Bu gün radikal müxalifətdə təmsil olunan bir qrup toplum özlərini "ziyalı" adlandıraraq ictimaiyyətin gözünə zorla girməyə cəhd göstərirlər. Onların bu vasitə ilə müəyyən şeylərə nail olmaq istəkləri qalsın bir yana, digər tərəfdən "vətənpərvər" kimi görünmək cəhdləri həqiqi mənada adamı lap hövsələdən çıxarır. Son günlər ADNA -nın Rafiq Əliyev adlı keçmiş kafedra müdiri barədə müxalifət mətbuatında gen-bol yazılar yazılır, fikirlər yer alır.
Həmin fikirləri yazanlara və fikir bildirənlərə nəzər saldığımız zaman nə görürük? Görürük ki, onların hər biri ayrı-ayrılıqda satqınlar, xəyanətkarlar ordusudur və onların hər birinin xalq qarşısında müəyyən səhvləri, əndazələri aşan fəaliyyət sistemləri mövcuddur. Düzdür, əndazələri aşan yazıları saymaqla, sadalamaqla onların kəmiyyətini, ölçüsünü bir köşəyə sığdırmaq mümkün olmasa da, onlardan birinin haqqında yazmağı qərara aldım. Bəs bu toplumdan olan "ziyalı vətənpərvər" kim olsa yaxşıdır? Bu adam Eldar Namazovdur. Həmin E.Namazov ki, nə siyasətdə, nə ziyalılıqda, nə də ki, vətənpərvərlikdə öz səthi ağlı ucbatından heç də bəxti gətirməyib. Bu günlərdə onun müxalifət mətbuatına verdiyi müsahibəsi təsadüfən gözümə toxundu. Həmin müsahibədə az qala "ultramədəniyyətli" obraz yaratmağa səy göstərən E.Namazov R.Əliyevi müdafiə etməklə yanaşı, nöqsanlarına görə haqlı olaraq onu qınayanlara həqarət edib. Və bu həqarətini hələ 200 il bundan əvvəl ingilis yazıçısı Samuel Consonun fikiri ilə söyləyib. Həmin ingilis yazıçısı 200 il öncə deyibmiş ki, "vətənpərvərlik" əclafların son sığınacağıdır". Burada E.Namazov tam nöqtəsinə vurub. Yəni qəbul edib ki, o və onun kimi qondarma "ziyalılar" çətin duruma düşən kimi özləri (bir qrup "ziyalı" adlanan beş-on nəfərlik toplum) haqqında "vətənpərvərlikdən" dəm vurur, bu vasitə ilə "təmizə" çıxmağa çalışırlar. Lakin bəlli olur ki, həqiqətən də, əclafdan "vətənpərvər ziyalı" olmazmış. O, ingilis yazıçısından sitat gətirərkən məhz özü kimi bir qrup qondarma "ziyalıları" nəzərdə tutubmuş. Necə deyərlər, dil çaşıb sözün düzünü deyər...
E.Namazovun da sonuncu qəbahəti məhz budur. Digər tərəfdən, verdiyi müsahibəsində yaşadıqları mühiti gah "37 repressiyasına", gah da Brejnev "durğunluğuna" bənzətməyə cəhd göstərən E.Namazov unutmamalıdır ki, 37-ci ildə Stalin, 70-80-ci illərdə isə Brejnev bu kimi beş-on nəfərlik qondarma qurumların fəaliyyətinə göz yummazdılar. Yəni bugünkü demokratik mühitin nəticəsidir ki, E.Namazov və onun kimilər bundan sui-istifadə edərək, başlarından böyük qəbahətlərə yol verirlər.
Bu gün onun iqtidar mətbuatı barədə söylədiyi qeyri-ciddi fikirlərdən daha bir sual çıxır: Necə ola bilər, radikal müxalifət mətbuatı hansısa qondarma "akademik", qondarma "siyasətçi", qondarma "ziyalı" və başqa qondarmalar barədə şişirdilmiş yazılara yer verə bilər, amma iqtidar mətbuatı gerçək həqiqətləri yaza bilməz?! Axı nəyə görə xalq, ictimaiyyət, normal cəmiyyət müxalifətin yazdığına, E.Namazov kimilərin müsahibələrinə inanmalıdır?! Məgər əsl həqiqət göz önündə deyilmi?! Və hansı əsasla E.Namazov kimi qəbahətli insanlar "vətənpərvərlik" metodundan istifadə edərək, özlərinə dividend artırmaqla məşğuldurlar?!
Sonda bir nüansa da toxunmaq istərdim ki, bu gün gözlərinə eynək qoymaqla, "ziyalı" görkəmi almaq istəyi, əslində, E.Namazovun ziyanına işləyən amildir. Görünür, bu cür "ziyalı" görkəmi onun get-gedə daha qəbahətli olmasına xidmət göstərəcək. Belə getsə E.Namazov öz qondarma "ziyalı" imicini dəyişib başqa obrazda "fəaliyyət" göstərsə pis olmaz. Yəni ictimaiyyət onun başqa qəbahətli tərəflərini də görməyə müvəffəq olar...