İsa Qəmbərov:
Burda çevirməkdə sal buza məni,
"İP"-də urcah edib qaz-quza məni,
"Yurd" Əli yığıbdı boğaza məni,
"VİP" Əli, yanıma çağır, Laləni.
Əli Əliyev:
Liberal buxovu asanmı verim,
Sənə həmkarımı ehsanmı verim,
Yüngül qədəminə qurbanmı verim,
Siyasi sanballı ağır Laləni?
İsa Qəmbərov:
Sanma lider kimi yarımaqdasan,
Lalədən də betər qarımaqdasan,
De, kimin yerinə sırımaqdasan,
O dünənki müti, fağır Laləni?
Əli Əliyev:
İndi Lalə adı bitib dilində,
Boğulan həmkardı coşqun selində,
Özün fiqur oldun Lalə əlində,
Sən edə bilməzsən fiqur, Laləni.
İsa Qəmbərov:
Laləni qurumda tənhalıq yedi,
Onu ancaq bizim yuva isidi,
Dərd-bəla əbədi müjdəçisidi,
"İP"-də gözləməkdə uğur Laləni.
Əli Əliyev:
Nəzər cəlb eyləmə kliplərinlə,
Az bezdir bizləri öz miflərinlə,
Özünün lüzumsuz təkliflərinlə,
Sən əsla eyləmə yağır Laləni.
İsa Qəmbərov:
Daim yaxşı olmur zamanın diski,
Gözünün altına qoy alsın riski,
Ayılda bilərdi yüz qram viski,
Bircə şüşə əla çaxır Laləni.
Əli Əliyev:
Müsavatı, "İP"-i, bir məni dinlə,
Süquta uğratdın təməllərinlə,
Özünün yöndəmsiz əməllərinlə,
Çox narahat etdin axır, Laləni.
İsa Qəmbərov:
Lalə xoşbəxtliyi axtardı Çində,
Bir vaxt çox boğuldu qəzəbdə, kində,
Son vaxtlar liberal "MBH"-sində,
Basıbdı çirk-pasla paxır, Laləni.
Əli Əliyev:
İncitmə, bir daha sən bu qadını,
Xanım gözləməkdə tez vəfatını,
Bir daha eşidib bədnam adını,
Xəcalət lap yerə soxur, Laləni.
İsa Qəmbərov:
Gəlmək olmazdımı məgər təcili?
Gəlsə, xoş bir toxum əkər təcili,
O, "İP"-ə gəlməsə əgər təcili,
Alar ağuşuna çuxur Laləni.
Əli Əliyev:
A bədxah, düşmüsən özün tünlüyə,
İndi təsəlli tap, beş-on günlüyə,
"İP"-ində sən düşsən bir çətinliyə,
Çağır köməyinə bağır, Laləni.
İsa Qəmbərov:
"İP"-də kim nə tapsa boğaza tıxar,
Nahaq iş adamı yandırar-yaxar,
Hardan istəyirsən, tap üzə çıxar,
Necə bacarırsan yoğur, Laləni.
Əli Əliyev:
Üzüb əldən salar mərdi, kədəri,
Deyildi gözündə fərdi kədəri,
Çıxıb kəlləçarxa dərdi-kədəri,
Sənin bəd niyyətin boğur, Laləni.
İsa Qəmbərov:
Mükafat verərəm bizə gətirsən,
De ki, Lalə xanım, gülsən-ətirsən,
Tap bizdə sən onu harda itirsən,
Mənim qurumumda doğur Laləni.
Əli Əliyev:
Özünü hamıdan sən say aşağı,
Bir pay qaldır göyə, bir pay aşağı,
Axıdıb əlinlə lap çay aşağı,
İstər çay yuxarı axır Laləni.
İsa Qəmbərov:
Çox da tərifləmə idbar bayquşu,
Tərif nəyə gərək köntöy, zay quşu,
Əsla qorxmasın ki, itirər huşu,
Özünə gətirər buxur, Laləni.
Əli Əliyev:
Toz əksən verəcək, sözsüz, qoz torpaq,
Onun qibləgahı adi boz torpaq,
Gözünü açmağa qoymur toz-torpaq,
Artıq əldən salıb suxur Laləni.
İsa Qəmbərov:
"Yurd" Əli ilə mən "İP"-də pan kimi,
Laləylə olarıq qəlbdə can kimi,
Qoca, əldən düşmüş bir madyan kimi,
Gözləyir, əlbəttə, axur Laləni.
Əli Əliyev:
Xanımı yuxudan çox pis oyadır,
Sanki bu arvadı xəsis oyadır,
Uzaqlığın onda xoş hiss oyadır,
Sənin yaxınlığın sıxır, Laləni.
İsa Qəmbərov:
Siz mahir qaçmaqda bir dovşan kimi,
Hər biri kükrəyib lap coşan kimi,
Qoparıb mənəvi bir nişan kimi,
Döşə, sinəsinə taxır Laləni.
Əli Əliyev:
Çatmaz "MBH"-yə "İP"-lərin yüzü,
Yeyərdi Laləni İsanın özü,
"İP"-də heç bir kəsin götümür gözü,
Tapıb dirigözlü tıxır Laləni.
MİRZƏ QƏRƏNFİL