PDF Oxu

Köşə

  • 1 176

Əlinin “5” qəpik davası

Əlinin “5” qəpik davası

Dünya iqtisadiyyatında gedən qlobal, eləcə də, əhəmiyyətli iqtisadi proseslərdən biri də qiymətlərin tənzimlənməsi və həmin tənzimlənmələrin normal meyarlara uyğunlaşdırılmasıdır. Təbii ki, bu prosesin baş verməsi özündə digər bir sıra iqtisadi amilləri ehtiva edir ki, onlardan biri də nəqliyyat vasitələrində gediş haqlarının normal qaydada tənzimlənməsidir. Bunun üçün dövlət tərəfindən vətəndaşların pensiyalarında, müavinətlərində, əmək haqlarında, başqa sosial sferalarda davamlı şəkildə artımlar edilir ki, bu da əhalinin gündəlik yaşayış səviyyələrinə, normalarına heç də ciddi təsir etmir.

Lakin məlum və təəssüfedici həqiqətlərdən biri də odur ki, normal qaydada tənzimlənən sösügedən proseslər bəzi qeyri-ciddi siyasi dairələrin anladıqları qrafaya uyğun olmur. Çünki həmin qeyri-ciddi siyasi dairələr (yəni anlama qrafaları səthi olanlar) bir zamanlar hakimiyyətdə olmuş bu günün radikal müxalifətçiləridirlər. İstər "İctimai Palata", istər "5-lər", istər Müsavat, istər AXCP (i), istərsə başqa bu kimiləri...

Daha dəqiq desək, istənilən milçəyi filə döndərməyə utopikcəsinə cəhd göstərən radikal müxalifətin Əli Kərimov kimi rəhbərləridirlər. Yəni onun kimi düşünənlər heç də ondan fərqlənmirlər.

Bu günlərdə metroda gediş haqqının 5 qəpik dəyərində artırılması Ə.Kərimova elə "pis təsir" edib ki, səhər açılan kimi, o, AXCP (i)-nin qərargahına gedərək, bununla bağlı etiraz mitinqi keçirilməsinin zəruri olduğunu deyib. Hətta unudub ki, onun özü və ailəsi heç də metro ilə işə gəlib-getmir. Onun altında xarici "cip" var və həmin "cip"-lə istədiyi səmtə gedir-gəlir. Ona görə də Ə.Kərimovun birdən-birə metrodakı qiymət artımına radikal etiraz səsi ucaltması məntiqə sığmayan süni məsələdir. Digər tərəfdən, onu da xatırlatmaq yerinə düşərdi ki, Ə.Kərimovun ailəsi Londonda yaşayır və onlar London metrosundan istifadə edirlər. Qeyd edim ki, London metrosu dünyanın ən bahalı nəqliyyat vasitələrindən biridir. Manatla hesablasaq, orada bir gediş haqqı 2,5 manat dəyərindədir. Əgər belədirsə, Ə.Kərimov nəyə görə Böyük Britaniyanın baş naziri Devid Kemerona etiraz etmir? Axı London metrosundan onun da (Ə.Kərimovun) ailəsi istifadə edir...Görünür, Ə.Kərimovun ailəsinə göndərdiyi pullar onların nəinki metrodan istifadə etmələrinə, hətta Londonda fəaliyyət göstərən bahalı taksilərə də kifayət edir. Və onlar Londonun nəqliyyat bahalığından nədənsə şikayət etmirlər. Müəmmalıdır, deyilmi?

Bu gün AXCP (i) sədrinin yuxarıda qeyd etdiyim milçəyi filə döndərmək cəhdi bütövlükdə şəxsi məqsədlərə hesablanmış uğursuz siyasi blefdir və bu blefə və blefin icraçısına ən aşağılanmış ifadəni səsləndirmək bəlkə də haqsızlıq deyil, düzgünlük olardı. Ən azından Ə.Kərimov AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə baş verən gündəlik ərzaq bazarındakı davamlı qiymət artımlarını, qıtlığı, aclığı unutmamalıdır. Əgər unudursa, demək bu gün "5" qəpik üstündə özünü yırtıb-dağıtması onun əsl simasını aşkar edir. Əslində, Ə.Kərimovun özünün qiyməti olmadığına görə, o, digər qiymətlərdə gedən normal artımlara qısqanclıqla yanaşır. Onun metro stansiyalarına sığmayan hay-küyü də bu deyilənlərdəndir...

Digər xəbərlər