Taliyət Əliyev:
Herkellər, Qrosslar "qastin"dən gedir,
Onu görən bosslar rastından gedir,
İsa qərarlıdı, postundan gedir,
Sərdar da bu yöndə düşünməlidir.
Sərdar Cəlaloğlu:
"Qarabağ" bloku gur yanan bir şam,
Qalıb sədrlikdə ayıq durmuşam,
Mən hələ postumda sayıq durmuşam,
Bu cür düşünənlər xalis dəlidir.
Taliyət Əliyev:
Bəlkə də xaricdə haray salacaq,
Lalə, Etibartək gendə qalacaq,
İsa Müsavatda lider olacaq,
Növbədə Sərdardır, həm də Əlidir.
Sərdar Cəlaloğlu:
Sevmirəm ADP hərislərini,
Qovaram üzvlərin ən pislərini,
Taliyət, cilovla öz hisslərini,
Sərdar ADP-nin ön təməlidir.
Taliyət Əliyev:
Xoş haldı küçəyə səfil verməmək,
Maraqlı, nə versən qəfil verməmək,
Postunu gənclərə təhvil verməmək,
Əlbəttə, Sərdarın bəd əməlidir.
Sərdar Cəlaloğlu:
Taliyətfasonlar azıb qudurur,
Arxamca gah nala, gah mıxa vurur,
Məni istəyənlər arxamda durur,
Kim məni istəmir bəd deməlidir.
Taliyət Əliyev:
Daxilə vəlvələ salmaq istəyir,
Bizdən çünki qisas almaq istəyir,
Sərdar öz postunda qalmaq istəyir,
Yəqin hamımızı o, yeməlidir.
Sərdar Cəlaloğlu:
ADP-də möhkəm dayanmaqda taxt,
Hələ ki, uğurla üzləşməkdə baxt,
"Qarabağ" bloku gücləndiyi vaxt,
Postdan atılmağım çox gülməlidir.
Taliyət Əliyev:
Bir sədr tək, sözsüz, o, kütdü tamam,
Son illər dənini üyütdü tamam,
Sərdarın getməsi labüddü tamam,
Getməsə, güman ki, o, ölməlidir.
Sərdar Cəlaloğlu:
Taliyət kimilər savadsız, loxdu,
Başdan xarabların sayı lap çoxdu,
Burda məndən güclü bir sədr yoxdu,
Tutalım gedirəm, kim gəlməlidir?
Taliyət Əliyev:
Yalan deyiriksə, adi böcəyik,
Qurumu tərsinə çevirəcəyik,
Getməsə, biz onu devirəcəyik,
Bunu Sərdar özü də bilməlidir.
Sərdar Cəlaloğlu:
Mən işə salaram bıçqı, mişarı,
Mənə əsaslanıb işin aşarı,
Atsam qərargahdan onu dişarı,
Goreşən tək yeri o, dəlməlidir.
Taliyət Əliyev:
Bir gündə bizlərə min hiylə qurur,
Dili pəltəkləşib lap topuq vurur,
İsmi siyahıda baş-ayaq durur,
Adını sədr tək o, silməlidir.
Sərdar Cəlaloğlu:
Saldı bir vaxt Rəsul, İlyas pozuntu,
Burada salmaqda çox qaz pozuntu,
Saldım ADP-də mən az pozuntu,
Taliyət qurumu tam bölməlidir.
Taliyət Əliyev:
Getdikcə diş düşür, beli bükülür,
ADP əlində tamam sökülür,
Ağzını açanda suyu tökülür,
Sərdar aramızda bəd kəlməlidir.
Sərdar Cəlaloğlu:
Pis günə düşübdü, bu hala şadam,
Onun ürəyinə, canına qadam,
Taliyət cadulu-pitili adam,
O, kəndir-çatılı, həm ilməlidir.
Taliyət Əliyev:
Gərək o, başını çölə soxmaya,
Onu möhtac qoyub adi loxmaya,
Sərdarı biz salaq sıxma-boğmaya,
Bilirəm, son sözü onun "bəli"dir.
Sərdar Cəlaloğlu:
Mənə dedilər ki, badyan danışır,
Zənn etdim önümdə madyan danışır,
Cızığından çıxıb hədyan danışır,
Bu gün Taliyətin gəlhagəlidir.
Taliyət Əliyev:
Yaman sərsəmləyib, yuxu danışır,
Onun bicliyini çoxu danışır,
Qarşıda Sərdarın ruhu danışır,
O, çoxdan ölübdü, sabah ilidir.
Sərdar Cəlaloğlu:
Üstünə qoyubdu, davalanıbdı,
Jmıxca, samanca havalanıbdı,
Taliyət yamanca havalanıbdı,
Başında fırlanan səmum yelidir.
Taliyət Əliyev:
Utanır, desək də ona ayıbdı,
Bizim başımızı tumarlayıbdı,
Pulları havada qamarlayıbdı,
Sorub qanımızı, o, bir zəlidir.
Sərdar Cəlaloğlu:
Olmamış bir üzvə örtük, çətir də,
Bilməyib nə hörmət, izzət, qədir də,
Heç vaxt çıxmayacaq ondan sədr də,
Gözümdə Taliyət əsil ölüdür.
MİRZƏ QƏRƏNFİL