Etibar Məmmədov:
Aya nəhs hürüşü təbliğ etmirik,
Lüzumsuz görüşü təbliğ etmirik,
Mitinqi, yürüşü təbliğ etmirik,
Bilirik ki, sonu iflas olacaq.
Pənah Hüseynov:
Doyunca tıxarıq küftə, aş olsa,
Polisə atarıq çoxlu daş olsa,
Mitinq genişlənib iğtişaş olsa,
Qəti mövqeyimiz qisas olacaq.
Etibar Məmmədov:
Razılığı "hə, da, yes" tək verərdik,
Mitinqə, yürüşə istək verərdik,
Ona qoşaəlli dəstək verərdik,
Bilsəydik, bu, ciddi əsas olacaq.
Pənah Hüseynov:
"İP" başına Qərb də səpərdi şəkər,
Əlbəttə, olsaydı vasitə digər,
Müsavat başqanı mən olsam əgər,
Radikalın sonu xilas olacaq.
Etibar Məmmədov:
Bosslara yapışan saqqız açdınız,
Əvvəl çox donoslu kağız açdınız,
Avropaya geniş ağız açdınız,
Yediyiniz ancaq gilas olacaq.
Pənah Hüseynov:
Anbara narıncı libas vururuq,
Daxili qurumda əsas qururuq,
İndi kütlələrlə təmas qururuq,
"İP"-in gələcəyi klass olacaq.
Etibar Məmmədov:
Abır-həya da yox, sizin tək fərddə,
Gördüm hamınızı kədərdə, dərddə,
Çox uduzmusunuz siyasi nərddə,
Uğursuz sonluqlu çox tas olacaq.
Pənah Hüseynov:
Gəl, elə səninlə vuraq viskini,
İçər bizim kimi durak viskini,
Əvvəl gilləndirib araq, viskini,
Üstündən içilən kvas olacaq.
Etibar Məmmədov:
Tutmuşuq AMİP-də biz qəti yolu,
Tapa bilmədiniz ən iti yolu,
Yəqin sizin "İP"in növbəti yolu,
Gilan, Mazandaran, Sivas olacaq.
Pənah Hüseynov:
Qərbdə də, bizdə də işləyir qafa,
Məqsəd odur biz heç çəkməyək cəfa,
Yenə də edərik biz əhdə vəfa,
Seçim də narıncı libas olacaq.
Etibar Məmmədov:
Dəryada sahilə çatan zamanda,
Bosslar cümlənizi atan zamanda,
İsanın qayığı batan məqamda,
Görünür, Əli də qəvvas olacaq.
Pənah Hüseynov:
Batdınız zülmətin tünd qarasında,
Titullu kəslərin biz sırasında,
Bizim "İP"-lə məlum Qərb arasında,
Pozulmaz, qırılmaz təmas olacaq,
Etibar Məmmədov:
Siz geridə qalan, biz qaza verən,
Son anda uduzar avaza verən,
Sizi siyasətdə güdaza verən,
"Hizbullah" olmasa, "HƏMAS" olacaq.
Pənah Hüseynov:
Buxarlanan su tək töküldün geri,
Duruş gətirmədin, əkildin geri,
Siyasi meydandan çəkildin geri,
Nəsibin əzablı, boş-bas olacaq.
Etibar Məmmədov:
Ən yüksək kürsüdə ona yer olub,
Daim adlı-sanlı mister, ser olub,
Etibar həmişə "as" lider olub,
Bundan sonra daim o, "as" olacaq.
Pənah Hüseynov:
Qərb durub arxada, ən uca dağıq,
Dövlətə qarşı biz asiyik, ağıq,
Tezliklə qiyamət qoparacağıq,
"İP"-in son mənzili plas olacaq.
Etibar Məmmədov:
Əzəldən bosslara nökərsiniz siz,
Daş-kəsəkli yolda sökərsiniz diz,
İnşallah, tezliklə çökərsiniz diz,
Yeni uğursuzluq miras olacaq.
Pənah Hüseynov:
Tapdın yaşamağın çəmin, adamsan,
Ancaq dost-tanışa zəmin adamsan,
Heç dəyişməmisən, həmin adamsan,
Dəstəkləyənlər də pis mas olacaq.
Etibar Məmmədov:
Hətta ayağınız ağır ayaqdır,
Zaman sizi bənd-bənd doğrayacaqdır,
"İP"-niz qəzaya uğrayacaqdır,
Yolda kələ-kötür trass olacaq.
Pənah Hüseynov:
Tənha qalacaqsan son anda ancaq,
Ətrafında fikir haçalanacaq,
AMİP-in bir daha parçalanacaq,
Nümunən özünə tam xas olacaq.
Etibar Məmmədov:
Hopdun boss cibinə zəlilər kimi,
Hayqırdın meydanda dəlilər kimi,
Adın İsa kimi, Əlilər kimi,
Siyasətdən uzaq şünas olacaq.
Pənah Hüseynov:
İşim yox istiylə, boran-qar ilə,
"İP"-də rastlaşmazsan fikri dar ilə,
Adımız dollarla, avrolar ilə,
Dramla, rublla cinas olacaq.
Mirzə QƏRƏNFİL