PDF Oxu

Köşə

  • 1 042

Müxalifətin yeni lider axtarışı

Müxalifətin yeni lider axtarışı

Pənah Hüseynov:


Dördəlli yapışıb masadan Arif,

Tezliklə qurtular tasadan Arif,

Sözsüz ki, yaxşıdı İsadan Arif,

Pis lider deyiləm mənim özüm də.


Rauf Arifoğlu:


Qusmağa hazırdı İsa, doyub da...

Başqanlığa Arzu nəzər qoyub da,

Postda iddialı Vurğun Əyyub da,

O kürsü əbədi qalıb gözümdə.


Pənah Hüseynov:


Başqası seçilsə artacaq kinim,

AXP, Müsavat eyni vətənim,

Başqanlıq adıma biçilib mənim,

Qüvvə hiss edirəm yalnız özümdə.


Rauf Arifoğlu:


Liderim olubdu İsa mastında,

Məni xatırlayıb hər bir tostunda,

Şəstlə oturardım başqan postunda,

Olsaydı bir qətrə su da üzümdə.


Pənah Hüseynov:


Hər dəstəkçi alar bir beçə, fərə,

Başqan seçsəydilər məni bir kərə,

Hədiyyə verərəm yetkililərə,

Bizdə qarpız da var, çoxlu üzüm də.


Rauf Arifoğlu:


İdarə etmədim düz şüurumu,

Başqan yolum üstə qurdu torumu,

İsadan inciyib atdım qurumu,

Qaldım qəzetimlə sonsuz düzümdə.


Pənah Hüseynov:


"İP"-də nitq söyləyir ötkəm dillərim,

Tetçerin xoşuna gəlib tellərin,

Edir ideyalar ixrac əllərim,

Liderlik qalıbdı ayaq izimdə.


Rauf Arifoğlu:


Dirilik suyuydum, su tək içilsəm,

Tutmazdım bu postu əgər mən şilsəm,

İşdir, mən qəfildən başqan seçilsəm,

Bayram qapımıza gələr bizim də.


Pənah Hüseynov:


Gərək İsa enə, zirvəyə çatam,

"İP"-də vəzifəm var, bir xeyli şadam,

Mənəm bir yeganə layiqli adam,

Olardı katibəm, pulum, mizim də.


Rauf Arifoğlu:


Nə Vurğun Əyyub tək turuncu layiq,

Deyil Arzu kimi zarıncı layiq,

O posta mənim tək narıncı layiq,

Var çoxlu narıncı rəngli bezim də.


Pənah Hüseynov:


İsa, görməmişəm fel qurğun kimi,

Demədim sustaldım səy, durğun kimi,

Çətin Arzu kimi, həm Vurğun kimi,

Başqanlıq postundan çönüm, bezim də.

Rauf Arifoğlu:


Nə danlaq edəydi, vuraydı tənə,

Nə şüvən qoparıb cıraydı sinə,

Çağırıb verəydi postunu mənə,

Əyilib edərdim ona təzim də.


Pənah Hüseynov:


Bu cür uğur bir də çıxmaz heç rasta,

Verərdim İsaya minlərlə pasta,

İstəməzdim əlim çatmadan posta,

Ya onu tərk edim, yaxud çezim də.


Rauf Arifoğlu:


Qoy onlar bosslara edilsin təhvil,

İsa da, Əli də, adi bir səfil,

Səbəb olmasın ki, rastına qəfil

Çıxıb, ovucumda onu əzim də.


Pənah Hüseynov:


Bilmədim, bilmərəm halal-haram mən,

Pulverən önündə karam-koram mən,

Düşüb ayaqlara yalvararam mən,

Min sifətim də var, milyon üzüm də.


Rauf Arifoğlu:


Önümdə Pənahın bir şansı yoxdur,

İsa bəy sayəmdə hələ də toxdur,

Pənahınkından heç az deyil, çoxdur,

Otuzum, qırxım da, əllim də, yüzüm də.

Pənah Hüseynov:


Səsini paylama yoldan ötənə,

Çox vacib lazımdır başqanlıq mənə,

Bayaq da demişdim, deyirəm yenə,

Məndə çox mətanət, dözüm, əzm də.


Rauf Arifoğlu:


Gözünü qapadı İsanın pulu,

Heç zaman olmadım mən onun qulu,

Başqanlıq pilləsi mənimçün ulu,

O qədər şişmədim, dodaq büzüm də.


Pənah Hüseynov:


Gülmüşəm qolları bükülənə mən,

Aradan çıxaraq əkilənə mən,

Bənzəmirəm geri çəkilənə mən,

Raufdan özümçün qorxu sezim də.


Rauf Arifoğlu:


Arif Hacıyevin işi sızıltı,

Arzu, Pənah, Vurğun adi vızıltı,

Burnumun altında yox bir mızıltım,

Xoş ovqat oyadır nitqim, səsim də.


Pənah Hüseynov:


Əlimlə yerindən tərpənəcək dağ,

Çünki mən bu işə qoymuşam ayaq,

Başqanlığa mənəm yeganə dayaq,

Həddindən artıqdır eşq, həvəsim də.


Rauf Arifoğlu:


Mənə dəstək olan kimi çağırım?!

Başqan seçilməsəm artacaq ağrım,

İzah eyləməkdən yarıldı bağrım,

Artıq kəsilməkdə xoş nəfəsim də.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər