Arzu Səmədbəyli:
İsa bəy, tarixdə böyük qan edib,
Məni, deyirdi ki, o, başqan edib,
İsa söz vermişdi, and-aman edib,
Başqanlıq kürsüsü olacaq mənim.
Vurğun Əyyubov:
Çox gözəl eşqilə yazmışam qəzəl,
Nədənsə İsaya uyub hər gözəl,
Gözümü açanda 20 il əvvəl,
Müsavat olubdu mənim vətənim.
Arzu Səmədbəyli:
Bir falçıya gedib istədim aman,
İş xeyli şuluqdu dedi bir şaman,
Qurultay gününü uzadır yaman,
Allah İsa bəyə qoy olsun qənim.
Vurğun Əyyubov:
İsa ucqarları ələt eyləyir,
Çoxları özünü alət eyləyir,
Arzu Səmədbəyli qələt eyləyir,
Başqanlıq eşqilə yanır bədənim.
Arzu Səmədbəyli:
Dedim başqan olub alaram çox pay,
Düzü, çox eylədi o, şaltay-baltay,
Tezliklə olmasa əgər qurultay,
Artacaq İsaya, yəqin ki, kinim.
Vurğun Əyyubov:
Cavab verməliyəm ki, get ləhləmi?
Məni zənn edirlər qara fəhləmi?
Mütəmadi mənim töküb zəhləmi,
Qıcıq verirlər ki, hirslənib dinim.
Arzu Səmədbəyli:
Mən də xatırladım "KAMAZ" vaxtını,
İsa tətbiq edib "HƏMAS" vaxtını,
Ötürdüm həmişə namaz vaxtını,
Vallah, əldən getdi imanım-dinim.
Vurğun Əyyubov:
İsadı əyninə geyib zay donu,
Açılmır nədənsə qurultay donu,
Əsəbin-qəzəbin olur bir sonu,
Bu cür davam etsə, tutacaq cinim.
Arzu Səmədbəyli:
Kamança milini təzanə bilər,
Burda yalnız İsa qazana bilər,
Qurultay bir il də uzana bilər,
Qorxuram boşala başlıca şinim.
Vurğun Əyyubov:
Cəhənnəm əzabı, çox zülüm keçdim,
Kobud davrananda mən həlim keçdim,
Mən onun yanında çox təlim keçdim,
İsadan gəlibdi həmişə dənim.
Arzu Səmədbəyli:
Çox ağır şələdə yaşamaqdayam,
İsayla tələdə yaşamaqdayam,
Mən özüm hələ də yaşamaqdayam,
Çox tez ələ keçdi Ladenim, binim.
Vurğun Əyyubov:
20 il olmadım mən nə naşı, loş,
Ey qafil, sən mənə az ayama qoş,
Qoy əğyar saymasın məni başı boş,
Sədr olmaq üçün doludu çənim.
Arzu Səmədbəyli:
Başqanlıq gəlməkdə, düzü, bir mif tək,
Bir tip tapmazsınız bu İsa tip tək,
Qurultayın vaxtı uzanır ip tək,
Kədərə bürünür fərəhim, şənim.
Vurğun Əyyubov:
Özümü öldürrəm, masa gedərsə,
Dözmərəm, boss verən kasa gedərsə,
Dərhal xəbər verin İsa gedərsə,
Açıq "Narmobayl"ım, "Baksel"im, "Cin"im.
Arzu Səmədbəyli:
Pis təsir oyadır guya kütlüyüm,
Gözlərə dürtülür, düzü, bədliyim,
Bir şübhə doğursa namizədliyim,
Gərək İsa bəyin boynuna minim.
Vurğun Əyyubov:
İsa soyuq qışı bahar eyləməz,
Başqa birisiylə nahar eyləməz,
İsa özü məni inkar eyləməz,
Arxamda dayanıb beş yüzüm, minim.
Arzu Səmədbəyli:
Sadiq elektorat yetirmək üçün,
Çoxsaylı rəqibi itirmək üçün,
Simurqdan bir qanad götürmək üçün,
Gərək mən zülmətin dibinə enim.
Vurğun Əyyubov:
Sığınacaq yerim, bəli, məhz yuvam,
Olubdu, olacaq bura nəhs yuvam,
Müsavat olubdu müqəddəs yuvam,
Qərargah olacaq daimi hinim.
Arzu Səmədbəyli:
Bədxahlar mayasız xəmir yoğurur,
Bu, mənə gətirmir, əsla, bir uğur,
Köhnə fikirlərim şübhə doğurur,
Sədri qane etmir ən nadir yenim.
Vurğun Əyyubov:
İçib "Akvavita", "Fanta", "Şollar"dan,
Onlara pay verib avro, dollardan,
Xeyli qüvvə yığıb ardıcıllardan,
10-larla, 100-lərlə Arzunu yenim.
Arzu Səmədbəyli:
Mən özüm türk oğlu, diyarım Turan,
Rəqib axtarıram etməkçün taran,
Çəkilmir başımın üstündən bir an,
Sıxılmış buludlar, dumanım-çənim.
Vurğun Əyyubov:
Ardıcıllarımı səf eliyərəm,
İsanı bir anda məhv eliyirəm,
Başqan olanları dəf eliyərəm,
Mənə qüvvə verir Müsavat tinim.
MİRZƏ QƏRƏNFİL