Düşərgə nədənsə yenidən qorxuya, vəlvələyə, təlaşa düşüb və həmin qorxu-vəlvələ-təlaşın səbəbini yaradan bir köhnəlmiş məsələ var ki, həmin naftalin qoxusu verən məsələnin də adı "vahid namizəd"dir. Həmin "vahid namizəd" ki, 2003-cü ildən bu yana hələ də "vahidliyini" ortaya qoya bilməyib və getdikcə daha çox kəskin qoxu verməkdədir. Yəni qanqrena verməkdədir. Əgər belədirsə, onda bu kəskin qoxulu məsələ ətrafında çıxış edən müxalifət "ağıllıları" nədən bu iydən xoşhallanırlar? Ancaq güman etsək ki, bunların özləri də yetərincə iyləniblər, o zaman binəvaları başa düşmək olar...
"Bilirlər"...
Bu gün öz dərd-sərlərinə qala bilməyən radikalların "müxalifətdaxili inteqrasiya" prosesindən danışmaları, arada-bərədə, orda-burda yekə-yekə müsahibələr vermələri, az qala özlərini müxalifətin "dahi liderləri" səviyyəsində təqdim etmələri onların bəzi şeyləri "bilmələrindən" xəbər verir. Yəni vurğuları, nöqtələri, vergülləri yerbəyer olaraq danışan radikal düşərgənin partiya sədrləri nəyisə "bildiklərini" cəmiyyətə sırımağa cəhd göstərirlər. Təki kimsə bunların müsahibələr, açıqlamalar verdikləri qəzetləri alıb oxusun və desin ki, "çox gözəl danışıb". Amma düşünmürlər ki, 20 ildən artıq müddətdə məhz bu cür danışıqları və "bilikləri" sayəsində boğazlarına qədər çamurun, zığın içinə batıblar. Ona görə də onların müxtəlif siyasi terminləri bilmələri (o cümlədən, "vahid namizəd" məsələsində) nəyisə həll etmir...
Etmirlər...
Bildiklərini də ona görə edə bilmirlər ki, ümumi qərara gəlmək onlar üçün söyüşə bərabərdir. Yəni birinin danışdığı o birinin boğazından, daha nə bilim, harasından keçmir. Nəticədə ikitirəlik yaranır və bu ikitirəlik böyüyüb olur çoxtirəlik- müxalifətdaxili savaş. Məsələn, İsa Qəmbərov deyir ki, "inteqrasiyada" bütün müxalifət partiyaları iştirak etməlidir, AXCP (i) sədri Əli Kərimov isə deyir ki, yox, əksinə, "inteqrasiyada" nəzərdə tutulan müxalifət partiyaları iştirak etməlidir. Bu isə yuxarıda qeyd edilən fikri tamamlayan amildir. Yəni "bilirlər" və bunu bilə-bilə etmirlər. Nəticə etibarilə iki, üç, dörd, beş və daha çox yerə param-parça olan radikal müxalifət düşərgəsi bu minvalla molekullara, atomcuqlara, hətta reaktiv dənəciklərə reaktiv sürətlə bölünə-bölünə gedir. Amma haraya, hələlik, o da məlum deyil...
Bacarmırlar...
Baş verənlər isə, təbii ki, onların faövqəladə bacarıqsızlıqları, el dili ilə desək, yekəxanalıqları və aşırı mənəm-mənəmliklərinin sırf göstəricisidir. Bu düşüncə tərzi ilə "vahid namizəd" prosesi barədə danışmaq nə qədər gülünc və nə qədər acınacaqlı görünsə də, onlar bu reallığı qəbul etmək anlayışında deyillər. Yəni adicə anlayışsızlıqlarını belə anlamaq onlar üçün çətin məsələdir. Axı bacarmırlar!
Belə bir üçlük aksiomasının - "bilərəkliyin", etməzliyin və bacarıqsızlığın fonunda "inteqrasiya", "vahid namizəd", yaxud da hər hansı digər bu kimi siyasi gedişlərdən danışmaları dəyirman "çax-çaxı"ından, kirkirə taqqıltısından başqa heç bir təbii prosesə bənzəmir. Çünki müxalifətin özlərini nəyəsə bənzətmə amacları da onlarda alınmır. Çünki ətrafa kəskin naftalin qoxusu verən radikal müxalifət düşərgəsi, həqiqətən də, heç nəyi bacarmayıb, bacarmır və bacarmayacaq da...
P.S. Allah bunlara varsa bir az ağıl, bir az da vicdan versin ki, bəlkə Allahın altında xalqdan utansınlar, vicdana gəlib üzüsulu şəkildə ortadan qeyb olsunlar. Amma Allahsızın dinə-imana, vicdansızın vicdana gəlməyi də yaman pis olur. Namussuzun namusa gəldiyi kimi...