaq Ştrasser bu barədə danışmır".

Daha E.Namazovun "Azərbaycan tərəfinin Ştrasserə viza verməməsinin ölkənin imicinə mənfi təsir edəcək" kimi fikir səsləndirməsi məntiqəuyğunsuzluq kimi dəyərləndirilməlidir. "Yuyulmamış qaşığ"ın iddiasına görə, guya bu yanaşmanın özü AŞPA qarşısında götürülən öhdəliklərə zidd imiş, daha nə imiş və nə imiş...(?!)

Lakin Eldarçik bilməlidir ki, Azərbaycan heç bir qurum və təşkilatlar qarşısında öhdəçilik götürmür. Çünki ölkəmizə qarşı qoyulan "öhdəliklərin" özü Azərbaycana qarşı anti-demokratik addım kimi dəyərləndirilə bilər. Azərbaycan dövləti və hökuməti yaxşı bilir ki, nəyi etmək olar. Daha Eldarçik və onun kimilərinin açıqlamalarına, "yuyulmamış qaşıq" obrazında ortada atılıb-düşmələrinə heç bir ehtiyac yoxdur. Onun "Azərbaycanda "siyasi məhbus" olub-olmadığına ATƏT, AŞPA kimi qurumlar qiymət verə bilər" kimi ifadələr səsləndirməsi bilavasitə ölkəmizin müstəqilliyinə tərəf olan qıyqacı baxışdır. Hər halda ölkənin daxilini ölkə ictimaiyyəti, dövlət və xalq vəhdəti daha yaxşı bilir. Bir də ki, yeri gəldi-gəlmədi, bundan sonra hər hansı avropalı deputat ölkəmiz haqqında irəli-geri qərarlar verəndə, bir az daha diqqətli olsalar, daha yaxşı olmazdımı? Çünki onların gözlərini yumub, ağızlarını açmaları E.Namazov kimilərinə yamanca təsir edir. Ona görə də nəticədə Ştrassersayağı hap-gop basırlar.


P.S. K.Ştrasserə qaldıqda isə, onun bu addımı qarşılığında Ermənistan siyasi dairələrindən nə qədər rüşvət alması məsələsinin üzə çıxması maraqlı fakt olardı. Çünki bu məbləğdən ölkəmizin "yuyulmamış qaşıq"ları da mənfəət əldə edib...

Digər xəbərlər