"İctimai Palata"dakıların siyasi mövqeləri tükəndiyi üçün orada son zamanlar daha yeni, daha müasir və daha əsrarəngiz ideyalar yaranmağa başlayıbdır desək, yanılmarıq. Hansı ki, sonuncu parlament seçiklərindən sonra məhz "müxalifətin siyasi baxış zərurətindən" yaranan "İctimai Palata" artıq siyasətbazlığı-zadı qoyub bir kənara və hazırda daha müvafiq işlərə başladığını bəyan edib. Bu müvafiq işin adı isə məişətbazlıqdır. Hətta bu istiqamətdə "palata"nın loqosu da müəyyənləşdirilib.
Həmin loqoda nəhəng, müxalifətə layiq bir küçə süpürgəsinin şəkli yerləşdirilib. Çünki "İctimai Palata" bundan sonra məişət işləri ilə məşğul olacağını bəyan edib. Yəni küçələrə, icazəsiz aksiyalara çıxarkən hər bir "palata" xəstəsinin əlində süpürgə olacaq və onlar sındırıb-dağıtdıqları qapı-pəncərələrin qırıntılarını "el birliyi" ilə süpürəcəklər. Hətta kimin-kimdən xoşu gəlmirsə, onu da süpürüb zibil yeşiyinə atacaqlar. Axı hər nədirsə, təmizlik imandan gəlir. Düzdür, "palata"dakılarda iman-filan olmasa da, bir-birilərini süpürüb atmaqda yamanca məharətə malikdirlər.
İndi də keçək bu mövzuya bənzər başqa bir mövzuya. "İctimai Palata" səlahiyyətliləri-İsa Qəmbərov və Əli Kərimov cütlüyü öz ətraflarına bir neçə siyasiləşmiş QHT və "hüquq müdafiəçiləri"ni toplayaraq, şəhərdə aparılan tikinti-quruculuq işlərinə pəl vurmağa cəhdlər göstərirlər. Elə götürək keçmiş Basin (indiki Füzuli küçəsi) küçəsindəki abadlıq işlərini. Artıq hər kəsə bəllidir ki, həmin ərazidə möhtəşəm Qış Bulvarı istirahət-əyləncə kompleksi tikilir və bu kompleksin tikintisi hər birimizdə xoş əhval-ruhiyyə yaradır. Axı niyə də yaratmasın? Buraya gələcək hər bir kəs, eləcə də, xarici qonaqlar qarşısında öyünməyə, fəxr etməyə haqqımız yoxdurmu? Əlbəttə ki, var! Amma "palata" məişətbazları özlərinin baş süpürgəbaşısı Leyla Yunusovanın həmin ərazidəki ofisinin dağıdılmasını az-qala "qlobal dağıntı" kimi qiymətləndirib özlərindən "qondarma komissiya" da yaradıblar. Adını da qoyublar ki, L.Yunusovanın ofisinin dağıdılması "demokratiyaya vurulmuş zərbədir". Yəni Allah bu qədər ağıllarını alıb bunların? Axı həmin ərazidə təkcə L.Yunusovanın ofisi yerləşməyib və orada yaşayan yüzlərlə sakinlərin hər birinə yetərincə, hətta artıqlaması ilə kompensasiyalar ödənilib, onlar yeni, müasir, bütün standartlara cavab verəcək mənzillərlə təmin olunublar. Ancaq yox, nə danışırsan, sən demə L.Yunusova göydən düşüb və bu səbəbdən də onun çaqqal yuvasına bənzər ofisi köçürülməməliymiş. Bu cür düşük siyasi manipulyasiyalardan yararlanmağa səy göstərən "palata" süpürgəçiləri dır-dır qarılar kimi məişətmeyilli haray-şivənləri qaldırırlar ki, öz mənafelərinə dividentlər qazansınlar. Ancaq son olaraq bir həqiqəti söyləməmək olmur. "İctimai Palata"nın səlahiyyətliləri hesab olunan Kərimov-Qəmbərov cütlüyü orada süpürgəçilərdən ibarət məişət koordinasiyası şurası yaratsınlar və hərəsi əlinə süpürgə alıb bir-birilərini süpürsünlər. Bəlkə o zaman kimin əsl məişətsevər olması bəlli olar.