Arif Hacıyev:
Əvvəl elə bildim yarayçün bintəm,
Sonra duydum ki, mən faydalı lentəm,
Mən indi çox güclü bir dissidentəm,
Həbs ediblər Andrey Saxarov kimi.
Nurəddin Məmmədli:
Özünü göstərmə çox da şad kimi,
Əməlin sayılır bir vəfat kimi,
Sən adi lüzumsuz Müsavat üzvü,
Yeyildin qarnirsiz bir plov kimi.
Arif Hacıyev:
Başqanın altında masa dözmədi,
Bossun doldurduğu kasa dözmədi,
Mənim qüvvətimə İsa dözmədi,
Batdım sinəsinə mən oxlov kimi.
Nurəddin Məmmədli:
Əslində, başın da dizə dəyibdi,
Başını önündə yerə əyibdi,
İsa səni ta tək yüyənləyibdi,
İpin də əlində bir cilov kimi.
Arif Hacıyev:
Mən zərdə həmişə atılmış şeşəm,
Üzə qabarmaqdı daimi peşəm,
İsanın üzünə od püskürmüşəm,
Qarsmışam üzünü od-alov kimi.
Nurəddin Məmmədli:
Haqqın olmamalı nəsə sormağa,
Həmişə keçirib səni barmağa,
İsa bəy taxıbdı səni qırmağa,
Tıxacı yellətdin sən tilov kimi.
Arif Hacıyev:
İsa qabağında qaz olmamışam,
Nə də bir işinə paz olmamışam,
Heç zaman böyründə yaz olmamışam,
Yağmışam üstünə qar-qırov kimi.
Nurəddin Məmmədli:
Bir səhvə yol vermir başqan işində,
Çoxlu şirə qalıb onun dişində,
İsa da fələyin keşməkeşində,
Çevirib girova onu od kimi.
Arif Hacıyev:
Başı qilü-qalda, həm də xatada,
İndi günü keçir dərddə-qadada,
İsa özü qalıb tənha adada,
Pirallahı kimi, həm Çilov kimi.
Nurəddin Məmmədli:
Ruzin bol olmadı kasada yalcaq,
Daim zərbə aldın mərəkə salcaq,
Göstərdin özünü Kəpəzdən alçaq,
İsa əzəmətdə bir Murov kimi.
Arif Hacıyev:
Əzm hesab etdim sağırsızlığı,
Qəhrəmanlıq saydım fağırsızlığı,
Saymadım onlarla uğursuzluğu,
Mənə də qələbə gəldi dov kimi.
Nurəddin Məmmədli:
Əlinə keçəndə bir şüşə, gillət,
Müsavatdan uzaq çək orda zillət,
İndi kamerada dörd tərəf zülmət,
Çuxurda düşmüsən bir çalov kimi.
Arif Hacıyev:
Elə bil, İsadan kəm xətt alıram,
Düzdü, xəbərləri mən bəd alıram,
Mən burda sükutdan ləzzət alıram,
İsa xeyli məhzun başı lov kimi.
Nurəddin Məmmədli:
Türmədən çıxanda sən olma donuq,
Biz burda İsayla səndən yoğunuq,
Güman ki, səsin də çıxır boğunuq,
Sənin nəfəsliyin ensiz xov kimi.
Arif Hacıyev:
Orda qruplaşma, burdakı dəstə,
Mən sağlam, İsayla sən orda xəstə,
Səslər çıxarırlar damımız üstə,
İt kürsək, pişiklərsə murrov kimi.
Nurəddin Məmmədli:
İş gah alınmadı oldu gah gözəl,
Sadala, gördüsə iş hərgah gözəl,
Sənin kamerandan qərargah gözəl,
Şirin su da gəlir gen qanov kimi.
Arif Hacıyev:
Orda heç olmadı sfera rahat,
Burda yemək-içmək, pul-para rahat,
Müsavatdan bizim kamera rahat,
Su axır otağa nazik nov kimi.
Nurəddin Məmmədli:
Bizə dinlənməkçün çini qab verdin,
Sən bizə təsəlli, xeyli tab verdin,
Nitqinlə sən bizə çox əzab verdin,
Güllə də ağrıtmaz o söz-sov kimi.
Arif Hacıyev:
Yayılmır uzağa bizdə şayiə,
Yaylaqda şayiə, düzdə şayiə,
Günbəgün artmaqda sizdə şayiə,
Sən də İsa kimi şişkin gop verdin.
Nurəddin Məmmədli:
İsanın əlində buyruq mənzilin,
Çıxdı çevrəsindən quyruq mənzilin,
Həm bizdən çox uzaq yumruq mənzilin,
Zərbən çox yumşaqdı yumru top kimi.
Arif Hacıyev:
Eşitdim badalaq qurursan "Yurd"da,
İsa azadlıqda, mən qaldım darda,
Zolya, Drayzeri oxudum burda,
Müdrik yolgöstərən var Hop-Hop kimi.
Nurəddin Məmmədli:
Qoy olsun o türmə ədəbi koman,
Sən oxu orada əfsanə, roman,
Burda dillənməkdə hər gün tar-kaman,
Musiqi zövq verir rep və pop kimi.
MİRZƏ QƏRƏNFİL