Demokratiya deyilən mədəniyyət sifarişlə, ixracatla gəlmir. Çəkincə uzanmır, silah gücü ilə olmur, reseptlə alınmır, diktatoru döyməklə, öldürməklə də olmur. Çünki demokratiya məşəqqətli bir mədəniyyətdir. Misal üçün İraq... Demokratiya "gətirmək" üçün "gəldikləri" İraq nə vəziyyətə düşdü?
ABŞ yavaş-yavaş çəkilir. Bağdad isə, demək olar ki, partlamağa hazır bir bombaya çevrilib. Sünnilər şiələrlə bir-birilərinin qanlarını axıdırlar. Kürdlər daha sərt mövqe nümayiş etdirirlər. Bərzani "Müstəqil kürd dövləti" deyir. Kim deyə bilər ki, İraq xalqı demokratiya istəmir. Hər seçkidə terrorun, sui-qəsdlərin ölümcül təhdidinə baxmayaraq, bu xalq öz səsini verir.
"Facebook"un Təhrir meydanı üçün "azadlıq panosu"na çevrildiyini gördük. Virtual aləm gerçək dünyadakı diktatorlara qarşı demokratik bir cəbhədə birləşdi. Yaxşı, bütün bunlar baş verdi, sonra nə oldu? Nəticələrə, əsil həqiqətlərə baxaq.
Bu coğrafiyanın insanları olan ərəblər indi ağır vəziyyətdədir. İnsanlar indi dərk edirlər ki, qan çanağına dönmüş bir "bahar" üçün mübarizə aparıblar. Dünyada bir "uçurum səssizliyi" var. Mübarək iqtidarı dövründə Təhrir meydanında baş verənlərə göstərilən reaksiya və media marağı indi yoxdur. İraqda hər gün onlarla insan ölür. Qahirədə qadınlar meydanlarda işgəncələrə məruz qalır. Dəməşqdə qardaş qardaşı qətlə yetirir. BMT-dən istənilən müdaxilə edilmir. ABŞ isə öz maraqlarının peşindədir. İslam Konfransı həmişəki kimi çarəsizdir.
Bəs indi nə oldu? Yaxşı, diktatorlar getdi. Amma bu dəfə də səriştəsiz "iqtidar" gəldi. İraqdan Dəməşqə, Tripolidən Yəmənə, oradan Qahirəyə qədər qan axmaqda davam edir. Yəni bu "gözyaşı coğrafiyası"nda demokratiya heç cür bərqərar olmur. Məzhəb qarşıdurmaları hər gün onlarla can alır.
Əsas sualın üstünə gələk. Ərəb baharı bitdi, bəs demokratiya?..
"Azadlıq" qəzetində radikal müxalifətin keçirəcəyi mitinqə istinad edən "Milyonların şərəf günü - 8 aprel" başlıqlı yazı dərc edilib. Sözün açığı "Azadlıq" qəzetində Azərbaycan əleyhinə təbliğat kampaniyası aparılması məni təəccübləndirmir. "Azadlıq" qəzetinin, əslində, kimlərin maraqlına xidmət etdiyi heç kəsə sirr deyil. Qəzetdə dərc olunan məlumatlardan düşmənlərimiz də geninə-boluna istifadə edirlər. Yalnız bu qəzetdə yazılanlara inanan, onlardan təsirlənən bir qrup vətəndaşımıza heyfislənirəm.
Uzun illər "məğlubiyyətlər seriyası" davam edən ideoloji-siyasi cəhətdən yetişməmiş, milli maraqlar qarşısında məsuliyyət hissi daşımayan, xalqdan və onun problemlərindən uzaq düşən, hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olan, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verən radikal müxalifətə, onun liderlərinə hələ də inanan bir qrup insanıma yazığım gəlir. O "liderlərin" iddiaları ilə imkanları heç zaman bir-birinə uyğun gəlməyib. Radikal qüvvələrin bir illik uğursuz hakimiyyət illəri hələ unudulmayıb. Həmin ağır dönəmdə naşı siyasətçilərin yarıtmaz fəaliyyətləri nəticəsində ərazilərimizi itirdik. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü xalq yaxşı tanıyır. Aprelin 8-də mitinq keçirəcəyini bəyan edən radikal müxalifətin budəfəki cəhdi, öncəkilər kimi uğursuz olacaq. Onların arxasınca getmək istəyənlər gec-tez yanlış yolda olduqlarını dərk edəcəklər. Biz xarici güclərin Azərbaycanda hansı "demokratiya" istədiklərini yaxşı bilirik. Çünki onların Yaxın Şərqdəki "baharının" ərəblərə nələr gətirdiklərini, hansı fəsadlar törətdiyini ötən bir il göstərdi. Bu fəsadların nəticəsi isə gələcək 15-20 ildə bəlkə aradan qaldırıla bilər. Yaxşı ki, "liderlərin" ətrafında olan insanların sayı gün keçdikcə azalır və onlar həqiqəti anlamağa başlayırlar.
Cəmiyyətə mitinq deyil, inkişaf lazımdır. Azərbaycana "demokratiya" gətirmək istəyən qüvvələr bir şeyi dərk etməlidir: "Azərbaycan xalqı yalnız təbiətin gətirdiyi baharı təmtəraqla qarşılayır".