Xatirinizdədirsə, BBC hələ birinci dəfə yayımladığı qərəzli verilişində Azərbaycanın 2012-ci ilin Olimpiya Oyunlarında qızıl medal əldə etmək üçün guya AİBA-ya 9 milyon dollar rüşvət verməsi ittihamını irəli sürmüşdü. Ancaq Beynəlxalq Federasiya lüzumsuz iddia ilə bağlı 5 nəfərdən ibarət komissiya yaratmış və aparılan təhqiqatlar nəticəsində bəlli olmuşdu ki, "rüşvət" məsələsinin heç bir əsası yoxdur. Fəqət, söylənilən bütün yalanlara və qərəzlərə baxmayaraq, son zamanlar "BBC World Service Trust" öz yayımlarında çox ciddi və olduqca ehtiyatsız yanlışlıqlara yol verməkdə davam edir. Düzdür, bir sıra media ekspertləri bu cür dezinformasiya "nəzəriyyəsinə" haqlı don geyindirməyə cəhdlər göstərsələr də, daha çox məlum olur ki, BBC sözügedən metodla gündəmdə qalmağa səy göstərir. Yəni reytinqini artırmaq istəyir. Amma dünyanın bir çox nüfuzlu təşkilatları BBC-nin məlumatlarının yalandan başqa bir şey olmadığını bildirirlər. Çünki adıçəkilən media qurumu nəinki Azərbaycana, eləcə də, digər dövlətlərə qarşı da amansız dezinformasiya müharibəsi aparıb.
HEÇ ŞÜBHƏSİZ Kİ...
BBC-nin Azərbaycana və burada keçiriləcək "Eurovision-2012"-yə qarşı apardığı çirkin kampaniyanın arxasında reytinqlə yanaşı, biznes maraqları da dayanıb. Hətta məlumata görə, son günlər BBC tərəfindən bu il ölkəmizdə keçiriləcək beynəlxalq musiqi yarışması haqqında dərc edilən materialların kökündə qisas məqsədi də dayanıb. Belə ki, əldə olunmuş digər məlumatlara görə, hələ 1 il bundan öncə, BBC səlahiyyətliləri paytaxt Bakının mərkəzində nəhəng tikinti layihəsinin həyata keçirilməsi ilə bağlı müvafiq yerli strukturlara müraciət etmişdi. Layihəyə görə, köhnə dəyirmanın yanında inşa edilmiş "Landmark" tipli binada böyük media mərkəzi, xarici təşkilatların, şirkətlərin ofisləri, BBC-nin bürosu, xarici diplomatik nümayəndəliklər və s. yerləşməsi nəzərdə tutulub.
Lakin belə böyük yerin olmadığını əsas gətirən müvafiq dövlət strukturları BBC-nin layihəsinə haqlı olaraq mənfi rəy verib.
Məhz bundan sonra BBC-nin qərəzli kampaniyalarına start verilib və telekompaniya şər-böhrtan, şantaj xarakterli məlumatlar yaymağa başlayıb. "Eurovision-2012"-yə qarşı kampaniya da məhz bu kimi qərəzlərdən qaynaqlanır. Hətta aparılan araşdırmalardan sonra o da bəlli olmuşdur ki, BBC Azərbaycana qarşı kampaniya ilə bağlı Böyük Britaniyanın digər media orqanlarına da ciddi təzyiqlər göstərir. Son zamanlar BBC-nin Azərbaycanı tənqid edən materiallarının və ümumiyyətlə, anti-Azərbaycan ruhlu məqalələrinin İngiltərənin nüfuzlu mətbuat orqanlarında ardıcıl şəkildə dərc olunması da, bilavasitə, bunun nəticəsidir. Görünür, bu kimi kampaniyalara son qoymaq istəməyən BBC sözügedən dezinformasiyaları yaymaqla reytinqini artırmır, əslində, özünü uçuruma doğru aparır.