PDF Oxu

Köşə

  • 1 225

Arif Hacıyev başqanın istefaya çıxmayacağı təqdirdə, onun maliyyə fırıldaqları haqda açıqlama verəcəyini bildirib

Arif Hacıyev başqanın istefaya çıxmayacağı təqdirdə, onun maliyyə fırıldaqları haqda açıqlama verəcəyini bildirib

Arzu Səmədbəyli:


Plastmasdı, deyildir dəmir İsa,

Artıq su aparan bir xəmir İsa,

İstefa verənə oxşamır İsa,

Mənim başqanlığım tutmayacaq baş.


Arif Hacıyev:


İçib viski kimi zəqqum ağını,

Bu başqan çıxardıb artıq ağını,

Açaraq maliyyə fırıldağını,

İsanın başına tökəcəyəm daş.


Arzu Səmədbəyli:


Yerində qalmadı məntiqi mətni,

Qərbin qrantları həyatın rəhni,

O qədər korşalıb İsanın zehni,

Fikirləşmək üçün qalmayıbdı baş.


Arif Hacıyev:


O "bəy" Qərbə baxır bir dürmək üçün,

Başqan arzusunu söndürmək üçün,

Ona böyük zərbə endirmək üçün,

İsaya viskisiz yedirdəcəm xaş.


Arzu Səmədbəyli:


İsanın yanında Pənah adamdı,

Qoy istefa versin, hərgah adamdı,

Elə naqisfason bədxah adamdı,

Göz düzəldən yerdə zədələyib qaş.


Arif Hacıyev:


Nə deyilən sözlər bir kar eyləyir,

Nə utanmaq bilir, nə ar eyləyir,

Hələ başqanlıqda israr eyləyir,

Baxmayaraq, çoxdan ötüb keçib yaş.


Arzu Səmədbəyli:


İsa şimşək kimi çaxmaqda hələ,

Üstümə çirkablar yağmaqda hələ,

Məni barmaqlıqlar sıxmaqda hələ,

Özü isti yerdə yeməkdədi aş.


Arif Hacıyev:


Başqan dəvəni də etməkdədi fil,

O, indi ayaqlar altında səfil,

Töküb bir gözünü İsanın qəfil,

Onu edəcəyəm çəpgöz, ya da çaş.


Arzu Səmədbəyli:


Ay İsa, qəlbində istefa oyat,

Xeyli sısqalaşıb, olubdu boyat,

İsa keçirməkdə mənasız həyat,

Bu cür həyatdansa öləydi o, kaş.


Arif Hacıyev:


Başqanın başında hürmə qanunu,

Tətbiq ediləcək cərmə qanunu,

Son məqam işləyər türmə qanunun,

Gəbərdib, üstünə atacam plaş.


Arzu Səmədbəyli:


İstərəm ki, çıxsın əlindən masa,

Ona olacaqdı sözümüz qısa,

İstefa verərsə, bu bədxah İsa,

Xaricdən alarıq çox qonorar, maaş.

Arif Hacıyev:


Başı tən yarılar dəyərsə kəlləm,

Padoş sifətini ağrıdar silləm,

Azadlığa çıxsam qənim kəsilləm,

İsayla çox kəskin olacaq savaş.


Arzu Səmədbəyli:


Artıq süqut edib tükənib İsa,

Biz sevinc içində, o batıb yasa,

İndi özüm girrəm, bossla təmasa,

Ona çox demişəm, Qərbə az suvaş.


Arif Hacıyev:


Özü məhv olacaq, o, cəfa versə,

Bizə sədr postunda bir yuva versə,

Başqan öz xoşuyla istefa versə,

Ona yedirərəm pendirlə lavaş.


Arzu Səmədbəyli


Qurarıq məntiqi fikirli plan,

Kömək etməyəcək bu kirli plan,

İsa qurmaqdadı məkrli plan,

Deyən tərpənirik biz xeyli yavaş.


Arif Hacıyev:


Daha çox bənzəyir fikri pamala,

Yalmanır, deyəsən, daha şümala,

İsa söykənməkdə Qərbə Şimala,

Fikrindən baş açmaz nə rus, nə çuvaş.


Arzu Səmədbəyli:


İsa haram pulu çox asan alıb,

Deyirlər "SOROS"dan qızıl bant alıb,

O, rüşvət qismində çox qrant alıb,

Hər iki gözünü örtübdü daş-qaş.


Arif Hacıyev:


Çətin olacaqdı axıb getməsə,

O, getməz, bizləri yıxıb getməsə,

Sakitcə postundan çıxıb getməsə,

Açıqlanacaqdı aldığı daşbaş.


Arzu Səmədbəyli:


Biz onun canına bəla salarıq,

Ağzını çevirib kola salarıq.

Onu sakit tərzdə yola salarıq,

Əlbəttə, başına tökmərik şabaş.


Arif Hacıyev:


Bizim fikrimizə uyğun görsün iş,

Gözə göz alaram, dişə isə diş,

Edərəm onunçün elə bir gediş,

İsa ömrü boyu qalardı çaş-baş.


Arzu Səmədbəyli:


Hey öz peysərini qaşıdı İsa,

Dərdini çiynində daşıdı İsa,

Daim problemli yaşadı İsa,

O, ova bilmədi özünə umac.


Arif Hacıyev:


Razılaşmaq olmaz daha müft ilə,

İstefaya çıxsa əgər lift ilə,

İsanın əyninə böyük lütf ilə,

Özüm geydirərəm narıncı qumaş.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər