Rauf Arifoğlu:
Əli "Yurd" cəbhəsi qəfəsindədir,
Murdarlıq İsanın nəfəsindədir,
Hər bir "bəy" liderlik həvəsindədir,
Radikal durumda didişmə artıb.
Qabil Hüseynli:
Qərb qrantlarını bizə yaladır,
Didişmə kənardan gələn bəladır,
Bizim içimizdə hər şey əladır,
Sadəcə, bir qədər gicişmə artıb.
Rauf Arifoğlu:
İfrata bəxş edib bunu Yaradan,
Biri seçə bilmir ağı qaradan,
Burada sabitlik qalxıb aradan,
Təlatüm, ixtilaf, icəşmə artıb.
Qabil Hüseynli:
Əli də "Yurd"unda erkən durubdu,
İsa da pislərlə əhdi qırıbdı,
Qrant məbləğini Qərb artırıbdı,
Avrolar, dramlar- gur çeşmə, artıb.
Rauf Arifoğlu:
İsa yalançıya olsun ayıblar,
Əliyə kütlə çox verdi qayıblar,
Ayaqlar altını çox qazıyıblar,
Odur ki, özünə gor eşmə artıb.
Qabil Hüseynli:
"İP" də, Müsavat da cağbacağ, abad,
Bizdə yox əskiklik, nə də tələfat,
Pulsuzluq yaradıb ciddi tələbat,
Həmkarın cibini tək deşmə artıb.
Rauf Arifoğlu:
Bol məhsul yetişir indi bu bağda,
Yardımı axtaraq gərək biz Haqda,
Yetkilinin çoxu arıqlamaqda,
Lider qarınında köp, şişmə artıb.
Qabil Hüseynli:
Bosslar istəyir ki, ciddi iş görək,
Bizlərə həmişə Qərb verir çörək,
Xeyli xoş əməldən sıxılmır ürək,
Qaysaqlı yarada xılt, bişmə artıb.
Rauf Arifoğlu:
Mənim qəzetimin çapı açıqdı,
Bizə dəyən balta sapı açıqdı,
Burdan gedənlərə qapı açıqdı,
Saralan yarpaqtək sərt düşmə artıb.
Qabil Hüseynli:
Bizlərə gülməkdə boss üzü belə,
Eşələyən azdı od-közü belə,
Artıq bağlanıbdı "Yurd" özü belə,
Müsavata, "İP"-ə üzv keçmə artıb.
Rauf Arifoğlu:
Problem yoxdusa, giley qalmayıb,
Viski, araq, çaxır, saf mey qalmayıb,
Müsavatda yaxşı bir şey qalmayıb,
Qab dolu qəm-qübar, dərd içmə artıb.
Qabil Hüseynli:
Pulu Qərb bossundan almaq istəyir,
"Bəy" dadaş postunda qalmaq istəyir,
İsa da namizəd olmaq istəyir,
Başqanlığa layiq sayseçmə artıb.
Rauf Arifoğlu:
Quru dollarını a boss, nəmişlə,
Uzağa getməzsən ifrat Məmişlə,
İsanın əlində olan qəmişlə,
Boyunları ölçmə və biçmə artıb.
Qabil Hüseynli:
Bu yerə qısalıb dəstək verən əl,
Hər yerindən duran "bəy"ə vurur pəl,
Başlıca peşəmdi burada var-gəl,
Sağ-sola getməklə həm ölçmə artıb.
Rauf Arifoğlu:
Rəqiblər boylanır küncdən, dalandan,
Yaman qürrələnir qrant alandan,
İsa bəy boş yerə hay-küy salandan,
Radikal durumda hürüşmə artıb.
Qabil Hüseynli:
Həmişə özündən razı qalsa da,
İsa bəy araya dava salsa da,
Dediyinə görə az pul olsa da,
Qərbli serlər ilə görüşmə artıb.
Rauf Arifoğlu:
Çəkdikcə içinə pis nəfəsini,
Büruzə verdikcə pul həvəsini,
İsa qabartdıqca öz sinəsini,
Müsavat içində gəlişmə artıb.
Qabil Hüseynli:
Başqan əldən vermir səy bölgüsünü,
O, əsas tutmaqda vəhy bölgüsünü,
İsa sevməsə də rəy bölgüsünü,
Həmkarla fikrini bölüşmə artıb.
Rauf Arifoğlu:
Qrant qazanaraq şişdikcə İsa,
Bossun qazanında bişdikcə İsa,
Meymun obrazına düşdükcə İsa,
Radikal durumda gülüşmə artıb.
Qabil Hüseynli:
İsa dövrü üçün yetib ərəfə,
Mən də tost demişəm məhz bu şərəfə,
Yol yoxdu başqandan əks tərəfə,
İsa bəy tərəfə sürüşmə artıb.
Rauf Arifoğlu:
Onun yekə başı, əli xınalı,
O, dollar atalı, avro analı,
İsa getməmişdi, bu, birmənalı,
Artıq köhnələrdə ilişmə artıb.
Qabil Hüseynli:
Biri Sabirabad, biri salyanlı,
Başqan beynilmilər, özü hər yanlı,
Hazırda İsanın ağzı qəlyanlı,
Ətrafında bığları eşmə artıb.
MİRZƏ QƏRƏNFİL