Xaliq Bahadır:
Yalan söyləmirəm mən sizə, vallah,
"Gizli qüvvələrə" işləyib Pənah,
Onun məxfi kodu "Mamedov"du, ah,
Rauf da onun tək xəyanətkardır.
Pənah Hüseynov:
Kasıb olmaq üçün maya getməli,
İftira atmaqçün həya getməli,
Mən onun yanında toya getməli,
Xaliq Bahadırın özü kaftardır.
Xaliq Bahadır:
İş görməkdən artıq salır səs-səda,
Başqasında yoxdu ondakı əda,
Yasda ehsan onun sevdiyi qida,
Orucluq zamanı yağlı iftardır.
Pənah Hüseynov:
Rəyasət heyəti üzvündən biri,
Qəlbində qalaqlar çirk-pası, kiri,
Görmür öz gözündə ən yoğun tiri,
Bu adam qılıqsız həm bədrəftardır.
Xaliq Bahadır:
Olubdu həmişə bosslara möhtac,
Qarnı doymayıbdı, gözü qalıb ac,
Bu adam ideya eyləyir ixrac,
Əsil həqiqətdə məntiqi dardır.
Pənah Hüseynov:
Lider olmaq üçün axtarır zəmin,
Bu adam içində daimi qəmin,
Olmamış heç bircə marağı təmin,
Cismini çuğlayan dərddir-azardır.
Xaliq Bahadır:
Pənah Neyl kimi Aya getməli,
Arxasında uzun paya getməli,
Kədərim yanında toya getməli,
Mənimkindən artıq dərd-qəmi vardır.
Pənah Hüseynov:
Boynu bənzəməkdə nazik saplağa,
Əlinə keçəni çəkir tabağa,
Bu, məni bədxah tək verib qabağa,
Xaliq kimisindən aləm bezardır.
Xaliq Bahadır:
Pənahı görüblər Qərbdə mul ilə,
Oturub-durmağa hazır qul ilə,
Qane etməsələr bosslar pul ilə,
O öz çöhrəsini dərhal bozardır.
Pənah Hüseynov:
Taktika sarıdan reytinqdə "ən"nəm,
Yalnız din desələr, söz atıb dinnəm,
Xaliq Bahadırın özü cəhənnəm,
O, "Yurd" daxilində sədri qızardır.
Xaliq Bahadır:
Qorxur xarab olsun dollarsız dəri,
O, nə bir qılmandır, nə də ki pəri,
O, bəzən özünü saysa da diri,
Pənah taktikası bumbuz məzardır.
Pənah Hüseynov:
"Yurd"un çox ehtikar həvəsi ki var,
Aləmi dağıdan nəfəsi ki var,
Əlinin, Xaliqin cəbhəsi ki var,
Bossun meydanında ucuz bazardır.
Xaliq Bahadır:
İnsafından güclü onun nifrəti,
Tərəddüd edəndi deyildir qəti,
Nəzərəçarpmazlıq onun sifəti,
Heç vaxt demək olmaz o, ecazkardır.
Pənah Hüseynov:
Olmamış heç zaman sözdə kəsəri,
Sevdiyi tərəvəz - soğan, vəzəri,
Nə ideyası var, nə bir əsəri,
O, ən primitiv, adi yazardır.
Xaliq Bahadır:
Vicdanı bomboşdur cibinə kimi,
Ehtiram göstərir çibinə kimi,
Enib cəmiyyətin dibinə kimi,
Fikir oyadır ki, guya kübardır.
Pənah Hüseynov:
Özünə yalandan ad qoyur şir də,
Xaliq çox salıbdı haray-həşir də,
Üz cırıb, diz döyüb, ediləşir də,
Göz yaşı axıdıb, aləm qopardır.
Xaliq Bahadır:
Bir addım atmamış yad firiştəsiz,
Bir gün də keçinmir o, əriştəsiz,
Siyasi meydanda tam səriştəsiz,
Qərbin nəzərində ucuz tavardır.
Pənah Hüseynov:
Arzusu daima Bombeylə Dehli,
Siyasi meydanda geridir xeyli,
Nə bir mövqeyi var, nə bəlli meyli,
Naxıra qatılan adi davardır.
Xaliq Bahadır:
Hiss edib özünü bəy yox, xan kimi,
Zəif taktika yox, taktikan kimi,
Aparıb özünü Mogikan kimi,
Həmişə zənn edib mərd Delevardır.
Pənah Hüseynov:
Nəslinə status verib cədd kimi,
Sərsəm əməlləri gəlir bəd kimi,
Özünü göstərir möhkəm sədd kimi,
O özü özülsüz uçmuş divardır.
Xaliq Bahadır:
Deyir ki, məhşurdur Tomas Mor kimi,
Aləmi dərk edir məzar, gor kimi,
Özünü aparır gözü kor kimi,
Yaxşı eşitsə də, mənən o, kardır.
Pənah Hüseynov:
İndi Müsavatla giribdi qəsdə,
Cəbhədə Xaliqi sayırlar xəstə,
Guya o qoyubdu dağı-dağ üstə,
Dodağından qopan adi şüardır.
MİRZƏ QƏRƏNFİL