Özlərini dünyaya "İslam müdafiəçisi" kimi sırımağa cəhd göstərən İranın fars şovinistləri növbəti şəbehlərini daha əcayib "qərar" vasitəsilə sərgiləyiblər. Məsələ ondadır ki, Azərbaycana qarşı təhdid forması qismində sərgilənən "qərarda" bu dəfə İranın rəsmi mollaları deyil, həmin mollaların qeyri-rəsmi gücləri hesab edilən "Ənsari-Hizbullah" təşkilatının adı öndə gedir.
Bu qurumun baş mollası Höccətülislam Ruhulla Becaninin dediyinə görə, onlar ölkəmizin Təbriz şəhərindəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirməklə yanaşı, diplomatik binanın fəaliyyətini dayandıracaq, eləcə də, orada çalışan vətəndaşlarımıza qarşı güc tətbiq edəcək. Və əgər bu "qərara" diqqət etdikdə, görürsən ki, əslində, rəsmi Tehranın göstərişlərinə qeyri-rəsmi əməl edən bu terror təşkilatı həmin dövlətin Azərbaycana qarşı olan münasibətini aşkar şəkildə ifşa edir. Yəni dolayısı ilə İran mollalarının anti-Azərbaycan meyilli siyasi sifarişlərini həyata keçirməyə cəhd göstərirlər. Dünyada terror qruplaşması kimi tanınan "hizbullahçılar" əllərində heç bir dəlil-sübut olmadan "iddia" edirlər ki, bəs guya Azərbaycanda "antiislam" siyasəti aparılırmış, insanlar da bundan əziyyət çəkirmiş və s. Ənsari sərsəmləyir ki, guya "alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu antiislami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcək" (?!)
Əgər bunlar, həqiqətən də, Allaha inanırlarsa (hərgah mənim buna inanmağım gəlmir), onda qoy Allah bunlara ağıl-dərrakə versin ki, bəlkə qəflət yuxusundan ayıldılar. Çünki...
Çünki bu mollalar öz canamaz və möhürlərini bir kənara qoyub, bizi hücumla hədələyirlərsə, başqa nəticəyə gəlmək, başqa cür düşünmək mümkün deyil. Və yeri gəlmişkən, ölkəmizin bunların ağız-burunlarına "sığal" çəkməli daha çox sahələr var. Amma Azərbaycan siyasi etika və qaydalar üzərində, diplomatik çərçivələr daxilində, eləcə də, qonşuluq siyasəti baxımından səbr edir, hər zamankı təmkinliyini qoruyur. Ona görə də İrandakı bu tip adamlar nə qədər tez ağıllarını başlarına yığsa, o qədər məqbuldur. Biz dinmiriksə, bu, o demək deyil ki, bizim onlar qarşısında qaldıracağımız məsələlər mövcud deyil! Təkcə Ermənistan faktorunu bunların qarşısına qoysaq, kimin kim olduğu bəs-bəlli olar!
Azərbaycan xalqı bu tipli xəbərləri oxuyub həm təəccüb, həm təəssüf hissləri keçirir. Çünki molla rejimində məsələlərin sonrakı gedişi məntiqə vurulmur, addımlar həddini aşan emosiyalar vasitəsi ilə atılır. Həmin emosiyalı addımlar isə həm özləri, həm də digərləri üçün ciddi problemlər yaradır. Əslində, onların Azərbaycana qarşı bu cür qərəzli, həqiqətə uyğun olmayan addım atmasına əsas yoxdur. Çünki Azərbaycanda onların dediyi kimi, "sionist hakimiyyəti", "sionizm mühiti" mövcud deyil. Biz əgər müsəlman ölkəsi olaraq dünyanın bütün ölkələri ilə əməkdaşlıq ediriksə, bu, İranı qıcıqlandırmalı deyil. Necə ki, İran hərtərəfli şəkildə işğalçı Ermənistana qucaq açır, təcavüzkarlara "dədəlik" edir. Bir sözlə, Azərbaycanın torpaqlarını işğal edən, bir milyondan artıq insanımızı qaçqına çevirən, minlərlə soydaşımızı qətlə yetirən vəhşi Ermənistan rejimini yaşadan da məhz İranın molla rejimidir! "Hizbullah"a gəldikdə isə, oranın qondarma mollacıqları bilməlidirlər ki, vaxt olar, onların da əmmamələri açılıb, boğazlarına kəndir kimi sarıla bilər. Özü də bunu onların bəd əməllərindən bezən, həqiqi azadlıq istəyən İran xalqının edəcəyinə şübhə etməsinlər. "Hizbullah"çı Ruhulla Becani bu cür sərsəm, hədə dolu bəyanatları ilə öz başına dərd açmasın!