İsa Qəmbərov:
İblis də həmişə veribdi imkan,
Şeytana mən özüm olmuşam təkan,
Hər Əjdaha ili başlayan zaman,
Cəbhəni mən məhvə sürükləmişəm.
Əli Kərimov:
Mən Qərbli bosslardan arxa-dayaqlı,
İsanın yolları bəxti tək bağlı,
Udaram İsanı əlli-ayaqlı,
Özüm Müsavata aşkar qəmişəm.
İsa Qəmbərov:
Xeyir axmaq şeydi, min lənət şərə,
Çox oldu Əlini keçirdim girə,
Bir vaxt parçalandı cəbhə üç yerə,
Cəbhəni dağıdan həmin Məmişəm.
Əli Kərimov:
İsa Müsavatda sayılır naşı,
Çətin o çıxacaq yaza bu qışı,
Artıq yeyilibdi İsanın başı,
Bunu ona vaxtilə çox demişəm.
İsa Qəmbərov:
Əli qabağımda cüyür, mən ayı,
Deyir erməniyə mənim tək dayı,
Çoxalıb etdiyim pisliyin sayı,
O qalıb Əlini minib əmişəm.
Əli Kərimov:
Bir boss da İsaya açmazdı ətək,
Daim mən basmışam ağzına pətək,
O qaçıb, mən onu yedirdənədək,
İsadan yağlı zərblər yemişəm.
İsa Qəmbərov:
Əjdaha ilində gələcək qadam,
Cılız görkəminə ürəkdən şadam,
Əlini "Yurd"unda tək qoyan adam,
Sözsüz, bir kimsə yox, özüm imişəm.
Əli Kərimov:
Başqanın sonunu çoxdan duymuşam,
Onu ilan kimi tamam soymuşam,
İsanı qurumda quru qoymuşam,
Mən ona nisbətən sulu, nəmişəm.
İsa Qəmbərov:
Boş olub, çox boşdu başqanın içi,
O, qoyun ilində mələyən keçi,
Tapıb Əli kimi beş-on kisəçi,
Üstümü sürtdürüb gərək çimişəm.
Əli Kərimov:
Başqanın gözünü oyaraq çoxdan,
Pul-para, qrantdan doyaraq çoxdan,
İsanı arxada qoyaraq çoxdan,
Çox iti sürətlə çoxdan keçmişəm.
İsa Qəmbərov:
Yazda Müsavatda başqan güləcək,
Qədrini xaric də, Qərb də biləcək,
Əli keçmiş zaman, mənəm gələcək,
Guya o, gələcək, mənsə keçmişəm.
Əli Kərimov:
Onun əsəbini çözüb xarab tək,
Açmışam ipini onun corab tək,
İsanın qanını al bir şərab tək,
Olub ovuc-ovuc yeyib-içmişəm.
İsa Qəmbərov:
Ona yeni ovqat seçərəm yenə,
Qanını viski tək içərəm yenə,
Bu Əjdaha ili biçərəm yenə,
Əli tək qanqalı lap çox biçmişəm.
Əli Kərimov:
İnşallah, əlimlə kəsilər dili,
Çəkərəm gözünə onun mən mili,
İsanın deyildir əjdaha ili,
Gərək qovuq kimi şişdikcə şişəm.
İsa Qəmbərov:
Mən böyük özəyəm, o, kiçik rişə,
Böyük Əjdaha da baxacaq işə,
Özümçün ağrını etmədim peşə,
Əlinin özüyçün ağrıyan dişəm.
Əli Kərimov:
Yazığın əlimlə novrağı dönüb,
Qurumda başqanın çırağı sönüb,
İndi İsa quru cəsədə dönüb,
Onun cavabını verəcək Qəşəm.
İsa Qəmbərov:
Nə qədər yodlasan da yodlu olmur,
Əliyə od qoysan, o, odlu olmur,
Əjdaha ilində o, dadlı olmur,
Əlini yeyincə, yeyərəm xəşəm.
Əli Kərimov:
Naləsi bürüyüb tarlanı, çölü,
Mən əbədi diri, başqan bir ölü,
Qədəm qoyan kimi Əjdaha ili,
İsanı məhv etmək olubdu peşəm.
İsa Qəmbərov:
Əli təpəsində iri dən gedir,
Gedən şey olmazdan, qəhətdən gedir,
Məsələ mənəvi cəhətdən gedir,
Onu öldürməsəm, bir quru leşəm.
Əli Kərimov:
Qalıbdı "Yurd"umda əbədi simam,
Yalançı çilçıraq odu, mən şamam,
Başqan natamamdı, mən özüm tamam,
İsa dörddüsə də, mən, sözsüz, beşəm.
İsa Qəmbərov:
Həm də öləcəyi qutu əlimdə,
Əli kimi zəif lotu əlimdə,
Onu söndürəcək pultu əlimdə,
Əli beşdisə də, mən mütləq şeşəm.
MİRZƏ QƏRƏNFİL