Yaxşı ki, bu radikal müxalifət məxluqlarının ətraflarına yuxularında gördükləri "10 min" adam toplaşmır. Yoxsa onlar həqiqətən də həmin "10 min"nin ucundan tutaraq, lap ucuzluğa qədər gedib çıxa bilərlər. Necə ki, onların hər biri ayrı-ayrılıqda özlərini onun-bunun qabağında ucuz qiymətə, hətta bir keçi qılına belə satıblar. Özü də bir-birilərinin ayaqlarının altını qazaraq, həm də üstəlik, "quyularda tələlər" qurublar. İstər hakimiyyətdə olduqları müddətdə. İstərsə də müxalifətdə olduqları 20 ildə.
CIRTQOZ
Vaxtilə müxalifət düşərgəsində fəaliyyət göstərən digər partiyalara - AXCP (i)-yə, Müsavata, "KXCP"-yə qarşı Azərbaycan Xalq Partiyasını (AXP) yaradan Pənah Hüseynov da məhz belələrindəndir. Bu həmin Pənahdır ki, ona baş nazir olduğu dövrlərdə iki ayama da düzüb-qoşmuşdular - qarpız Pənah və "inqilabçı" Pənah. Amma görünür, həmin ayamalar P.Hüseynova yaman azlıq edir və o da başlayıb həmin ayamaları müxalifət daxilində artırmağa - "Müxalifətin ruporu" Pənah, cırtqoz Pənah, və s. Ancaq məsələ təkcə bunda deyil. Yəni P.Hüseynovun müxalifət daxilində o qədər iddiaları var ki, artıq bu adam AXP-nin "liderliyini" bir kənara qoyaraq, başlayıb zamanında qarşılarına partiya çıxardığı adamların yanında ora-bura gedib-gəlməyə, yəni Müsavatda İsa Qəmbərova, AXCP (i)-də isə Əli Kərimova yalmanmağa. Çünki başqa yerlərdən dövlətçilik maraqlarını sataraq qazanc əldə etməyə "gücü" yoxdur. Həmin "güc" isə adları hallanan partiya sədrlərində kifayət qədər var. Və bu gün sanki P.Hüseynov müxalifət düşərgəsinin ən "pak" nümayəndəsidir və hakimiyətə gəlməkdən ötrü müxalifətin digər "liderləri" ondan yararlanmasalar çox şey itirəcəklərmiş (?!) Amma necə deyərlər, heç kim və heç nə unudulmayıb. Və həmin unudulmaz anları P.Hüseynovun yadına salmağı qarşıma məqsəd qoyaraq, keçirəm əsas mətləbə. Həmin mətləbə ki, o mətləbin arxasında həqiqətlər, reallıqlar dayanıb.
MAMEDOV "KLİÇKALI" AGENT
Bu gün müxalifət tribunasına çıxıb var səsilə müxalifət adından çığıran P.Hüseynov və onu dəstəkləyən müxalifətçilər unutmamalıdır ki, o, 90-cı illərin sonlarında şəxsən "Xalq Cəbhəsi"nin pullarını mənimsəyərək qaçmışdı. P.Hüseynov həmin pulları oğurladığına görə, hətta "cəbhə" kuluarlarına buraxılmamışdı. Hətta bununla bağlı AXCP Ali Məclisin xüsusi qərarı da olmuşdu. Həmin qərarı isə bilavasitə Əbülfəz Elçibəy öz partiyadaşlarına tövsiyyə etmişdi.
Bir zamanlar İsgəndər Həmidov da müxtəlif faktlara əsaslanaraq, mətbuatda da yazmışdı ki, P.Hüseynov "KQB" agentidir, "kliçkası" da Mamedovdur.
Daha bir fakt isə ondan ibarətdir ki, P.Hüseynov baş nazir olarkən özünə aid qeyri-qanuni "qarpız vergisi" müəyyənləşdirmişdi. Həmin vergi isə bazarlarda ticarət edən sadə vətəndaşlardan alınırdı. Vergi verməyənlər isə sərt şəkildə cəzalandırılırdı. Bəli, məhz bu idi P.Hüseynovun "demokratik hakimiyyəti". Görünür, həmin zamanlar ona qarşı üsyan edənlərin qoçuları tərəfindən döyülməsi, həbs olunmaları da yadından çıxmayıb P.Hüseynovun. Əgər belədirsə, onda kimlərdəsə səhv axtarmağa lüzumu yoxdur. Əgər özünü "pak" adam hesab edirsə, qoy gedib öz səhvini müxalifət mitinqlərində etiraf etsin. Daha artistlik etməyin yeri yoxdur!