PDF Oxu

Köşə

  • 1 086

Xəstəliyinizi gənclərə bulaşdırmayın

Xəstəliyinizi gənclərə bulaşdırmayın

Gənclik bir dəfə yaşanar. Bir kərə yaşanar, amma bəzən insanların səhvi ucbatından hədər keçir bu qızıl illər. Hazırda ahıllıq dövrünü yaşayan baba və nənələrimiz, ya da ana və atalarımız da bir vaxtlar bizim kimi gənc olublar. Yaşlana biləcək qədər ömrümüz varsa, bir müddət sonra biz də onlar kimi qocalacağıq. O zaman isə hədər keçirdiyimiz vaxtımız, arxasından qaçdığımız xəyallarımız üçün dərin bir üzüntü və peşmanlıq hissi keçirəcəyik.


Şəhərdəki parklarda, kənd çayxanalarında əli ilə tutduğu çəliyinə çənəsini söykəyərək, ətrafı seyrə dalan yaşlı insanlar gəlir ağılıma. Gəlişini istəməsə də, çarəsiz ölümü gözləyir. Hərçənd, ölüm üçün maraqlı deyil, onu gözləyən var, ya yox. Çünki yeni doğan bir körpənin doxsanına nərdivan dayamış bir ixtiyardan daha çox yaşayacağına heç kim zəmanət verə bilməz.

Gənclik illərində vaxtın keçmədiyini düşünürük. Sürətlə qalxmağa çalışırıq ömür yoxuşlarını. Zirvəyə can atırıq, həmişə zirvədə olacağımızı sanırıq, bəzən yüyürdüyümüz yolun doğruluğuna inanırıq. Sonra görürük ki, iş zənn etdiyimiz kimi deyil.

Ötən bazar günü bir qrup gənc Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirdi. Müxalifətin möhtəşəm adlandırdığı bu "yığıncaq", əslində, gözləniləndən də sönük keçib. Hətta gənclər arasında dava da düşüb.

Gəncliyin duyğuları qabarıq və həyəcanlıdır, cəsurdur, daha istəklidir. Amma nə istədiyini bilməlidir. Kimin arxasında, kimin yanında olduğunu dərk etməlidir. Sizi meydanlara çağıran kimlərdir? Onların keçmişini vərəqləyin, diqqətlə baxın. Bu işlərdən sizlərə fayda yoxdur. Sərnişini olduğunuz gəmini şər qüvvələr idarə edir və o yüksək dalğalara tab gətirəcək gücdə deyil. Bu gəmi ilə sığınacağınız bir liman tapa bilməyəcəksiniz. Kor-koranə, mənasız məqsədlərin alətinə çevrilmək sizi istəmədiyiniz nöqtələrə sürükləyər, hər cür fəlakətin içinə çəkər.

Şərin ən böyük hədəfi gənclərdir. Çünki gənclik potensial bir gücdür. Ailəsinə, millətinə, milli dəyərlərinə bağlı, təhsilli, müvəffəqiyyətli, əxlaqlı, ədəbli, tərbiyəli, kimsəsizlərə, yoxsula əl uzadan bir gənclik olun.

Gəncləri yetişdirib, öyrətmək lazımdır, səhv yola yönəltmək yox. "Bəylər", xəstəliyinizi gənclərə bulaşdırmayın!

Digər xəbərlər