Rauf Arifoğlu:
İsa tək "yalançı div"i görməyim,
Məndən uca heç bir KİV-i görməyim,
Təki Arif Hacıyevi görməyim,
İti-qurdu görməyə də hazıram.
Arif Hacıyev:
Dərin quyu qazdım çox nakəslərə,
Arzu tək naxələf çıxan pəslərə,
Rauf tək namizəd olan kəslərə,
İsaya qazdığım qəbri qazıram.
Rauf Arifoğlu:
Arif başqanlığa gələcəksə tuş,
Çox su aparacaq bu köntöy uçuş,
İşdi, buraxanda Ləbbeyk Arif quş,
Dərhal qəzetimdə yazı yazıram.
Arif Hacıyev:
"Tövrat"ı bitirdim, Musanı yıxdım,
Tülküdən tülüngü lisanı yıxdım,
Bir xətt üstə duran İsanı yıxdım,
Digər rəqiblərçün plan cızıram.
Rauf Arifoğlu:
Gözdən buraxmaram bu miskin bəyi,
Bu bədnam adamın yamandı səyi,
Gözümə dəyəndə namizədliyi,
Arifin adını dərhal pozuram.
Arif Hacıyev:
Qərbi dönük görcək xeyli çaşıram,
Hər boss görəndə baryer aşıram,
Raufu görəndə coşub-daşıram,
İsanı görəndə bir az mısıram.
Rauf Arifoğlu:
"İP"-in günü-gündən rəngi saralır,
Müsavata baxcaq səbrim daralır,
İsanı görəndə qanım qaralır,
Arif nə danışsa, tərsə yozuram.
Arif Hacıyev:
Halım xarab Misir, Yəməndən sonra,
Qərbin bosslarını əməndən sonra,
İsanı dar qəbrə göməndən sonra,
Qurumda yeganə milli kozuram.
Rauf Arifoğlu:
Bilir getməlidi, o, bunu duyur,
İsa məni görüb yatıb uyuyur,
Arifi görəndə axşam soyuyur,
Günortaya yaxın yaman qızıram.
Arif Hacıyev:
Məni öz yerində görüb o, susur,
Başqan İsa bəydə yüzlərlə qüsur,
Bayırda qalanda çoxları qusur,
Türməyə salırlar, orda qusuram.
Rauf Arifoğlu:
Fələk indi başqan yoğurur məni,
Qələm dostlarım da doğurur məni,
Eşitsəm, kütlələr çağırır məni,
O vaxt aram olub, qulaq asıram.
Arif Hacıyev:
Qərbdə bu adamı sevib duyan yox,
Son vaxtlar İsaya bossdan həyan yox,
Biləndə ki, məni qurdalayan yox,
O vaxt sakitləşib qəsdən susuram.
Rauf Arifoğlu:
İsa cəhənnəmə, basıb qəm onu,
Çürüdür günbəgün içdən nəm onu,
Arif zəif gəlsə, yenirəm onu,
Təzyiq göstərəndə, quyruq qısıram.
Arif Hacıyev:
Ay Rauf, quruma çoşqan gələrsə,
Bişirib yeyərdim, asan gələrsə,
Yerimə başqası başqan gələrsə,
Elə bilərəm ki, dərdli qısıram.
Rauf Arifoğlu:
Amerika, Rusiya, Hindistan, Çində,
Qışın şaxtasında, yayda biçində,
Hazırda Arifi türmə içində,
Onu izləyərək gizli pusuram.
Arif Hacıyev:
İsanın azalıb sözdə kəsəri,
İndi kəsib yeyir keşniş, vəzəri,
Süquta uğradıb namizədləri,
Gərək İsa kimi qəbrə basıram.
Rauf Arifoğlu:
İsa başqan olar, etmirəm güman,
Arifə, Arzuya vermərəm aman,
Kimsə məni keçmək istəyən zaman,
İki ayağımla qazı basıram.
Arif Hacıyev:
Başa dırmaşıram imkan verəndə,
Zamanım daralır, məkan verəndə,
Mənə kiçicik bir təkan verəndə,
Dərhal qudururam, həddi aşıram.
Rauf Arifoğlu:
Arif bəy, köklənib mırroya doğru,
Mənsə milliliyə, həm soya doğru,
Redaksiyam olan Vosmoya doğru,
Başımı götürüb dərhal qaçıram.
Arif Hacıyev:
Müsavatın çörək sacı itibdi,
Qərbin də gümüşü tacı itibdi,
"İP"-də də kələfin ucu itibdi,
İsanı görəndə, daim çaşıram.
Rauf Arifoğlu:
Çoxunu yenmişəm şişimə çəkib,
Cılızlaşdırmışam peşimə çəkib,
Bir çox namizədi dişimə çəkib,
Arzu eyləyirəm yeyib aşıram.
Arif Hacıyev:
A bosslar, önəmli toçkan oluram,
Ya İsa əlində çuşkan oluram,
Ya mən qurultayda başqan oluram,
Ya Qərbə, ya da ki, Şərqə uçuram.
MİRZƏ QƏRƏNFİL