PDF Oxu

Köşə

  • 908

Özlərini “as lider” adlandıranlar Əli Əliyevin qəniminə çevriliblər

image

Əli Əliyev:


Göylə əlləşirlər, basırlar qaza,

Hər biri özünü qoyubdu naza,

Müştəbehlər yığıb məni boğaza,

İsa, Əli, Sərdar, İqbal bezdirib.


İqbal Ağazadə:


İş icra edirik, müşkül etmirik,

İşi yarıdırıq, biz kül etmirik,

Guya biz birliyi təşkil etmirik,

Bizi "VİP" Əli tək naxal bezdirib.


Əli Əliyev:


Kəfən axtaranlar, ölmürsən desən,

Hırıltı salarlar, gülmürsən desən,

Bunlara birləşə bilmirsən desən,

Deyirlər ki, bizi mahal bezdirib.


İqbal Ağazadə:


Tas da həmin tasdı, hamam o hamam,

Bu yerdə uğunub gedərdi "Madam",

Başımız-beynimiz gedibdi tamam,

Əli tıqqıldadan qaval bezdirib.


Əli Əliyev:


Sifət yumruqlansa, diş görən deyil,

Biri bir görərlər, beş görən deyil,

Demişəm ki, bunlar iş görən deyil,

Bellərində dolu çuval bezdirib.


İqbal Ağazadə:


Çox da fəal deyil gərgin əməkdə,

Yaman mahirləşib boş söz deməkdə,

O, bizi qınayır iş görməməkdə,

Konkret arqumentsiz sual bezdirib.


Əli Əliyev:


Sanki gözləyirlər bir edam aktı,

Sünidi bunların ərincək taktı,

Günahkar deyiləm, demişəm faktı,

Məni beyinləri oval bezdirib.


İqbal Ağazadə:


Qrantdı problem, heç də tibb deyil,

Onun partiyası heç də KİV deyil,

Yanlış faktı ilə obyektiv deyil,

"VİP" Əli çəkdiyi misal bezdirib.


Əli Əliyev:


"İP"-də ab-havada sərxoş ətalət,

Sezilir çöhrədə meyxoş ətalət,

Onları basıbdı naxoş ətalət,

Bunları bir naxoş əhval bezdirib.


İqbal Ağazadə:


Əli pis adamdı, çözüm vermişdim,

Ona əzm, mətanət, dözüm vermişdim,

Yemək pulunu da özüm vermişdim,

Onunla yediyim yağ-bal bezdirib.


Əli Əliyev:


Çatışmayan şey çox, bir kəfən deyil,

Hamısı dərdlidi, heç də şən deyil,

Bu "bəy" əfəndilər iş görən deyil,

Bunlardan bezəni dərhal bezdirib.


İqbal Ağazadə:


Məntiqi bayağı, sözü bayağı,

Bizim aramızda yoxdu dayağı,

O qədər tərpənmir əli-ayağı,

Məni əldən-dildən topal bezdirib.


Əli Əliyev:


Yalançı həvəslər dəniz tək daşıb,

Bu "bəy" radikallar həddini aşıb,

Hər biri puç xülya içində çaşıb,

Məni Qərb, onları Şimal bezdirib.


İqbal Ağazadə:


Bəd tikə boğazda qalıb ilişib,

Onu rədd etməli, bu mövzu bişib,

Artıq hamımızın başımız şişib,

Məni bu "VİP"-dəki şümal bezdirib.


Əli Əliyev:


Daha məzlumdular bir qarnı toxdan,

Hər biri çıxıbdı çoxdan var-yoxdan,

Ayaq üstədilər, ölüblər çoxdan,

Şişkin beyinləri pamal bezdirib.


İqbal Ağazadə:


Bizi dəstəkləyən kütlə, xalq olub,

Bədnamın son sözü bizə qalx olub,

O, söz deyib, ovqatımız təlx olub,

Bizləri bu çürük amal bezdirib.


Əli Əliyev:


Ancaq özlərini kamil sanırlar,

Yalnız qrantverən bossu anırlar,

Nə kütlə qanırlar, nə xalq qanırlar,

Kütlələri çürük dörd val bezdirib.


İqbal Ağazadə:


Onunçün düzəldə hazırdı tiyan,

Anlamır sözünü, olubdu piyan,

Sözüylə bizlərə vurubdu ziyan,

Bizləri bu seyrək kamal bezdirib.


Əli Əliyev:


Ayağa geyilməz lüzumsuz corab,

Corab xislətlilər, gətirirlər tab,

Dördü də sərsəmdi, başları xarab,

Məni o gözləri qumral bezdirib.


İqbal Ağazadə:


Məhvə sürükləyir bizi bu ziyil,

Bizim içimizdə sərsəm bir ceyil,

Əli sir-sifətdən mükəmməl deyil,

Bizləri eybəcər camal bezdirib.


Əli Əliyev:


Hər biri bədheybət timsallılardı,

Zurna-balabanlı, qavallılardı,

Bunların dördü də zavallılardı,

Düzü, məni bu cür zaval bezdirib.


İqbal Ağazadə:


Sonda sərt hücuma gərək dözə "VİP",

Daim kül üfürüb güncdən gözə "VİP",

Pis nümunə olub, vallah bizə "VİP",

Bizi bu nümunə, timsal bezdirib.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər