Deyilənə görə, İsa Qəmbərov Müsavatın başqanı postunda qalmaq niyyətindən daşınıb. Onun bu niyyətini başa düşən xeyli Müsavat funksioneri bu posta diş qıcamağa başlayıb. Əslində isə, İ.Qəmbərov heç də başqanlıqdan getmək niyyətində deyil. Ancaq inersiya ilə hərəkət edən onlarla Müsavat yetkilisi İ.Qəmbərovun bu posta layiq olmadığı niyyətində israrlıdır. Yəni onlar başqanlıq niyyətindən əl götürmək fikrini özlərinə yaxın buraxmaq istəmirlər. Hamısı birlikdə və hər biri ayrılıqda İ.Qəmbərovun başqanlıq postundan getməsini istəyirlər. Bu yolda böyük qurban da verməyə hazır olduqlarını bildirirlər. Bununla bildirmək istəyirlər ki, İ.Qəmbərovun gedəcəyi halda, hər biri öz məxsusi yerini istənilən yarıtmaz müsavatçıya güzəştə gedə bilərlər. Başqanlıq postu uğrunda mübarizəyə qalxanların yeganə istəkləri İ.Qəmbərovun qurultayda başqanlıq postundan getməsinin təmin olunmasıdır. Vəssalam!
Qoy xəyalpərvərlər bu istəkləri ilə yaşasınlar, görək, İ.Qəmbərov nə fikirləşir? Əlbəttə, İ.Qəmbərov başqanlıq postu ilə vidalaşmaq xülyasından əsla əl çəkməyib. Elə bu səbəbdən də qurultayın vaxtını fəsilbəfəsil uzatmaqdadır. Ancaq o, arabir Müsavatın lideri olmaq istədiyini dilə də gətirir. Sonra başqanlığa çoxsaylı namizədlər arasında təfriqə salmaq üçün özü Müsavat başqanı postuna məxsusi namizədlər irəli sürməyə başladı. Gah dedi ki, bu posta Arzu Səmədbəyli layiqdir, gah da Qubad İbadoğlunun namizədliyi üzərində dayandığını bildirdi.
Namizədlər siyahısı get-gedə şişdi-şişdi və bir neçə dəfə qovuq kimi partladı. Ancaq bu məsələ bu gün də Müsavatın gündəliyində qalmaqdadır və heç cür çözülüb başa çatmır. Bu gün estafet Arif Hacıyev-Pənah Hüseynov duetinə ötürülüb. P.Hüseynov AXP lideri kimi heç vaxt Müsavat funksioneri olmasa da, bir vaxt parlamentdə Müsavatın deputat qrupuna başçılıq etmişdi. Buna görə də özünü başqanlıq postuna yeganə layiqli namizəd hesab edir. A.Hacıyev isə Müsavatın icra aparatının sədri kimi P.Hüseynovu rəqib gözündə görmədiyini bildirir. P.Hüseynov isə tərəfdarlarının diqqətini "ideya generatoru" olmasına yönəldir və bu sahədə A.Hacıyevdən qat-qat yüksəkdə durduğunu vurğulayır. Xülasə, qarşılıqlı ittihamlar get-gedə daha da kükrəməkdədir.
Müxalifət analitikləri hadisələrin bu cür gedişinin hər iki namizədə xoş heç nə vəd etmədiyini bildirirlər. Münaqişənin başqa səmtə yönəlməyəcəyi təqdirdə, Müsavatda ikitirəliyin yaranacağı gözlənilir. Ancaq belə bir məlumat da yayılıb ki, iki nəfərin qarşıdurması üçüncü bir namizədin fürsətdən istifadə edəcəyini şərtləndirir. Müsavatda bu cür "üçüncülər"in sayı kifayət qədər çoxdur. Fürsətdən hansının yararlanacağını isə heç kəs bilmir. Bir çoxları iki nəfərdən birinin namizədliyinin gerçəkləşəcəyinə daha çox ümid edir: İ.Qəmbərov və ya A.Hacıyev.