ABŞ-da mühacir həyatı yaşayan eks-spiker, "ACP" lideri Rəsul Quliyevin son vaxtlar guya aktivləşməsi və siyasi müstəvidə yenidən radikallaşması bəzi məqamların üzə çıxmasına şərait yaradıb. Az qala hər gün bəyanatlar verən R.Quliyev hətta bir neçə həftə öncə özünün şəxsi bloqunu da yaradıb və "ağıllı" fikirlərini həmin şəxsi bloqu vasitəsilə ictimaiyyətə sırımağa cəhd göstərir. Bir sözlə, vaxtilə Bakıya qayıtmağa qorxusundan cürət etməyən keçmiş ADP sədri, indiki "ACP" liderinin "qoltuğuna qarpız" qoyulub və o, həmin "qarpızı" müasir texnikanın standartları ilə nümayiş etdirməyə başlayıb. Şəxsi bloqu ilə yanaşı, videomüraciətlər də edən bu adamın, görünür, bir vaxtlar ADP-çilərlə ünsiyyət qurduğu selektoru köhnəlib və artıq ona ehtiyac duymur.
Nə deyib videomüraciətində R.Quliyev? Deyib ki, guya Azərbaycanda "müqavimət hərəkatı" yaradıb və bunun vasitəsilə özünün siyasi fəaliyyətini davam etdirəcək. Adama deyərlər ki, əşşi, get kitab-mitab yazmağınla məşğul ol, sənin qondarma "müqavimət hərəkatın" 2003-2005-ci illərdə özünü göstərdi və sübut etdi ki, səni heç qara cücə yerində saya salan, hesaba alan da yoxdur. Yəni qorxundan-hürkündən Ukraynadan üzü bu tərəfə keçə bilmədin, indi də durub boş-boş sözlər çərənləyib, camaatın zəhləsini tökürsən!
Deyirsən ki, guya ölkədə etirazlar başlasa (?!) bu tədbirlər "xaotik aksiyalarla" müşayiət olunacaq və s. Belə yerdə yaxşı deyiblər ki, kar öz könlündən keçəni "eşidər", yəni karın könlündəki. Göründüyü kimi, bu adamın könlündən xaos, özbaşınalıq və anarxiya keçir. Ona görə də oturub-durub özündən min cür fason çıxarır. Hətta bir az da qabağa gedib, xarici müdaxilədən-zaddan sərsəmləyir. Üstəlik, bunları öz təbirincə belə səsləndirir: "...Mən yeni texnologiyadan istifadə edib, müqavimət hərəkatı yaratmaq istəyirəm". Fikir verin, "yeni texnologiyadan". Sual oluna bilər ki, ay Rəsul, axı sən köhnə texnologiyada nə "xəltələr" qaynatmısan ki, indi də durub yeni texnologiyadan dəm vurursan? Guya yeni texnologiya sənin ağlını, dərrakəni, düşüncənimi dəyişəcək? Əlbəttə ki, heç nə dəyişməyəcək! Dəyişən bircə texnologiyadır. Bir vaxtlar selektorla çığır-bağır salırdın, indi videogörüntü ilə qara-qışqırıq salacaqsan. Camaat da sənin bu həngamənə "qulaq asacaq".
Lakin gəlin o biri tərəfə də baxaq-yəni "İctimai Palata"nın R.Quliyevin hay-küyünə olan münasibətinə. Belə ki, Müsavat partiyası məclisinin sədri Arzu Səmədbəyli o saat deyib ki, R.Quliyev niyə özünü bu qədər çətinə salıb, elə gəlsin "İctimai Palata" ilə əməkdaşlıq eləsin və sonrasına da baxarıq... Hətta R.Quliyevin "işlədiyi" qondarma proqrama da münasibət bildirən A.Səmədbəyli deyib ki, sən demə "İctimai Palata"nın bununla bağlı "Yol xəritəsi" adlı "proqramları" var. Yəni o, bununla R.Quliyevin müxalifət arenasına qayıtmasına əngəl olacaqlarını da istisna etməyib. Daha dəqiq desək, "Yol xəritəsi"ni gözə soxmağa cəhd göstərərək deyir ki, "müqavimət hərəkatı" heç də ondan fərqlənmir. Bu isə müsavatçı yetkilinin "ACP" liderinə "çəkil kənara!" xitabı kimi başa düşülür.
R.Quliyev, yaxşı olardı ki, vaxtilə Azərbaycanda hansı talançılıq, korrupsiya işləri ilə məşğul olduğunu, quyruğu qapı arasında qaldıqda isə, tələm-tələsik ölkə ərazisini tərk etməsinin səbəblərini açıqlasın. Daha oğlu Pərvin Quliyevi də ortaya atıb yüngüllük göstərməsin! Məsələ ondadır ki, R.Quliyevin oğlu P.Quliyev də saytların birinə müsahibə verərək, guya xalqın canına yandığını dilə gətirib. Amma dədəsi ona haram pullar yedirdəndə, nədənsə, xalq onun yadına düşməyib. Ona görə də dədəsi Rəsul kimi ortaya çıxaraq, şoumenlik, artistlik göstərməsin, yoxsa özünün də taleyi onunku kimi olar...