Əli Kərimov:
Bizim "Azadlıq"da güclüdü yayım,
Məndə casus kimi nəzarət qaim,
Gözüm "Azadlığ"ın üstündə daim,
Nəzarət, nəzarət, yenə nəzarət.
Qabil Hüseynli:
Gedib boss qabını yalarsa əgər,
Xarici əmlakı talarsa əgər,
Kim bizə bəd nəzər salarsa əgər,
Həqarət, həqarət, yenə həqarət.
Əli Kərimov:
Kibriti çəkərəm həzin İsaya,
Tökərəm beş litr benzin İsaya,
Hücum etmək üçün sizin İsaya,
Tapmışam özümdə böyük cəsarət.
Qabil Hüseynli:
Yaşadın papağı yerə soxaraq,
Töküldü cibinə qrant axaraq,
Satdın vətənini Qərbə baxaraq,
Sənin siyasətin oldu ticarət.
Əli Kərimov:
İsadı bizləri eyləyən pamal,
Qrantı almalı, yox başda kamal,
Mən yalnız arabir vurmaqdayam xal,
İsadı oxuyan Qərbdə nəqarət.
Qabil Hüseynli:
Eynəyi fırladıb gözünə tərəf,
Yönəltdin başqanı izinə tərəf,
Çəkib bosslarını özünə tərəf,
İsanı bu yolla sən etdin qarət.
Əli Kərimov:
Qrantın dadını dilinə verdi,
İsa da ayını ilinə verdi,
Qəzeti Raufun əlinə verdi,
Özüm "Azadlığ"ı etdim qiraət.
Qabil Hüseynli:
İsadı toplayan əsas balları,
Sənin kimiləri onun qulları,
Yalnız İsadadı Qərbin pulları,
Qəzetdən qurardı sənə imarət.
Əli Kərimov:
Qəzeti başqanı sıxıb, qocaldıb,
O da siyasətdə çürüyüb, qartıb,
"Azadlıq" başımı göyə ucaldıb,
Liderlik edibdi mənə sirayət.
Qabil Hüseynli:
Meşədə şir-şür yox, lisa hökmran,
Sən öz partiyanda qısa hökmran,
"Yeni Müsavat"da İsa hökmran,
Sən öz qəzetini eylə ziyarət.
Əli Kərimov:
Xaric az verməkdə bizə qiymətlər,
Zülmətə aparır bizi niyyətlər,
Çoxdu ikimizdə xüsusiyyətlər,
İsada rəzalət, məndə dəyanət.
Qabil Hüseynli:
Min cildə düşdün sən həftədə, gündə,
Dedin İsa pisdi bucaqda-tində,
Nifrinlər yağdırıb öz qəzetində,
Sən etdin şefimə daim xəyanət.
Əli Kərimov:
Mənə kömək edər bu qadir Allah,
Pənah da gətirər bir mənə Pənah,
Əli istefaya gedir, inşallah,
Mənimdi küçələr, meydan, siyasət.
Qabil Hüseynli:
Meydanda İsaya sən yekə pazdın,
Mtinqdə, piketdə yolunu azdın,
İsa ayağının altını qazdın,
Olacaq nəsibin pislik, riyazət,
Əli Kərimov:
Qərbdən qrant qıran qanadlı quşam,
Sənin başqanınçün sərt qarlı qışam,
Qəzetdə yazımda səhv buraxmışam,
İsa törədibdi çoxlu cinayət.
Qabil Hüseynli:
Başqan siyasətdə yetkin, sənsə kal,
Gözünü bərəldib baxardın mal-mal,
Çəkilib durardın bir bucaqda lal,
İsa göstərərdi ancaq şücaət.
Əli Kərimov:
Düzgün mövqeyinə nəhsliklər edib,
Düz söz söyləmişəm, tərsliklər edib,
O, mənə nə qədər pisliklər edib,
İndinin özündə çəkmir xəcalət.
Qabil Hüseynli:
Qəzetin nə sənə, nə bizə qala,
Dediyin sözləri təkrar az yala,
Özünü salmısan eybəcər hala,
Əcəba, özün de, Əli, nə halət?
Əli Kərimov:
Müsavat dumanım, çənim olacaq,
Xaric başqanına qənim olacaq,
Həmişə "Azadlıq" mənim olacaq,
Sizin qəzetiniz mənə qənimət.
Qabil Hüseynli:
Qabil də axtarıb-itənin deyil,
İsa bəy süfrəni güdənin deyil,
Müsavat heç zaman düşmənin deyil,
Acı sözlər demə, məndən əmanət.
Əli Kərimov:
Ürəyim bulanır, həm mədəm basır,
Sizin Müsavatı dərd-sitəm basır,
İsa hansı yerə nəhs qədəm basır,
Fəlakət üstünə gəlir fəlakət.
Qabil Hüseynli:
Bilirəm, qamətin olduqca zərif,
Özünü lider tək eyləmə tərif,
Başını o qədər dik tutma, hərif,
İnşallah, "Yurd"unda qopar qiyamət.
Mirzə Qərənfil