Yusif Bağırzadə:
İşığı azalıb, qaralıb meydan,
Qurumlar saralıb, saralıb meydan,
Radikal durumda daralıb meydan,
Mən varam, burada Etibar yoxdu.
Etibar Məmmədov:
Xəstə olan zaman xərək vermişəm,
Qorxan məqamlarda ürək vermişəm,
Mən onu sədr edib çörək vermişəm,
Yusifdə mətinlik, nə vüqar yoxdu.
Yusif Bağırzadə:
Etibar köhnəlib bir çətir kimi,
Onu saxlayırıq xoş ətir kimi,
Təzədən AMİP-ə bir sədr kimi,
Geri qayıtmağa ixtiyar yoxdu.
Etibar Məmmədov:
Yusiflə getmişəm lap Çinə kimi,
Onu çox ötürdüm biçinə kimi,
Səhv edir gözünün içinə kimi,
Dediyi formada bir şüar yoxdu.
Yusif Bağırzadə:
Etibar zəhəri ilandan alır,
Qüvvəni məkrli plandan alır,
O, hətta nəfəsi yalandan alır,
Onda müsbət imic, saf əyar yoxdu.
Etibar Məmmədov:
Olub ön planda gödən amili,
Bir qədər yekəpər bədən amili,
Zəifdi Yusifdə vətən amili,
Ürəkdən sevdiyi bir diyar yoxdu.
Yusif Bağırzadə:
Mən azman bir izəm, Etibar ləpir,
Onun tamahını örtəcək qəbir,
Qrantı yüz faiz gözünə təpir,
Onunçün bir ölçü, bir meyar yoxdu.
Etibar Məmmədov:
Yusif danışmaqda yaşından böyük,
Daş qaldıra bilmir daşından böyük,
Qələt qarışdırır başından böyük,
Onun məntiqində bir uyar yoxdu.
Yusif Bağırzadə:
Bizə yemək verir özü doyanda,
Mən əl götürürəm, düzü, doyanda,
Kənara çəkilmir gözü doyanda,
Etibar qarnında heç doyar yoxdu.
Etibar Məmmədov:
Çəkib sifətinə siyasi kiri,
Onu siyasətdə saymıram diri,
Yusif özlüyündə zırpının biri,
Milli mentalitet, nə də ar yoxdu.
Yusif Bağırzadə:
Guya bizdən artıq bir talantdı o,
Siyasətdə adi bir kursantdı o,
Deyir ki, Londonda kommersantdı o,
Nə daşınmaz mülki, nə də var yoxdu.
Etibar Məmmədov:
Bəyanatlar verdim bir siftə mən də,
Sədr olduq qurumda hərif də, mən də,
Kamil AMİP-çiyik Yusif də, mən də,
Bizim aramızda sərt divar yoxdu.
Yusif Bağırzadə:
Olub alma, armud, nar aramızda,
Məsləhət-məşvərət dar aramızda,
Nə bir sərhəd, nə hədd var aramızda,
Dialoqa zərər bir civar yoxdu.
Etibar Məmmədov:
Əli Əliyev tək olubdu xata,
Yusifin sözündən duydum qan-qada,
Xoş günlər, əlbəttə, qalıb arxada,
Məncə, aramızda qəm-qübar yoxdu.
Yusif Bağırzadə:
Bir neçə il öncə yayda qərq olduq,
Bossdan da yox fayda, mayda qərq olduq,
AMİP gəmisində çayda qərq olduq,
Xilas olmaq üçün bir avar yoxdu.
Etibar Məmmədov:
Deyirəm, oxucu, gəl, az deyinək,
Vardır ürəyində əbədi göynək,
Nə əynində gözəl narıncı köynək,
Yusifin əynində bir şalvar yoxdu.
Yusif Bağırzadə:
Düzü, eyləmirəm mən naz, küsmüşəm,
Mən saçlı-saqqallı, o, daz, küsmüşəm,
Lider Etibardan bir az küsmüşəm,
Onun başı üstə talvarı yoxdu.
Etibar Məmmədov:
Real sədr xeyli amansız adam,
Həm dindən çox uzaq, imansız adam,
Yusif həddən artıq imkansız adam,
İstirahət üçün bulvarı yoxdu.
Yusif Bağırzadə:
Mənim Etibara çox sualım var,
Cavab verə bilməz, pak amalım var,
Deyir ki, Londonda mülküm-malım var,
İlxısı, sürüsü, davarı yoxdu.
Etibar Məmmədov:
Xeyli fağırzadə məzlumun biri,
Həcmi ağırzadə məzlumun biri,
Yusif Bağırzadə məzlumun biri,
Yoxdu tavarnisi, tavarı yoxdu.
Yusif Bağırzadə:
Zərbəmdən saralıb dərhal solacaq,
O, məndən tutarlı cavab alacaq,
Etibar kobuddu, kobud qalacaq,
Adam sığallayan tumarı yoxdu.
Etibar Məmmədov:
Məzlum görkəmində görərəm onu,
Dipdiri divara hörərəm onu,
Əbədi yuxuya verərəm onu,
Yusifin yatmağı, xumarı yoxdu.
Mirzə QƏRƏNFİL