Mirmahmud Fəttayev:
"İP" "Üçlər"i görüb xeyli pərt oldu,
Qurumun nəsibi kədər, dərd oldu,
Doğrudur, altı, beş, sonra dörd oldu,
Buradan meydana atıldı "Üçlər".
Əli Əliyev:
"İP"-çilər qərənfil, jalə Mirmahmud,
Olubdu "Üçlər"də halə Mirmahmud,
Yekdil fikrə gəldi Lalə, Mirmahmud,
Mənim təkidimlə birləşdi güclər.
Mirmahmud Fəttayev:
İnşallah, "İP" yerə qoymaqda dizi,
Bir təkan yerindən qoparar bizi,
"Üçlər" üfüqlərə aparar bizi,
"İP"-də çox avara qalıbdı giclər.
Əli Əliyev:
Narıncı köpəklər ağ, boza hürər,
Bosslar üç badama, bir qoza hürər,
"İP"-dəki sərsəmlər ulduza hürər,
Bundan faydalanar "Üçlər"də biclər.
Mirmahmud Fəttayev:
Zaman bəxş edibdi əzm quruma,
Çoxları etməkdə təzim quruma,
İndi lağ edən çox bizim quruma,
Vaxt gələr təmkinlə alınar öclər.
Əli Əliyev:
"İP"-in həm İsası, Əlisi nəhslər,
Aranı yamanlar sürəkli bəhslər,
Özləri bir iş də görməyən kəslər,
Çəkilən əməyi dərhal da heçlər.
Mirmahmud Fəttayev:
Üç lider arası birləşib güclər,
"İP"-ə həmin andan başlanıb teçlər,
Siyasi meydana giribdi "Üçlər",
Qanlar qaralsa da, kökəlib veclər.
Əli Əliyev:
"İP"-çilər boğular bossun tasında,
Qüsur var hər kəsin xartiyasında,
Əlinin, İsanın partiyasında,
Başlanıb daxildə gizli "inç, inç"lər.
Mirmahmud Fəttayev:
Bizə gətirəcək cəddim, pir uğur,
"İP"-i sarmaqdadı çirk - pas, kir "uğur",
Əgər əldə etsə "Üçlər" bir uğur,
Verilər ziyafət, qonaqlıq, linçlər.
Əli Əliyev:
Sabiqlər girdiyi qurumu yıxır,
Rəqib qurumlardan kadrlar axır,
"İP"-in tərkibindən liderlər çıxır,
"Üçlər"ə girməkdə çoxsaylı gənclər.
Mirmahmud Fəttayev:
Rəqib qurumlarda gedişat boyat,
"Üçlər"də günbəgün canlanır həyat,
"İP"-də İsa, Əli olub narahat,
Bizim son qurumda yığışıb dinclər.
Əli Əliyev:
Qərargahları da zövqsüz yuvadı,
Rəqib də çatışmaz o şey havadı,
"İP"-də liderlikçün güclü davadı,
Üz-üzə dayanıb, dirəşib kəclər.
Mirmahmud Fəttayev:
Biz qərar tutmuşuq zirvədə, pikdə,
"İP" yamaca enib, "Üçlər"sə dikdə,
Bizdə daxilimiz təmizlənməkdə,
Rəqib qurumunda çürüyür içlər.
Əli Əliyev:
Biz "Üçlər" ən böyük sümükdə qaldıq,
İsa, Əli deyir bir tükdə qaldıq,
"Altılar" dağıldı, üçlükdə qaldıq,
Bir dəstək olmadı bizlərə pənclər.
Mirmahmud Fəttayev:
Bütün radikallar işlər civara,
Üzvlər acından çıxır divara,
Əli öz "Yurd"unda qalıb avara,
İsa fırça ilə divar kirəclər.
Əli Əliyev:
Əlini, İsanı boss qoyub yavan,
Hər biri hirsindən deşməkdə tavan,
Vaşinqtonda Billdi, Kremldə İvan,
İranda dəstəkdi "İP"-ə İrəclər.
Mirmahmud Fəttayev:
Bir bizik üstünlük verən yumora,
Əli bir ehtiyac duyur tumara,
Sabiqlər qurşanıb deyən qumara,
Onları yenibdi kazino, mərclər.
Əli Əliyev:
Qurbağa, tısbağa boldu, ilan yox,
Burda nə filankəs, nə də filan yox,
"İP"-də məqsədyönlü plan-mlan yox,
Artıq pozulubdu o qalaq dəclər.
Mirmahmud Fəttayev:
Vəziyyət həminki vəziyyət deyil,
"İP"-i qımıldadan qətiyyət deyil,
Bir məqalə belə xoşniyyət deyil,
Ürək bulandırır yazılı dərclər.
Əli Əliyev:
"İP"-də qərar tutmaz qanmaz mal belə,
Daim üzv yazılır ahıl, kal belə,
Bizə meyil edir o Basqal belə,
"Üçlər"ə gəlməkdə Vəndamlar, Niclər.
Mirmahmud Fəttayev:
İsanın durumu liksik görünür,
"Üçlər"in zirvəsi çox dik görünür,
"İP"-də çöhrələrdə əskik görünür,
Şən əhval-ruhiyyə, fərəh, sevinclər.
Əli Əliyev:
"Üçlər"də hər bir şey münasib, əntiq,
Nə İsa, nə Əli sevməmiş tənqid,
Donub liderlərdə siyasi məntiq,
Sarıb ruhlarını ağır ifliclər.
MİRZƏ QƏRƏNFİL