PDF Oxu

Köşə

  • 1 023

Dayanacaqda mitinq ab-havası

Dayanacaqda mitinq ab-havası

Möhkəmdən danışırdı, qulaqlarımı tutmağa heyim yox idi. Vaxtında gəlmiş amansız qış havası əllərimi dondururdu deyə poltomun ciblərində onları xəlvətləmişdim. "Həm də qoy danışsın, bəlkə bu da belə qızınır" deyə fikirləşdim. Qulaq asanlar tez-tez dəyişir, biri yerini digərinə ötürürdü. Düşünməyin ki, bu adam böyük bir auditoriya qarşısında çıxış edirdi, yox, bərəkət haqqı. Eləcə avtobus dayanacağında idi. Hər kəs öz avtobusu gələnə qədər bu insanın çıxışlarını qeyri-iradi dinləyirdi, mən də eləcə. Bir sözlə, dayanacaqda əsil mitinq ab-havası hökm sürməkdə idi...

Səliqəli geyinmişdi, üzü tər-təmiz taraş olunmuşdu, boynundakı qalstuk əynindəki köynəyin yaxalığından sinəsinə dolan şaxtalı küləyin qarşısını alırdı. Paltosunun və pencəyinin yaxası açıq idi. "Baxın, siz Allah, bu qara-şaxtaya baxın! Niyə yağır bu qar, niyə qarsayır bu şaxta bizləri, bilirsinizmi? Əlbəttə, bilmirsiniz. Yox, bəlkə də bilirsiniz, sadəcə danışmırsınız, deməyə çəkinirsiniz. Eybi yox, tezliklə bu qar da, buzlar da əriyib su olacaq, bax, onda hər şey mənim və mənim siyasi liderimin dediyi kimi olacaq. Bu nədir, axı?! Gərək iqtidar öz zəhmini elə göstərəydi ki, qar çəkinib bizim ellərimizə, obalarımıza yağmayaydı. Şaxta şaxtalığından bezəydi, külək küləkliyindən imtina edəydi. Biz ölkənin ana müxalifəti olaraq, hakimiyyətə gələndən sonra vətənimizə əsil ana qayğısı göstərəcəyik. Torpaqlarımızın hər qarışını parnikin altında saxlayacağıq. Buna bizim imkanımız və qüdrətimiz çatır. Qalın polietlen parçalar alacağıq, bütün şəhər və kəndlərimizin üstünə çəkəcəyik ki, yağan qar- yağış üst-başımızı çirkləndirməsin. Bəli, biz bunu etməliyik. Bir baxın, biz indi neyləyirik, əlbəttə ki, üşüyürük. Üşüyürüksə, demək, biz nə ola bilərik? Ay sağ olun, sətəlcəm ola bilərik. Siz "sətəlcəm" sözünün axırına fikir verin, axırıncı heca "cəm" oldu. Bəli, düz düşünürsünüz, biz bir yerə cəm olmalıyıq ki, nəfəsimizlə bir-birimizi isidə bilək. Mən bir müxalifət düşərgəsinin nümayəndəsi kimi deyirəm, vaxt gələcək, bax, bu astanovkadakı, yəni öz dilimizdə desək, dayanacaqdakı yarpaqsız məzlum ağaclar yarpaq açacaq, yaşıllaşacaq, biz avtobusları gözləyəndə, həmin ağacların kölgəsində dayanacaq, və təbiətin əsrarəngiz gözəlliyindən vəchə gələcəyik. Bunu mən deyirəm sizə, və siz avtobusları necə gözləyirsinizsə, eləcə də, həmin günləri gözləyin. Sizləri öz adımdan mitinqlərə dəvət edirəm. Mart-aprel aylarında baş tutacaq bu mitinqlərdə siz görəcəksiniz ki, bizlər necə də aktivik, bizlər nəyə qadirik. Biz xalqla bir yerdə olmalıyıq. El bir olsa...".

Sözü ağzında qaldı, elə bu zaman dayanacağa növbəti avtobus yaxınlaşdı. Bayaqdan insanlara işıqlı gələcəkdən bəhs edən müxalifətçi soydaşımız, hansı ki, bütün ölkəni parnikin- istixananın altında saxlamaq istəyən müxalifətçi qardaş heç kəsə aman vermədən,dayanacaqlardakı insanları itələyərək, avtobusa mindi. Düşündüm ki, belələrinin söz verdiyi istixanalar da elə belə olcaq, ancaq özləri üçün, yerdə qalanlar, qoy qalsın və öz marşrutunu gözləsin.

Digər xəbərlər