PDF Oxu

Köşə

  • 1 107

Yeni Müsavat başqanı Qərbdən qrantı birbaşa almaq imkanında olacaq

Yeni Müsavat başqanı Qərbdən qrantı birbaşa almaq imkanında olacaq

İsa Qəmbərov:


Çoxuyla tüpürdüm ilqara belə,

Düşdüm qəm-kədərə qübara belə,

O gün mən demişəm Sərdara belə,

Başqanlıq postuna mən getməyəcəm.


Arzu Səmədbəyli:


Bu yöndə qurumda tarif seçilsə,

Sənaye şöbəsi, maarif seçilsə,

Başqan Qubad, ya da Arif seçilsə,

Heç də qərargahdan şən getməyəcəm.


İsa Qəmbərov:


Dəryadan o yana axmaqdan bezdim,

Ağıllı görünən axmaqdan bezdim

Sozalmış üzlərə baxmaqdan bezdim,

Həmkar yetkiliyə tən getməyəcəm.


Arzu Səmədbəyli:


Hazırda İsayçün girməyə kol yox,

Sağa meyilliyəm, mənimçün sol yox,

Başqanlıq eşqindən geriyə yol yox,

Düşsə duman, çiskin, çən getməyəcəm.


İsa Qəmbərov:


Məni qınamaqda qohum-qardaşım,

Bu məsələdə çox ağrıyıb başım,

Artıq qocalmışam, keçibdi yaşım,

Düşübdü başıma dən getməyəcəm.


Arzu Səmədbəyli:


Bəlkə bir nəticə vermədi səyim,

Ali yığıncaqda pisləndi rəyim,

Mümkün ki, arzuma heç yetişməyim,

Çıxmasa da yuxum çin, getməyəcəm.


İsa Qəmbərov:


Təklifi çox yumşaq, ya da ki, bərk et,

Yaxud boss puluna Qərbi şərik et,

İstər başqanlığa məni təhrik et,

Noxtala, belimə min, getməyəcəm.


Arzu Səmədbəyli:


Kim dedi qəlbini bir yoluğa aç,

Qarmağına düşən o balığa aç,

Sən özün ağzını yaxşılığa aç,

Ya da xoşqılıq din, getməyəcəm.


İsa Qəmbərov:


Ürəyim nisgildən dağlanıb artıq,

Düzdü, qarnım, ardım yağlanıb artıq,

Başqalıq yolum da bağlanıb artıq,

Təklif et əlli, yüz, min getməyəcəm.


Arzu Səmədbəyli:


Mənə həmkarların artır hörməti,

Tökməz kütlələr də canımdan əti,

Başqanlıq mövqemdə niyyətim qəti,

Qaytarmaz məslək, din, getməyəcəm.


İsa Qəmbərov:


İsa bəy özü də düzümdən düşüb,

Zəif Müsavat da dözümdən düşüb,

Başqan vəzifəsi gözümdən düşüb,

Qrant versə də Çin, getməyəcəm.

Arzu Səmədbəyli:


İsa da qaytarmaz sərhəddən məni,

Heç kəs də çıxarmaz bu həddən mən,

Dödərmək çətindi məqsəddən məni,

Aldatsa şeytan, cin, getməyəcəm.


İsa Qəmbərov:


İstəsən başqan ol sən üzüyola,

Ataram postumu şən, üzüyola,

Getsəm, gedəcəyəm mən üzüyola,

Heç vaxt qəlbimdə kin, getməyəcəm.


Arzu Səmədbəyli:


Olmaq istəməsən əgər sən zökəm,

İsaya deyərəm, gəl mənə söykən,

Sədr kürsüsündə oturram möhkəm,

Postda cıraram şin, getməyəcəm.


İsa Qəmbərov:


Yazıqdı, kim düşsə belə cənnətə,

Salmaq istəyirlər məni sünnətə,

Qəbirdən dirilib mənə minnətə,

Gəlsə də Üsamə bin, getməyəcəm.


Arzu Səmədbəyli:


Ay İsa, bayıra çıx, xeyli haylan,

Hələ də tükənmir başqanlıq laylan,

Başını qaldırıb göylərə boylan,

Ya da ki, yerə sin, getməyəcəm.


İsa Qəmbərov:


Havada yellətmə nahaq qolunu,

Çox yaxşı bilirəm bunun yolunu,

Qəbul etməliyəm Qərbin pulunu,

Salsan da sən səs-küy, ün getməyəcəm.


Arzu Səmədbəyli:


Bossları marıqda yatıb güdərəm,

Pulçün Ermənistan deyib gedərəm,

Qrantı özüm də qəbul edərəm,

Lap yerdən yerə en, getməyəcəm.


İsa Qəmbərov:


Postumu sizlərə ötürəm desəm,

Gənclərə mən güzəşt edirəm desəm,

Nə qədər yalandan gedirəm desəm,

Məndə qalındı gön getməyəcəm.


Arzu Səmədbəyli:


Ay İsa, sən yenə danışdın qəliz,

Qurultay səni də eyləyər silis,

Elə ki, bu postda oturdum səlis,

İstəyir geri dön, getməyəcəm.


İsa Qəmbərov:


Yeni namizədlər qalıb pis gündə,

Vurub ayağına zaman bir kündə,

Bineyi-qədimdən olmuşam öndə,

Yenə də olaram ön, getməyəcəm.


Arzu Səmədbəyli:


Olmaram heç zaman "Yurd" Əli kimi,

İsa zor göstərir lap dəli kimi,

Posta yapışaram məni zəli kimi,

İstəyir alış, yan, sön, getməyəcəm.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər