PDF Oxu

Köşə

  • 960

Əli Kərimovun “ana müxalifət” olmaq iddiası

Əli Kərimovun “ana müxalifət” olmaq iddiası

Əli Kərimov:


Bizik Qərbdən çoxlu quruş gətirən,

Teymurzadə üçün Arış gətirən,

Yoxdu önümüzdə duruş gətirən,

Cəbhə iddialı olmağa "ana".


İsa Qəmbərov:


Müsavat yenilməz radikal ordu,

Əlbəttə, qırılar gözünün qurdu,

Qələt qarışdırır Əlinin "Yurd"u,

Mən "ana" adını vermərəm ona.


Əli Kərimov:


Bizə kim pul verir, ağızda dadı,

Daim ucaldarıq bu təmiz adı,

Cəbhəyik, adımız da "Yurd" övladı,

A Müsavatsevər, bizi az qına.


İsa Qəmbərov:


Pulsuzlaşan zaman nervə tutanda,

Əli bəy Tiflisdə kirvə tutanda,

Müsavat ucalıb zirvə tutanda,

Əlinin işləri getməkdə fəna.


Əli Kərimov:


Əli qurumunun olub fağırı,

Hələ Müsavatda öndə ağırı,

İsa mat qalıbdı görüb uğuru,

Daşıb səbr kasası, dolubdu xana.


İsa Qəmbərov:


Çoxdan "SOS" olubdu, vurulub təbil,

"Yurd"da olmamışdı süqut bu qəbil,

Əli "Yurd"u ilə adi bir zibil,

Mənim Müsavatım balda bir şana.


Əli Kərimov:


Bizim üstümüzə yaymaqda kiri,

Çox dərinə getmək gətirər təri,

İsa bəy, əlbəttə, səfehin biri,

Yoxdu dediyində ciddi bir məna.


İsa Qəmbərov:


A kişi, kül etmə gül yerişimi,

Təkrar etmək çətin mil yerişimi,

Yeriyə bilməzsən, bil, yerişimi,

Mənim başmağımı geyməyi sına.


Əli Kərimov:


Müsavat bir ölü qurumdu hissiz,

İsa qalacaqdı tezliklə gözsüz,

"Ana müxalifət" olarıq sözsüz,

İsanın davranı çatıbdı sona.


İsa Qəmbərov:


Əlidə nə vaxt var, nə də ki, macal,

Mən ona həmişə çevirmişəm dal,

Sözsüz, istəmirəm "Yurd"la qalmaqal,

Əli bir qaşqaldaq, Müsavat sona.


Əli Kərimov:


Mən yazıq başqana kəsərəm quzu,

Təmsil eyləyərəm özüm də tuzu,

Guya artmaqdadı onun nüfuzu,

İsanın özü də girib min dona.

İsa Qəmbərov:


Mənim hər sözümdə məna olacaq,

Əlidə vəziyyət fəna olacaq,

Müsavat radikal "ana" olacaq,

Mən öküz, Əli bəy dişi bir dana.


Əli Kərimov:


İsanın başı boş, düşüncəsi dar,

Hətta qulaqları olmaqdadı kar,

Nə bir sözü keçir, nə qüruru var,

Bu bədnam hamını yığıbdı cana.


İsa Qəmbərov:


Mən əfi ilanam, Əli koramal,

Mən real qüvvəyəm, o, bir puç xəyal,

Ondan siyasətçi çıxmadı normal,

Əli bir yanadı, mənsə bir yana.


Əli Kərimov:


Nadanın biriyəm, oğulsa İsa,

Yoxalıb gil kimi ovulsa İsa,

Başqanlıq postundan qovulsa İsa,

Hər iki əlimə qoyaram xına.


İsa Qəmbərov:


Damadı, həmişə mən olmuşam tuz,

Nitqində, sözündə çox az olub duz,

Qərbdə qazanmayıb elə bir nüfuz,

Onunku odu boss cibinə qona.

Əli Kərimov:


İsanın canında olmayıb qılıq,

O, zəhər daşıyan böyük bir tuluq,

Ondan mütəmadi axır fırtılıq,

Olacaq həmişə boynunda cuna.


İsa Qəmbərov:


Bu adam həyatda olubdu çox süst,

Mən bir millət sevən, Əlisə rasist,

O qədər qanmazdı, o qədər nasist,

Düşməyə hazırdı gündə min dona.


Əli Kərimov:


Öz dərrakəsiylə verib min cür fon,

Saydı ətəyimdə görüb çoxlu un,

İsa təbiətən bir biqələmun,

Düşməyə hazırdı İsa min fona.


İsa Qəmbərov:


Qüsuru uğuru gözünə soxmaq,

Zərbəsi küt olan adi bir toxmaq,

Əli o qədər küt, o qədər axmaq,

Çətin vəziyyəti əməlli qana.


Əli Kərimov:


İsa etibarsız, çox vurdum dişə,

Əsla yaramamış hansısa işə,

Zirvədən İsa bəy düşüb enişə,

İnfeksiya artıq keçibdi qana.


İsa Qəmbərov:


Mən bir millətçiyəm, özüm də qatı,

Əli bəy, sən çevir tatı, vur tatı,

Tamam düzəltmişəm mən Müsavatı,

Çətin ki, "Yurd"unu Əli bəy yona.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər